AZ EN RU

Əsrin faciəsi-Xocalı!

26 fevral 1992-ci il Azərbaycan xalqının qan yaddaşına daha bir faciə-əsrin faciəsi hesab edilən Xocalı faciəsi yazıldı. Həmin gün bəşəriyyət heç bir zaman insanlıq tarixində rast gəlinməyən bir faciəyə rast gəldi. Aylarla mühasirə vəziyyətində yaşayan Xocalının dinc əhalisi azğın düşmən tərəfindən amansızlıqla qətlə yetirildi, şəhər yer üzərindən silindi. Tarix heç bir zaman azyaşlı uşaqların, ahıl qadın və kişilərin başlarına gətirilən belə bir faciə ilə üzləşməmişdi. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir...”.

Bizim dönə-dönə qeyd etdiyimiz kimi, Azərbaycan xalqının XX əsr boyunca başına gətirilmiş faciələrin, soyqırım harisələrin kökü hələ vaxtilə Osmanlı dövlətini parçalamaq, geniş ərazilərini bölüşdürmək məqsədilə ortaya atılmış “Şərq məsələsi” deyilən bir məsələnin reallaşdırılması məqsədi ilə ortaya atılan “erməni məsələsi” ilə sıx bağlıdır. Uzun illər Osmanlı dövləti tərkibində dinc, əmin-amanlıq şəraitində yaşayan, heç bir zaman malik olmadıqları hüquq və azadlıqlara malik olan, dinləri və dilləri mühafizə edilən, lakin dövlətin zəifləməsi ilə xəyanət yolunu seçən ermənilər parçalanacaq, bölüşdürüləcək Osmanlı torpaqlarında özlərinin dövlətini yaratmaq məqsədilə türklərə qarşı qırğınlar törətməyə başlamışdılar. Osmanlı dövlətinin bir sıra vilayətlərində-Vanda, Muşda, Ərzurumda, Zeytunda, Sasunda türk hakimiyyəti orqanlarına qarşı silahlı qiyamlar baş verdi. Ermənilərin millətçi-separatçi hərəkatına rəhbərlik etmək üçün həm Rusiya, həm də Osmanlı ərazisində gizli dərnəklər, cəmiyyətlər yaradıldı. Qərb diplomatiyasının təsiri altında Türkiyə erməniləri arasında “müstəqil erməni dövləti” yaratmaq ideyasının yayılması da məhz bu dərnəklərin əsas məqsədi oldu. Lakin erməni millətçiliyinin fəallaşması dərnəklərlə məhdudlaşmadı. XIX əsrin sonlarında Qnçak, Daşnaksütyun kimi millətçi partiyalar yaradıldı. Osmanlı erməniləri üçün azadlıqlar tələb edən bu partiyalar Türkiyəni parçalamaq məqsədi güdən, Anadolunun altı şərq vilayətində “erməni muxtariyyəti” şüarını təbliğ etməyə başladılar. Məhz bu təbliğatın nəticəsi olaraq 1895-1896-cı illərdə Türkiyənin ermənilər yaşayan bir sıra bölgələrində-Ərzurumda, Sasunda, Vanda, Zeytunda, Trapezunda, Bitlisdə və  s. yerlərdə erməni ekstremistlərinin təkcə hakimiyyət orqanlarına deyil, sadə türk əhalisinə qarşı kütləvi terror hərəkətləri həyata keçirildi.

Lakin Türkiyədə erməni separatist-millətçi hərəkatı məğlub olduqdan sonra, bu hərəkatın ağırlıq mərkəzi Zaqafqaziyaya keçdi. Ermənilərlə müsəlman xalqının Osmanlı torpaqlarında tam bir harmoniya içində yaşadıqlarını, Qərb dövlətlərinin erməniləri Türkiyəni çaşdırmağa təhrik etdiklərini və onların erməni liderlərini qan tökməyə təşviq etdiklərini vurğulayan Karibi türklərin gördüyü tədbirlərin və atdıqları addımın təbii olduğunu bildirir. Karibi çox doğru deyir ki, Daşnak partiyasının mübarizəni Zaqafqaziyaya keçirməsi, əhalisi sülh və dostluq şəraitində yaşayan diyarın tarixində ən bədbəxt məqam sayılmalıdır…Burada dinc əhali heç zaman milli zəmində qanlı münaqişənin nə olduğunu bilməmişdir. Daşnaklar Ermənistanın gələcək muxtariyyatı üçün başdan-başa erməni ərazisi yaratmaq moizəsi ilə gəldilər, bununla Zaqafqaziya kəndinin patriarxal həyatına milli ədavət və nifrət hissləri soxuldu.

