AZ EN RU

Ərzaq təhlükəsizliyinin təmin edilməsi muxtar respublikada prioritet vəzifədir

    Hazırda dünya siyasi, iqtisadi, enerji və ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı ciddi problemlərlə üz-üzədir. Analitiklər dünyada son belə bir vəziyyətin Birinci və İkinci Dünya müharibələrindən əvvəlki və sonrakı bir neçə ildə özünü göstərdiyini qeyd edirlər. Xüsusilə son 2-3 ildir, dünyada ərzaq böhranı (ərzaq təhlükəsizliyi məsələsi) pik nöqtədə cərəyan edir. Birləşmiş Millətlər Təşkilatı dünyada ərzaq böhranının özünü daha güclü şəkildə hiss etdirəcəyi, buna bağlı milyonlarla insanın həlak olacağı və ya aclıqla üz-üzə qalacağı haqqında məlumatlar verir. 

    Dünyada enerji ehtiyatlarına, ticarət yollarına nəzarətə yiyələnmək üçün gərgin mübarizə gedir, amma bunlardan da əsas ərzaq təhlükəsizliyi məsələsi diqqətdə saxlanılır və ölkə­lərin ərzaq resurslarına sahib olması, nəzarət etməsi son dərəcə dövlətləri düşündürən məsələlərdəndir. Baş verən qlobal  proseslər fonunda ölkə­lərin özlərini ərzaqla təmin etmələri, ərzaq təhlükəsizliyinə nail olmaları ən ümdə məsələ halını alır. Son zamanlarda, xüsusilə də geridə qalmış ölkələrdə, hətta Avropa məkanında yaranan şərait dövlətlərin ərzaq təhlükəsizliyinə tam nail olmasını şərtləndirir. Hətta belə bir qənaət mövcuddur ki, gələcək onilliklərdə dövlətlər öz müstəqilliyini qorumaq istəyirlərsə, onlar mütləq ərzaq təhlükəsizliyinə nail olmalı və daxili tələbatlarını öz resursları hesabına ödəməlidirlər. 
    Dünyada böyük əhəmiyyət daşıyan və son dövrlərdə strateji səviyyəyə yüksələn ərzaq təhlükəsizliyi məsələsi muxtar respublikamızda da, xüsusilə son dövrlərdə daha çox önəm kəsb etməyə başlamış, dövlətin diqqət və qayğısı ilə diyarımızda ərzaq təhlükəsizliyinə nail olunmuşdur. Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyinə nail olunması, dövlətlərin, o cümlədən müəyyən regionların daxili tələbatı yerli imkanlar hesabına ödəməsi kompleks iş tələb edir və muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlər ardıcıllıq, sistemli xarakter və kompleks şəkil almışdır.    
    Qeyd edək ki, diyarımızda ərzaq təhlükəsizliyinə nail olunması və daxili tələbatın yerli imkanlar hesabına qarşılanması kənd yaşayış yerlərində müasir şəraitin yaradılmasından insanların bu kimi yerlərdən köç etməsinin qarşısının alınmasına, köç edənlərin isə geri dönüb həyatlarını burada qurmasına qədər uzanan geniş bir prosesi əhatə etmişdir. Naxçıvanda, hətta ucqar dağ kənd­lərində şəhər və rayon mərkəzlərindən geri qalmayan müasir həyat şəraitinin yaradılması, təhsil, səhiyyə, mədəniyyət, qabaqcıl informasiya-kommunikasiya xidmətlərinin göstərilməsi, fasiləsiz enerji və təbii qazla təchizat kimi məsələlər bila­vasitə ərzaq təhlükəsizliyinin həlli istiqamətində olduqca mühüm amillər hesab edilir. Digər tərəfdən ərzaq təhlükəsizliyi məsələsi ilə bağlı olan sahələrdə çalışan insanlara hər cür dövlət dəstəyinin göstərilməsi, çatışmazlıqların və problemlərin aradan qaldırılması istiqamətində dövlətin qətiyyətli addımları, əldə edilən məhsulların istehsalçılar tərəfindən satışının həyata keçirilməsi üçün imkanların səfərbər edilməsi, artıq qalan məhsulların dövlət tərəfindən alınması kimi məsələlər muxtar respublikada ərzaq təhlükəsizliyinin həlli istiqamətində məhək daşlarından sayılır. Strateji əhəmiyyətli sahələrə marağın artırılmasında dövlət təşviqi, subsidiyaların verilməsi, məhsuldar toxum sortlarının alınıb gətirilməsi kimi məsələlər də ərzaq təhlükəsizliyinə nail olunmasında mühüm amillərdir.
