AZ EN RU

Əshabi-Kəhf ziyarətgahına gedən avtomobil yolu yenidən qurulur

    Dünyanın müqəddəs məkanlarından olan Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Əshabi-kəhf ziyarətgahına gedən yol təbii faktorların təsirindən yararsız vəziyyətə düşdüyü üçün əsaslı şəkildə yenidənqurma işləri aparılır. 
    Yolun tikintisi ilə bağlı qəzetə müsahibə verən “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin “Naxçıvan Yol Təmir-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki təhlükəsizlik üzrə mühəndisi Məhəbbət Ağahəsənov bildirir ki, uzunluğu 13,9 kilometr olan bu yol 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun yenidən qurulması nəticəsində vətəndaşlar və turistlərin ziyarətgaha rahat gediş-gəlişi təmin olunacaq, yol kənarında yerləşən əkin sahələrinə yük və sərnişin daşınması asanlaşacaq. 1 gediş 1 gəliş olmaqla, 2 zolaqdan ibarət və hər zolağın eni 3,5 metr olan yolun torpaq hissəsinin eni 10 metr, asfalt hissəsinin eni isə 7 metr olacaq. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə mövcud boruların bərpası ilə yanaşı, 41 yerdə metal boru su keçidi quraşdırılacaq. Burada ümumi uzunluğu 50 metr olan 4 beton su keçidinin tikintisi, həmçinin yolda yerləşən 1 körpünün də əsaslı təmiri nəzərdə tutulur. Bununla yanaşı, avtomobil yolundan yağış və sel sularının kənarlaşdırılması üçün 15 000 metr uzunluğunda beton su kanalının tikilməsi və 220 metr uzunluğunda metal baryer quraşdırılması da planlaşdırılır. Yenidənqurma işləri yekunlaşdıqdan sonra zəruri olan yerdə yol nişanları, siqnal dirəkləri quraşdırılaraq, yol cizgi və yolgöstərici xətlər çəkiləcəkdir. 
    Muxtar respublikada yol infrastrukturunun hər ötən ilə nisbətdə daha da inkişaf etməsi regionların sosial-iqtisadi inkişafına təkan verməklə yanaşı, eyni zamanda əhalinin rahat hərəkətinə də əlverişli imkan yaradır. 

Fariz ƏHMƏDOV

Nəşr edilib : 20.12.2023 16:19