Lakin məqsədlərinə nail olmayan ermənilər çar Rusiyasının bilavasitə himayəsi, köməkliyi sayəsində “erməni məsələsi”ni Qafqaza köçürməyə, İran və Rusiya arasında bölüşdürülmüş Azərbaycan torpaqlarında dövlətlərini yaratmaq üçün fəaliyyətə başladılar və təəssüf hissə ilə qeyd etmək lazımdır ki, 1920-ci il noyabr ayının 29-da tarixdə ilk dəfə buna nail ola bildilər.

Ermənistanda sovet hakimiyyətinin qurulmasından sonra sovet hökumətinin onlara qarşı isti münasibətindən istifadə edən ermənilər tədricən torpaqlarımızı hissə-hissə ələ keçirməyə, qədim Azərbaycan torpaqlarında yaradılmış Ermənistan dövlətinin sərhədlərini genişləndirməyə başladılar.

Beynəlxalq Qars müqaviləsinin şərtlərini kobudcasına pozaraq 1929-cu il fevralın 18-də Zaqafqaziya MİK-nin qərarı ilə Naxçıvanın 9 kəndini (Qurdqulaq, Xaçik, Horadiz, Ağbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran, Qarçevan) ələ keçirən, 1923-cü ildə “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılmasına nail olan, 1948-1953-cü illərdə 150 min nəfərdən artıq azərbaycanlının tarixən yurd-yuva salmış doğma torpaqlarından deportasiyaya məruz qoyan ermənilər, nəhayət, XX əsrin 80-ci illərinin ikinci yarısından etibarən sovetlər birliyinin dağılmağa başlaması ilə yaranmış şəraitdən istifadə edərək “Dağlıq Qarabağ”ı və Naxçıvanı ələ keçirmək üçün fəaliyyətə başlayırlar. Bu planı həyata keçirmək üçün isə ilk növbədə Ermənistanda yaşayan 250 min nəfərdən artıq azərbaycanlını qısa müddət ərzində öz doğma torpaqlarından qovub çıxardılar. Qeyd etmək lazımdır ki, ermənilər bu planı həyata keçirərkən 216 nəfər azərbaycanlını vəhşicəsinə öldürmüşdülər.

Artıq “Türksüz Ermənistan” planını həyata keçirən mənfur qonşularımız “Dağlıq Qarabağ”ı ələ keçirmək üçün silahlı münaqişəyə başladılar. Ermənilərin bu niyyətlərinin gerçəkləşməsinə səbəb təbii ki, sovet rəhbərliyinin onları müdafiə etməsi və bu məqsədlə də hadisələrə münasibət bildirməməsi ilə yanaşı Azərbaycan iqtidarının da başımıza gətirilən bu faciələrə laqeyd münasibət bəsləməsi olmuşdur. Belə ki, ermənilər tərəfindən bir-birinin ardınca rayonlarımızın ələ keçirilməsinin qarşısının alınması məqsədilə tədbirlər görülməsi əvəzinə, Azərbaycanda hakimiyyət kreslosunu ələ keçirmək üstündə iqtidarla müxalifət arasında dava gedirdi. Bu isə düşmənlərimizə lazım olan münbit şərait yartmışdı.

“Dağlıq Qarabağ”ı ələ keçirmək məqsədilə 1988-ci ildən etibarən başlayan erməni təcavüzkarlığı həm sovet rəhbərliyi, həm də sovetlər birliyinin dağılmasında maraqlı olan dünyanın “demokratik” dövlətləri tərəfindən sükutla qarşılandı, min cür işgəncələrə məruz qalan xalqımızın başına gətirilən hadisələrə heç bir reaksiya göstərilmədi. Təbii ki, bütün bunlardan ruhlanan ermənilər cinayətkar əməllərini daha da genişləndirdilər.

Beləliklə, Sovet rəhbərliyinin hadisələrə müdaxilə etməyərək erməniləri müdafiə etməsi, Azərbaycanda isə iqtidar-müxalifət qarşıdurması 1992-ci ilin başlanğıcında ermənilərə yaranmış bu vəziyyətdən istifadə edərək rus hərbi hissələrinin də köməkliyi ilə Kərkicahan, Malıbəyli, Quşçular kəndlərini ələ keçirməyə imkan verdi. Bu kəndlərin ələ keçirilməsindən sonra artıq Xocalı və Şuşa şəhərlərinin mühasirəsi daralırdı. Şuşa şəhərini mühasirədən çıxarmaq məqsədilə həyata keçirilən Daşaltı əməliyyatının xəyanət ucbatından uğursuzluqla nəticələnməsi, ikinci Xocalı faciəsi kimi tarixə düşən Qaradağlı faciəsi artıq Xocalını hansı faciələrin gözlədiyini göstərməkdə idi.

