AZ EN RU

Əsrimizin bəlasına çevrilmiş narkomaniya və narkobiznesə qarşı mübarizə hər kəsin vətəndaşlıq borcu olmalıdır

    Narkomaniya və narkobiznes dünyada yayılmış ciddi problemlərdən biridir. XXI əsrin bəlasına çevrilən bu problemlə mübarizə aparmaq üçün bir çox ölkələr və beynəlxalq təşkilatlar müxtəlif tədbirlər həyata keçirir, problemin qarşısının alınması istiqamətində cidd-cəhdlə çalışır. Sevindirici haldır ki, ölkəmizdə narkomaniyanın cəmiyyətə və insan sağlamlığına ziyanı, fəsadları və sağlam həyat tərzinin təbliğinin vacibliyi yönündə addımlar atılır, daxili işlər orqanları tərəfindən bu bəlaya qarşı ciddi və qətiyyətli mübarizə aparılır, maarifləndirici məqalələr, yazılar dərc edilir, ələlxüsus da, yetişməkdə olan gənc nəslin bu bəlaya düçar olmaması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

    Bəs sıravi insanların bu mövzuya münasibəti necədir? Evdə, ailədə, ictimaiyyətdə hansı addımların atılması baş verəcək ciddi fəsadların qarşısını ala bilər? Bu suala cavab vermədən öncə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsindən əldə etdiyimiz məlumatı oxucularımızla bölüşək. Belə ki, 2023-cü ilin 6 ayı ərzində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən, ümumilikdə, 513 hüquqpozma faktı aşkar edilib. Onlardan 26-sı narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı ilə bağlı olub. Narkotik qaçaqmalçılığı faktları üzrə, ümumillikdə, 568,5 kiloqram heroin, 139 qram həşiş qatranı, 47 qram marixuana, 26 qram tiryək, 11 qram pisxotrop, 110 qram güclü təsir edən maddələr qanunsuz dövriyyədən çıxarılıb. Cari ilin 6 ayı ərzində 473 inzibati xarakterli hüquqpozma faktı aşkar edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 372 fakt çoxdur.
    Bəşəriyyəti mənəvi və fiziki sürükləyən “ağ ölüm”ün törətdiyi dəhşətli faciələr və onunla mübarizə ilə bağlı suallarımıza ətraflı cavab almaq üçün Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin Narkologiya şöbəsinin müdiri, həkim-narkoloq Azad Şükürlü ilə həmsöhbət olduq. Müsahibimiz bildirdi ki, narkomaniya və narkobiznesə qarşı mübarizənin əsas məqsədi insanları narkotik vasitələrdən uzaqlaşdırmaq və narkobiznesin yayılmasının qarşısını almaqdır. Hətta istər Ümumdünya Səhiyyə Təşkilatında, istərsə də ölkəmizdə narkotik vasitələrin istifadəsinin və satışının dayandırılmasını, gənclərimizin bu məsələyə ciddi yanaşmasını, ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməyi və bunun kimi digər vacib amillər nəzərə alınaraq 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Ümumdünya Mübarizə Günü təsis edilmişdir. İnsanların narkotik vasitələrin təhlükələri, onların istifadəsinin ciddi nəticələri, narkomaniyadan qorunma yolları və müalicə imkanları haqqında müntəzəm məlumatlandırılması mühüm əhəmiyyətə malikdir. Narkomaniya və narkobiznesə qarşı mübarizə həm təşkilatlar, həm də hər bir fərd üçün əhəmiyyətli və aktual məsələdir. Təşkilatlar narkotik vasitələrin daşıyıcılığına qarşı müdafiə tədbirləri planlaşdırmaq və müxtəlif tədbirlər təşkil etməklə bu problemin həllinə kömək edir. Fərdlər isə özünü və yaxınlarını narkotik vasitələrdən uzaq saxlamaq, təhlükəsizlik və qlobal insan sağlamlığı üçün mübarizədə məsul olduğunu anlamaqla əməkdaşlığa çağırılır.
