AZ EN RU

Əsas məqsəd dövlət-sahibkar münasibətlərinin düzgün təşkili, yeni investisiya və rəqabət mühitinin yaradılmasıdır

    Sahibkarlığın inkişafı hər bir ölkə üçün prioritet sahələrdən sayılır. Çünki bazar iqtisadiyyatı şəraitində bu sahəni inkişaf etdirmədən heç bir tərəqqidən, yeniliklərin tətbiqindən, ümumilikdə isə hərtərəfli inkişafdan danışmaq mümkün deyil. Buna görədir ki, Ümummilli Lider Heydər Əliyev deyirdi: “Sahibkarların səmərəli işləməsi Azərbaycanın iqtisadi inkişafını təmin edən amildir. Ona görə də biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”. 

    Təbii ki, Ulu Öndər Heydər Əliyevin sahibkarlığa bu cür yanaşması, ötən dövrdə həyata keçirilən dövlət siyasətinin ana xəttini təşkil etmiş,  ölkəmizdə özəl sektorun formalaşmasına böyük təsir göstərmişdir. Xüsusilə son illərdə ölkə iqtisadiyyatının qeyri-neft sektoru üzərində formalaşması üçün atılan addımlar, dövlətin bu istiqamətdə çağırışları iqtisadi sahədə yeni mərhələnin başlanğıcı kimi qəbul olunur. Milli iqtisadiyyatın, əsasən, kənd təsərrüfatı, qeyri-neft sənayesi və innovativ texnologiyalar üzərində qurulması mühüm prioritet kimi diqqət mərkəzində saxlanılır. 
    Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar muxtar respublikada da sahibkarlığın inkişafına yol açmış, yeni istehsal müəssisələri yaradılmış, yerli məhsulların istehsalı diqqət mərkəzində saxlanılmış, nəticədə, 384 növdə məhsulun istehsalına nail olunmuşdur. Ötən dövrdə kiçik sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan Sahibkarlığın İnkişafı Fondu yerli istehsalçıların fəaliyyətinin stimullaşdırılmasına öz töhfəsini vermişdir. Fonddan verilən məlumata görə, ötən il sahibkarlara 7 milyon 184 min 600 manat güzəştli kredit verilmişdir.
    Muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində atılan uğurlu addımlardan biri də ailə təsərrüfatlarının yaradılmasıdır. Əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı istiqamətində ixtisaslaşan bu cür təsərrüfatlara maliyyə yardımı, ticarət obyektlərində onlara satış yerlərinin ayrılması və sair kimi amillər təsərrüfatların ildən-ilə sayının artması ilə müşahidə olunmuşdur. Qeyd edək ki, ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən 96 ailə təsərrüfatına 1 milyon 441 min 100 manat maliyyə dəstəyi göstərilmişdir. Statistikaya görə, təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2022-ci ilin yanvar-noyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 252 milyon 442 min 500 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 21,5 faiz çoxdur. Verilmiş kreditlərin 20 milyon 279 min 400 manatı və yaxud 8 faizi qısamüddətli, 232 milyon 163 min 100 manatı və yaxud 92 faizi uzunmüddətli kreditlər olmuşdur.
    Bu gün artıq muxtar respublika yeni iqtisadi mərhələyə qədəm qoyur. Əsas məqsəd regionda dövlət-sahibkar münasibətlərinin düzgün təşkili, yeni investisiya və rəqabət mühitinin yaradılması, sahibkarlar üçün əlverişli şəraitin və əhali məşğulluğunun təmin olunmasıdır. 
    Yeni fikir olmasa da hamımıza məlumdur ki, istənilən ölkənin və ya regionun inkişafı onun iqtisadiyyatından, iqtisadiyyatın inkişafı isə sahibkarlığa yaradılmış şəraitdən asılıdır. Bu gün o ölkələr hərtərəfli inkişaf edir ki, orada rahat investisiya mühiti, rəqabət var. Və bu cür inkişaf üçün heç də təbii ehtiyatların, çoxsaylı xammal bazalarının olması şərt deyil. Dövlət bu sahədə qanunvericilik mühitini və sağlam rəqabəti təmin etmək istiqamətində mühüm addımlar atır, gerisi sahibkarların öz öhdəsinə düşür.

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 06.02.2023 19:10