Beləliklə, son iki əsr ərzində erməni millətçiləri tərəfindən tarixi Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasnı gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı həyata keçirilən terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər içərisində  XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı xüsusilə fərqlənir. Xocalı soyqırımı xalqımıza qarşı həyata keçirilən ən qanlı, ən amansız, əsrin faciəsi hesab edilən və dünyanın bir çox ölkələri tərəfindən soyqırımı aktı kimi qəbul edilən cinayətlərdən biridir. 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan Respublikasının silahlı qüvvələri 366-cı motoatıcı diviziyanın və digər dövlətlərdən gətirilmiş muzdlu əsgərlərin köməkliyi ilə Azərbaycanın “Dağlıq Qarabağ” ərazisində yerləşən, bölgədə yeganə hava limanının olduğu, yeddi min nəfər əhalinin yaşadığı Xocalı şəhəri üzərinə hücuma keçərək əhalini misli görünməmiş şəkildə qətlə yetirdilər, şəhəri isə yer üzündən sildilər. Bu faciə, bu soyqırımı erməni qaniçənlərinin xalqımıza qarşı XX əsrin əvvəllərindən başlayaraq tətbiq etdikləri, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin ən qanlı səhifələrindən birini təşkil edir. İllər ötdükcə, faciənin ildönümünü qeyd etdikcə bu qanlı hadisənin nə qədər amansız olduğunu, türkə nifrətin nə qədər böyük olduğunu bir daha görür, anlayır və nəticə çıxarmağa çalışırıq. XX əsrdə başımıza gətirilən qanlı hadisələrə nəzər yetirdikcə bizə aydın oluyr ki, 70 il tərkibində olduğumuz sovet dönəmində bizə yalnız dostluqdan, qardaşlıqdan, beynəlmiləlçilikdən, xalqların dostluğundan bəhs edildiyi halda bədnam düşmənlərimiz türkə nifrət ruhunda tərbiyə edilmiş, böyüdülmüşdür. Əgər belə olmasaydı, Xocalıda hətta insanların güllələnərək öldürülməsindən sonra meyidlərə qarşı o cür vəhşiliklər tətbiq edilməz, dəriləri soyulmaz, burun və qulaqları kəsilməz, gözləri çıxarılmazdı və s. Bir vacib məsələni də yaddan çıxarmaq olmaz ki, baş verən bu hadisələrin digər səbəbləri ilə yanaşı, xalqımızın unutqanlığını da qeyd etmək lazımdır. Ulu öndərimizin də qeyd etdiyi kimi, tarixi unutqanlığımız xalqımıza çox baha başa gəlmişdir. Ona görə də biz bu hadisələrdən ibrət götürməli, nəticə çıxarmalıyıq.

Tarixə nəzər yetirdikdə dünyanın bir çox ölkələrində müxtəlif xalqlara qarşı soyqırımın həyata keçirilməsinin şahidi oluruq. Məsələn, fransızların əlcəzairlilərə, almanların yevreylərə və s. qarşı tətbiq etdikləri soyqırımı göstərmək olar. Lakin həyata keçirilən bu soyqırımlarının heç birində erməni qəsbkarlarının azərbaycanlılara qarşı tətbiq etdikləri hərəkətlər baş verməmişdir.

Belə bir sual olunur ki, ermənilər niyə məhz Xocalı şəhərinə ən ağır zərbə endirməyə çalışırdılar. Bu sualın cavabı aydındır: Təbii ki, Xocalının yerləşdiyi coğrafi mövqeyə, onun strateji əhəmiyyətinə görə. Məlumdur ki, Xocalı şəhəri bölgədə həm magistral şosse yolunun, həm də dəmiryolunun üzərində yerləşməklə yanaşı, qeyd etdiyimiz kimi, yeganə hava limanı bu şəhərdə idi. Daha dəqiq desək, Qarabağa yol Xocalıdan keçirdi, Xocalı Qarabağın açarı idi. Məhz buna görə də ermənilər nəyin bahasına olursa-olsun bu şəhəri ələ keçirməyə çalışırdılar.