    “Cəmiyyətdə “ağ ölüm” adlanan narkotiklə mübarizənin inkişafı və yayılması, insanların maarifləndirilməsi üçün hansı işlər icra olunmaqdadır?” sualına cavabında isə müsahibimiz bildirdi ki, “ağ ölüm” dediyimiz hadisə, narkotik vasitələrin tərkibi ilə birbaşa və ya dolayı yolla beyinin funksiyalarını dəyişdirən və buna bağlı olaraq fiziki və psixi sağlamlığı təhdid edən maddələrdir. İstifadə edən şəxslər üçün narkotik vasitələrin yaratdığı ciddi fəsadlar vardır. Buna nümunə olaraq fiziki sağlamlığın pozulması və insanın sinir sisteminin alt-üst olması, müxtəlif nevroz hallarının baş verməsini göstərə bilərik. Sözügedən narkotik maddələr qan dövranına da təsir edərək qanda oksigen və digər maddələrin orqanlara normal çatdırılmasını məhdudlaşdırır. Bu da orqanların və sistemlərin normal funksiyalarının pozulmasına və uzunmüddətli sağlamlıq problemlərinin yaranmasına səbəb olur.
    Azad Şükürlü narkotik vasitələrin psixi sağlamlıqla yanaşı, sosial həyata vurduğu zərərlərdən də danışdı: – Narkotik vasitələrdən istifadə yalnız fiziki sağlamlığı deyil, həm də sosial və iş həyatında problemlərə gətirib çıxarır. Narkotiklərə olan asılılıq insanların sosial və iş həyatına da mənfi təsir edir. İş həyatında iş qabiliyyətinin və qərarvermə qabiliyyətinin azalması, həyat yoldaşı, ailə üzvləri və dostlarla problemlər yaranmasına da səbəb ola bilər. Bu halda şəxsin cinayətə cəlb olmaq mərhələsinə belə gəlib çıxması da istisna deyil və bunun da nəticələrini kifayət qədər görmüşük. Xüsusi olaraq diqqətə çatdırmalıyıq ki, narkotik vasitələr həm də istifadəçilər üçün maliyyə problemlərinə səbəb olur və bu, çox vaxt cinayətə cəlb edilməklə nəticələnir.
    Həkim-narkoloqun sözlərinə görə, ölkə­mizdə narkotik vasitələrin istifadəsinin və narkobiznesin yayılmasının qarşısının alınması üçün bir çox tədbirlər həyata keçirilməkdədir. Azərbaycan qanunvericiliyinə uyğun olaraq narkotik vasitələrin istifadəsinin, daşınmasının, satışının və istehsalının qarşısının alınması üçün müxtəlif məhdudiyyətlər var. Narkotik vasitələrə məruz qalmış insanların müalicəsinin aparılması, düşdükləri çətin və ağır böhrandan xilas olmaları üçün xüsusi klinikalarda, xəstəxanalarda müalicə işləri görülür. Muxtar respublikada isə bu vəzifə Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin Narkologiya şöbəsinin üzərinə düşür. Narkotik vasitələrə asılılıq problemləri ilə üzləşən insanların müalicəsi üçün narkoloji mərkəzimiz fəaliyyət göstərir. 
    Azad həkim şöbənin iş prosesi barədə ətraflı məlumat verərək bildirdi ki, burada narkotikdən asılılığı olan şəxslərin fiziki və psixi sağlamlığını bərpa etmək, asılılıqdan azad olmaları və yenidən sosial həyata qayıtmaları üçün məsləhət və müalicə təklif edilir. Dispanser mütəmadi olaraq müxtəlif təşkilatlar, qurumlar və ictimaiyyət nümayəndələri ilə əməkdaşlıq edir, xüsusi pro­qramlar icra olunur. Bu kimi işlər narkotik vasitələrin istifadəsinin qarşısını almaq, asılılığı aradan qaldırmaq, asılı olan xəstələri müalicə etmək və ictimaiyyətdə narkotiklərə qarşı maarifləndirməni təmin etmək məqsədilə həyata keçirilən ən mütərəqqi addımlardan biridir. 
    Son olaraq biz də diqqətə çatdırırıq ki, bu cür zərərli vərdişlərdən uzaq olmaq üçün hər bir şəxs vaxtını məqsədli və maraqlı fəaliyyətlərlə doldurmağa çalışmalıdır. İdman, təhsil, sənət, rəqs və bu kimi faydalı məşğuliyyətlər onları narkotikin – “ağ ölüm”ün pəncəsindən xilas etməklə yanaşı, həm də sosial həyatın bir parçasına çevirəcək...

 Bülbül Quliyeva
Aysel YUSİFZADƏ

Nəşr edilib : 08.08.2023 19:37