    Ərzaq təhlükəsizliyi məsələsində yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, həmin torpaqların yeni su mənbələri ilə təmin edilməsi, müasir suvarma şəbəkələrinin qurulması da bu istiqamətdə həyata keçirilmiş mühüm addımlar sırasındadır. Görülən işlər muxtar respublikada son dövrlərdə yüz hektarlarla yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verib. Hətta Sovetlər Birliyi dönəmində belə əkilməyən ərazilərin əkin dövriyyəsinə qatılmasına şərati yaradılıb. 
    Bu da xüsusi qeyd edilməlidir ki, dünyanın yeni bir böhran astanasında olduğu, ərzaq təhlükəsizliyi məsələsinin çox əhəmiyyət kəsb etdiyi bir dövrdə Naxçıvanda bu məsələlərin həlli və yarana biləcək problemlərin aradan qaldırılması sistemli işlərin aparılması nəticəsində mümkün olub. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumat da yuxarıda söylədiklərimizi təsdiq edir. Məlumatda bildirilir ki, cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. Bunun ifadəsidir ki, 2022-ci ilin məhsulu üçün muxtar respublikada 64 min 259 hektar sahədə əkin aparılıb,  taxılçılıq strateji əhəmiyyətə malik istiqamət kimi diqqətdə saxlanılıb və cari ilin məhsulu üçün 33 min 466 hektar sahədə taxıl əkilib. Bunun 32 min 567 hektarı payızlıq, 899 hektarı isə yazlıq taxıl olub. Taxıl zəmilərinin 21 min 378 hektarında buğda, 12 min 88 hektarında isə arpa əkilmişdi. Ötən ilin bəhs olunan dövrü ilə müqayisədə taxıl əkini sahəsi 745 hektar çox olub. Taxıl zəmilərindən 107 min 418 ton məhsul tədarükü edilib.
    Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılaraq 3481 hektar sahədə kartof əkini aparılıb. Bu da bir il öncəyə nisbətən əkilmiş sahədən 11 hektar çoxdur. Əkin sahələrindən 54 min 998 ton kartof yığılıb ki, bu da bir il öncəki göstəricini 0,6 faiz üstələyir.
    1 oktyabr 2022-ci il tarixə 109 min 880 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 7340,4 ton dən üçün qarğıdalı, 351,7 ton dən üçün günəbaxan, 77 min 746 ton tərəvəz, 33 min 789 ton ərzaq üçün bostan məhsulları, 41 min 806 ton meyvə, 10271,6 ton üzüm tədarük edilib. Hazırda bir neçə məhsul növü üzrə yığım davam edir.
    Muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali             Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə  təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılaraq cari ilin yanvar-sentyabr aylarında 4 istixana təsərrüfatının və  2 soyuducu anbarın yaradılması,             5 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 3 soyuducu anbarın yaradılması davam etdirilib. Bu dövr ərzində üzümçülüyün inkişafı istiqamətində tədbirlər davam etdirilərək yeni üzüm bağları salınıb.
    Kənd yerlərində ərzaq məhsulları istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2022-ci ilin yanvar-sentyabr aylarında 144 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. Bəhs olunan dövrdə 82 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilib, 41-i nağd yolla satılıb. Bu dövrdə məhsul istehsalçıları 13012,8 ton mineral gübrə ilə təmin olunub.
