AZ EN RU

Əshabi-Kəhf ziyarətgahına gedən avtomobil yolunda əsaslı təmir-tikinti işləri davam edir

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətinədən "Şərq qapısı"na verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Əshabi-kəhf ziyarətgahına gedən yol təbii faktorların təsirindən yararsız vəziyyətə düşdüyü üçün əsaslı şəkildə yenidənqurma işləri aparılır.

Uzunluğu 13,9 kilometr olan bu yol 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun yenidən qurulması nəticəsində vətəndaşlar və turistlərin ziyarətgaha rahat gediş-gəlişi təmin olunacaq, yol kənarında yerləşən əkin sahələrinə yük və sərnişin daşınması asanlaşacaq. 1 gediş 1 gəliş olmaqla, 2 zolaqdan ibarət və hər zolağın eni 3,5 metr olan yolun torpaq hissəsinin eni 10 metr, asfalt hissəsinin eni isə 7 metr olacaq. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə mövcud boruların bərpası ilə yanaşı, 41 yerdə metal boru su keçidi quraşdırılacaq. Burada ümumi uzunluğu 50 metr olan 4 beton su keçidinin tikintisi, həmçinin yolda yerləşən 1 körpünün də əsaslı təmiri nəzərdə tutulur. Bununla yanaşı, avtomobil yolundan yağış və sel sularının kənarlaşdırılması üçün 15 000 metr uzunluğunda beton su kanalının tikilməsi və 220 metr uzunluğunda metal baryer quraşdırılması da planlaşdırılır. 

Əsaslı təmir-tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerdə yol nişanları, siqnal dirəkləri quraşdırılaraq, yol cizgi və yolgöstərici xətlər çəkiləcəkdir.

Nəşr edilib : 30.03.2024 12:59