AZ EN RU

Əsrə bərabər 20 il: müdrik lider, qalib sərkərdə - YENİLƏNİB

    Naxçıvan Dövlət Tarix Muzeyində gənclərin iştirakı ilə ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümünə həsr olunmuş “Vətənə, xalqa, dövlətçiliyə xidmətin misilsiz 20 ili” adlı tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov Prezident cənab İlham Əliyevin 20 illik hakimiyyəti dövründə Azərbaycanın keçdiyi misilsiz inkişaf yolundan danışıb. Qeyd olunub ki, 2003-2023-cü illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, yüksək liderlik,  siyasi bilik və iradəyə malik İlham Əliyevin əsas fəaliyyət qayəsi ölkəmizin siyasi-iqtisadi gücünü artırmaq, qüdrətli dövlətə çevirmək, xalqın rifahını yüksəltmək və ən nəhayət, ərazilərimizi bərpa etməkdən ibarət olub. Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışan dövlət başçısı Qarabağda qazanılmış Zəfərlə xalqı qarşısında ən dəyərli missiyanı yerinə yetirdi – işğalda olan torpaqlarımız bütünlüklə azad olundu və mahir siyasətçi üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. 
    Qazi – “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan baş leytenant İbrahim Cəlilov ordu quruculuğu sahəsində görülən işlər, döyüş meydanında qazanılan qələbələr və öz döyüş xatirələri barədə danışıb. 
    Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olub.

***

    Babək Rayon İcra Hakimiyyətinin və rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Əliyeva bildirib ki, son 20 ildə Azərbaycan dövlətçilik tarixinin təməlində Ulu Öndərin başlatdığı və Prezident cənab İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır. Cənab İlham Əliyev təkcə dünənin və bu günün deyil, həm də gələcəyin lideridir. 44 günlük haqq zəfərində “Qarabağ Azərbaycandır!” söyləyən Müzəffər Ali Baş Komandan ata vəsiyyətinə əməl edərək torpaqlarımıza azadlıq rəmzimiz olan üçrəngli bayrağımızı sancdı.
    Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin rəisi Rüstəm Rüstəmov, idarənin Həmkarlar İttifaqı Komitəsinin sədri Əfsanə İsmayılova və “Şərq qapısı” qəzetinin əməkdaşı Fariz Əhmədov çıxış edərək bildiriblər ki, dövlət başçısının xalq qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, Onun hər bir azərbaycanlıya və ölkəmizin problemlərinə böyük həssaslıqla yanaşması isə Prezident cənab İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinin mütləq surətdə reallığını bir daha təsdiqləyir.     

***

    Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda “Əsrə bərabər 20 il: müdrik lider, qalib sərkərdə” mövzusunda tədbir keçirilib.

    Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev tədbiri giriş sözü ilə açaraq Ümummilli Liderimiz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək son iyirmi ildə qazanılan misilsiz nailiyyətlərə imza atan, müdrik siyasəti, qətiyyəti və qüdrətli liderliyi nəticəsində ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz xidmətlərindən bəhs edib. 
    Qeyd olunub ki, 20 il dövlətə və xalqa sədaqətlə xidmət etmək, insanların böyük hörmətini qazanmaq, dünyanın sülhsevər vətəndaşlarının sevimlisinə çevrilmək rəhbər üçün böyük şərəf və dəyərli qiymətdir. Azərbaycan Prezidenti bu şöhrəti və dəyəri öz fəaliyyəti, xalqına və insanlara xidməti ilə qazanmışdır. 20 illik bir yolun başlanğıcı çox çətin olsa da, dayanacağı uğurlu, keçiləcək məsafələri işıqlı və inamlıdır. Cənab İlham Əliyevin keçdiyi bu yol böyük qürur doğurur. O bu yolda həmişə xalqı ilə, dünyanın dəyərli insanları ilə bir olub, Vətəninin mənafeyini qoruyub, xalqına sədaqətlə xidmət etməkdən, torpaqlarını qorumaqdan, Azərbaycanı ucaltmaqdan və şöhrətləndirməkdən şərəf duyub, yeni uğurlara, zəfərlərə yollar açıb. 
    Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Aparatının şöbə müdiri Rail Tağızadə “20 ilin zəfər salnaməsi”, fəal gənc Zeynəb İlyasova “Prezidentimiz Azərbaycan gəncliyinin ilham mənbəyidir” mövzularında çıxış ediblər.
    Sonda “İlham” sənədli filmi nümayiş etdirilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 25.10.2023 21:01