Qeyd etmək lazımdır ki, hələ 1988-ci ilin sentyabr ayının 18-də 10-12 min nəfərdən ibarət olan erməni quldur dəstələri Xocalını ələ keçirmək məqsədilə şəhər üzərinə hücuma keçsələr də xocalıların sərt müqaviməti qarşısında məğlub olaraq geriyə çəkilmişdilər. Çox hiddət doğuran haldır ki, Azərbaycan üçün, xocalılar üçün çətin olan bir məqamda xalqı müdafiə etmək əvəzinə Azərbaycan iqtidarı “ermənilərə müqavimət göstərdiklərinə görə” 8 nəfəri həbs etdirmişdir.

1988-ci ildə Xocalıda uğradıqları məğlubiyyətin əvəzini çıxmaq üçün ermənilər fürsət axtarır, bunula belə mütəmadi olaraq bütün istiqamətlərdən şəhəri top atəşinə tuturdular. 1991-ci ilin mart ayında Çəpikdağ, Bozdağ və Mehdikənd istiqamətlərindən şəhər raket atəşinə tutulan zaman da iqtidar heç bir əməli tədbir görmədi, xalqın harayına səs verən olmadı. Bütün bunlar isə mənfur düşməni getdikcə daha da yeni-yeni cinayətlər törətməyə sövq edirdi.

1991-ci il noyabrın 1-də Əsgəran yolunda üç nəfər azərbaycanlının öldürülməsindən sonra bu yolun tamamilə bağlanması ilə Xocalı ilə əlaqə kəsildi. Əlaqə yalnız hava yolu və telefon vasitəsilə saxlanılırdı. Artıq baş verən hadisələr göstərirdi ki, xocalılar günbəgün dəhşətli bir faciəyə yaxınlaşırlar. Ayaz Mütəllibovla birgə respublikanın digər vəzifəli şəxsləri də bu ağır günlərdə xocalılara yardım göstərmək üçün heç bir real iş görmədilər.

1991-ci il dekabrın 15-də Cəmilli, dekabrın 24-ə keçən gecə Müşəli, dekabrın 28-də Kərkicahan kəndlərinin yandırılması və əhalinin öldürülməsi, 1992-ci il yanvarın 28-də Şuşa yaxınlığında vertolyotun vurulması və s. Ayaz Mütəllibov iqtidarına nəinki təsir etmədi, hətta Azərbaycan xalqından bu faciələr gizlədilməyə çalışıldı. Mətbuatda bu barədə bircə kəlimə də yazılmadı. 1992-ci ilin yanvarında Xocalıya gələn amerikan jurnalisti Tomas: “Xocalıda telefonlar da daxil olmaqla heç nə işləmirdi: nə elektrik, nə istilik, nə də su var idi. Xarici aləmlə yeganə əlaqə vertolyotlar idi ki, onların da hər səfəri böyük risklə bağlı idi”. Artıq vertolyotun vurulması və nəticədə 40 nəfərin ölməsi ilə hava yolu vasitəsilə də əlaqə saxlamaq mümkün olmadı. Fevralın 12-ə keçən gecə Malıbəyli və Quşçular kəndlərinin yandırılması ilə Xocalınınmühasirəsi daha da daraldı. 1992-ci il fevralın 13-də Xocalıya reys edən sonuncu vertolyot 300-dən az sakin çıxardı.

Xocalının gedəcəyi təqdirdə Qarabağın da gedəcəyini iqtidara çatdıran Xocalı İcra hakimiyyətinin başçısı Elman Məmmədovun harayını xocalılardan başqa eşidən olmadı.

Nəhayət, əbədi olaraq xalqımızın qan yaddaşına həkk olunacaq Xocalı faciəsinin baş verəcəyi gün gəlib çatdı. Fevralın 25-də axşam dünyanın müxtəlif ölkələrindən, o cümlədən Suriyadan, Livandan, Fransadan gətirilmiş muzdlu qatillərin də daxil olduğu erməni hərbi birləşmələri Rusiyanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı üzərinə hücum başlandı. Təbii olaraq ilk zərbə hava limanına endirildi. Əlif Hacıyevin rəhbərlik etdiyi 22 nəfərdən ibarət xüsusi təyinatlı dəstə üç dəfə düşmənin hücumunu dəf etsələr də qüvvələrin qeyri-bərabər olmasına görə çıxış yolu kimi hava limanının düşmənin əlinə keçməməsi üçün dispetçer məntəqəsi partladıldı. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi.

