AZ EN RU

Ermənistanın təxribatı nəticəsində yaralanmış azərbaycanlı hərbçi hadisənin necə baş verdiyini açıqlayıb

Erməni hərbçilərinin yaraladığı azərbaycanlı hərbi qulluqçu, əsgər Pərviz Ağakişi oğlu Xəlilzadənin son durumu məlum olub. O, müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında AZƏRTAC-a açıqlamasında vəziyyətinin normal olduğunu deyib. Hərbçi hadisə anını da xatırlayıb və bildirib ki, hadisə vaxtı sərhəd döyüş məntəqəsində xidməti vəzifəsini yerinə yetirirmiş, yəni qarşı tərəfin postunu müşahidəsini aparırmış:

“Bu zaman güllə səsi eşitdim. Bir an içərisində özümü yerdə hiss etdim”- deyə P. Xəlilzadə qeyd edib.

Xəstəxananın spinal neyrocərrahiyyə şöbəsinin müdiri Rasim Quliyev də hərbçi qulluqçunun vəziyyəti barədə açıqlama verib. O, AZƏRTAC-a bildirib ki, dünən axşam hərbçi Pərviz Xəlilzadə ağır vəziyyətdə xəstəxanaya daxil olub.

“Xəstə təxirəsalınmaz şəkildə əməliyyata götürüldü. Əməliyyat nəticəsində metal yad cisim onun onurğa kanalından müvəffəqiyyətlə xaric edilib. Hazırda xəstənin vəziyyəti dünənkinə nisbətən yaxşıdır. Planımız ondan ibarətdir ki, yaxın 4-5 gün ərzində xəstə müalicəsini ixtisaslı xəstəxanada, daha sonra isə Sərhəd Qoşunlarının Hərbi Hospitalında davam etdirilsin” - deyə R.Quliyev vurğulayıb.

Xatırladaq ki, fevralın 12-də saat 13:37-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Atəş nəticəsində Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.

Nəşr edilib : 13.02.2024 15:07