    Əkin sahələrindən bol və keyfiyyətli məhsul götürməsində suvarma suyuna olan tələbatın ödənilməsi də mühüm əhəmiyyətə malikdir. Muxtar respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlərin  coğrafiyası getdikcə genişlənməkdədir. Belə ki, bəhs olunan dövrdə də meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi diqqətdə saxlanılıb, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılıb, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Babək rayonunun Çeşməbasar və Güznüt kəndləri ərazilərində qapalı suvarma və kollektor-drenaj şəbəkəsinin, Nehrəm qəsəbəsi, Şahbuz rayonunun Külüs, Mahmudoba, Nursu kəndləri ərazilərində qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilib.  Babək rayonunda Uzunoba Su Anbarı yaxınlığında iki, “Əshabi-kəhf” ziyarətgahına gedən avtomobil yolunun kənarında, Şərur rayonunun Alışar kəndində və Kəngərli rayonunda Şahtaxtı Gömrük Sərhəd-Buraxılış Məntəqəsinə gedən avtomobil yolunun kənarında hər birində bir subartezian quyusunun tikintisi başa çatdırılıb. 
    Ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvandarlıq da xüsusi çəkiyə malikdir. Ona görə də heyvandarlığın inkişafı da 2022-ci ilin yanvar-sentyabr aylarında diqqətdə saxlanılaraq 38 heyvandarlıq təsərrüfatı yaradılıb, 28 heyvandarlıq təsərrüfatı genişləndirilib. 12 heyvandarlıq təsərrüfatının yaradılması,          1 heyvandarlıq kompleksinin yenidən qurulması və 10 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 2022-ci ilin yanvar-sentyabr aylarında 11 milyon 762 min 200 manat kredit verilib.
    Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 4 oktyabr tarixli Fərmanının icrası bu sahənin inkişafına yeni imkanlar yaradıb. 2022-ci il 1 oktyabr tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 127 min 184 baş, qoyun və keçilərin sayı 784 min 935 baş olub. Yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 21512,5 ton ət, 75794,5 ton süd istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 və 1,4 faiz çoxdur.
    Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə həmin dövrdə 2 quşçuluq təsərrüfatı yaradılıb, 1 quşçuluq təsərrüfatının yaradılması, 1 quşçuluq təsərrüfatının yenidən qurulması davam etdirilir.    
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası arıçılara xeyli uğurlar qazandırıb. Qeyd edək ki, bəhs olunan dövrdə 1 damazlıq ana arı yetişdirmə təsərrüfatı və 9 arıçılıq təsərrüfatı yaradılıb, 5 arıçılıq təsərrüfatı genişləndirilib, 3 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Təsərrüfat subyektlərinə 2022-ci ilin yanvar-sentyabr aylarında 547 min 200 manat kredit verilib. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi bu sahəyə marağı daha da artırıb. 
    Muxtar respublikada kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, istehsal edilən məhsulların ixrac potensialının artırılması və  kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması  məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilib. Bəhs olunan dövrdə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 14 milyon 234 min 900 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 9,5 faiz çoxdur.
    Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2022-ci ilin yanvar-sen­tyabr aylarında bir il öncəyə nisbətən 3,7 faiz çox, yəni 431 milyon 374 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu məhsullar isə ərzaq təhlükəsizliyinin təmin edilməsində başlıca rola malikdir.
    Göründüyü kimi, muxtar respublikada ərzaq təhlükəsizliyinə nail olunması istiqamətində həyata keçirilən tədbirlər çoxşaxəlidir və bəhrəsini verməklə diyarımızda ərzaq təhlükəsizliyi kimi mühüm bir məsələ öz həllini tapıb.

Anar QASIMOV

Nəşr edilib : 27.10.2022 18:24