AZ EN RU

Əsgərlərinə “balam” deyə müraciət edərdi...

Həyatı əfsanə olan Polad generalımız

Azərbaycan Prezidenti cənab İlham Əliyev: “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.

Vətəni ucaldan, onu şöhrətləndirən vüqarlı oğullarıdır. Qəhrəmanlıq tariximizə qızıl hərflərlə adını yazdıran, ölümləri ilə ölümsüzlüyə qovuşan şəhidlərdir.

 Ömür yolu hər birimizə örnək olan belə tarixi qəhrəmanlarımızdan biri də Tovuz istiqamətində gedən ağır döyüşlərdə şəhid olan, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovdur. O, 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində alıb. Onlar ailədə dörd övlad olublar; iki oğlan, iki qız. 

Elə bir Vətəni üçün dünyaya gəlmişdi

Orta məktəbdə oxuyanda hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. Məqsədinə də çatdı.  Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək peşəkar hərbçi oldu. Müxtəlif bölgələrdə – Bərdədə, Murovda, Tovuzda, Daşkəsəndə, Şəmkirdə yerləşən hərbi hissələrdə komandir işlədi. Türkiyədə keçirilən  hərbi kurs və təlimlərdə uğurla iştirak etdi. Sonra qəhrəmanımız öz kəndlərindən olan Ofelya adlı xanımla ailə qurur. Toydan bir müddət sonra qəflətən atası xəstələnib vəfat edir. Atasının qəfil ölümü Polad Həşimovu çox sarsıdır.  Ailəsini də özü ilə bərabər xidmət üçün getdiyi bölgələrə aparan  Polad Həşimov işlədiyi kollektiv içində böyük hörmət qazanmışdı. İşində çox ciddi və tələbkar olan general əsgərlərinə “balam” – deyə müraciət edər, onlar üçün əlindən gələni əsirgəməzdi. 

Polad Həşimov 2016-cı il Aprel döyüşlərində Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi kimi iştirak edir və yaralanır. Aprel döyüşlərində göstərdiyi şücaətə görə dövlətimiz tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılır,  evlə təmin edilir. O  isə verilən evi Aprel döyüşlərində həlak olan bir şəhid ailəsinə bağışlayır. Polad Həşimovdakı ürəyə, qəlbə heyran olmamaq mümkün deyil. O, insani xüsusiyyətləri, şəxsi ləyaqəti ilə seçilən cəsur general idi. 

Polad biləkli oğullar onun arzusunu yerinə yetirdi

Polad Həşimovun ən böyük arzusu  tezliklə Qarabağ torpaqlarını işğalçılardan azad etmək, məcburi köçkün, qaçqın soydaşlarımızın öz əzəli dədə-baba yurdlarına qayıtması idi. Onun bu arzusunu  elə onun kimi polad biləkli Vətən oğulları yerinə yetirdi. Onlar 44 günlük Vətən müharibəsində nəinki uzun illərdir, həsrətində olduğumuz torpaqlarımızı qaytardılar, eyni zamanda Poladın, İlqarın, Mübarizin onlar kimi şəhidlik məqamına yüksəlmiş minlərlə Azərbaycan oğullarının qanlarını yerdə qoymadılar, qisaslarını aldılar.

2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Polad Həşimovun cənazəsi minlərlə vətəndaşımızın çiyinlərində əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilir. General iyulun 15-də II Fəxri xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunur. Tabutlarına bürünən bayraqlar qəhrəmanların övladlarına verilir, onlar ataları ilə fəxr etdiklərini deyirlər. Prezident cənab İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə Həşimovaya telefonla zəng edərək ailə üzvlərinə dərin hüznlə başsağlığı verib. Dövlət başçısının müvafiq Sərəncamı ilə Polad Həşimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Onun haqqında kitablar yazılıb, mahnılar, şeirlər ifa edilib, adına küçələr, bağlar salınıb, hər iki hərbçinin ailəsi Bakı şəhərində evlə təmin edilib.

Vətəni öz canından üstün tutan şəhidlərimiz fəxrimiz, qürur mənbəyimizdir.  Polad generalımızın əfsanəyə dönən həyatı, onun Vətənə sevgisi, sədaqəti onun adını daşıyan, hərbçi olmaq istəyən neçə-neçə gəncin yoluna bundan sonra da işıq olacaq.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 14.07.2024 00:20