Güclü artilleriya hazırlığından sonra şəhərə daxil olan düşmən tankları, zirehli maşınlar böyük qırğınlar törətdilər, yüzlərlə adam həlak oldu, yaralandı, əsir götürüldü, sağ qalanların bir hissəsi şəhərin şimal-şərq istiqamətində iki yolla Ağdama tərəf qaçmağa başladılar. Qarlı-şaxtalı gecəni ayaqyalın, başıaçıq meşədə keçirən qadınların çoxunu don vurdu, yaralıların bir hissəsi tab gətirməyib öldü. Qalanları səhərisi gün Xocalıdan 6-7 km. Aralı Qaraqaya adlı yerdə meşədən çıxarkən pusquda durmuş erməni faşistləri tərəfindən gülləbaran edildilər. Yüzlərlə köməksiz qadın, qoca, uşaq həlak oldu. Xilas olaraq Abdal-Gülablı kəndinə getməyə çalışan qaçqınları da düşmən mühasirəyə alıb atəşə tutdu. Çoxları əsir götürüldü.

Erməni silahlı birləşmələrinin Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri olan Xocalı şəhərində törətdikləri və dünyanı dəhşətə gətirən qətliamdan 31 il ötür. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, о cümlədən 63 uşaq, 106 qadm, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmiş, meyitlər insanlığa ləkə gətirəcək bir şəkildə təhqir edilmişdir. Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızhqla diri-diri yandırılmışdır.

Xocalı faciəsini Xatın, Lidise, Sonqmi soyqırımları ilə bir sırada tutanlar qətiyyən səhv etmirlər. Bu faciə zamanı insan haqlarına aid olan bütün prinsiplər və qanunlar kobud şəkildə pozulmuşdur.

Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra tarixdə başımıza gətirilən digər faciələr kimi, bu faciənin də beynəlxalq aləmdə tanıdılması məqsədilə mühüm qərarlar qəbul edilmiş, faciənin hüquqi-siyasi qiyməti verilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdi.

Ulu öndərin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Xocalı faciəsinin əsil mahiyyətini Azərbaycan xalqınm ümummilli lideri Heydər Əliyev çox dəqiq ifadə etmişdir: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir”.

Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində 31 ildir ki, məqsədyönlü və sistemli iş aparır. “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strakturları ilə birgə səmərəli fəaliyyət göstərirlər. İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqımı ilə bağlı qəbul etdiyi xüsusi qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “İnsanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir. 51 ölkənin qəbul etdiyi qətnamədə Xocalı faciəsinə “erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymət verilmişdir. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, ABŞ ın bir sıra ştatları (22 ştat) bu soyqırımını tanıyıb.

Xocalı faciəsi bizim dərdimizdir, kədərimiz, qəmimizdir. Ancaq eyni zamanda Azərbaycan xalqının əsrlər boyu keçdiyi mübarizə yolu, milli azadlıq yolu, şanlı, uğurlu yoldur. Keçmişdə də, bu gün də bizim yolumuzda çətinliklər olub, ancaq heç bir şey Azərbaycan xalqının iradəsini sındırmayıb və sındırmayacaqdır. Biz belə hadisələrdən dərs almalı, nəticə çıxarmalıyıq.

Qeyd etmək lazımdır ki, bu istiqamətdə Heydər Əliyev Fondu iri miqyaslı layihələr həyata keçirmişdir. Mehriban xanım Əliyevaınn rəhbərliyi ilə Fond tərəfindən Xocalı soyqırımı ilə bağlı müxtəlif ədəbiyyat nəşr edilmişdir. Hər il dünyanın bir çox ölkələrində Fondun təşəbbüsü ilə bu hadisəyə həsr olunmuş tədbirlər keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xamm Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası geniş vüsət almışdır.

Təəssüf hissi ilə deməliyik ki, insan haqlarının həm kütləvi. Həm də kobud şəkildə posulması ilə nəticələnən Xocalı soyqırımına hələ də beynəlxalq aləmdə hüquqi-siyasi qiymət verilməmişdir. Amma qətiyyətlə deməliyik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyev cənablarının 44 günlük Vətən müharibəsində 30 il ərzində pozulmuş haqq-ədaləti bərpa etdiyi kimi, bu sahədə də gördüyü işlər, apardığı uğurlu xarici siyasət nəticəsində beynəlxalq təşkilatlar haqqı səsimizi eşidərək Ermənistana layiq olduğu sanksiyaları tətbiq edəcəklər.

          Abdulla MUSTAFAYEV

“Ümumi tarix” kafedrasının dosenti

 

 

 

 

 

 

Nəşr edilib : 24.02.2023 15:29