AZ EN RU

Ermənistanın növbəti şou xarakterli təxribatı onun sülhsevər olmadığını açıq-aydın göstərir

    Vətən müharibəsində ölkəmizin əldə etdiyi şanlı Zəfərdən sonra kapitulyasiya aktına imza atmaqla məğlubiyyətini qəbul edən, ötən ilin oktyabr ayında keçirilən Praqa və Soçi görüşlərində 1991-ci il Almatı Bəyannaməsi əsasında ölkəmizin ərazi bütövlüyünü və suverenliyini, həmçinin Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyan Ermənistanın son vaxtlarda sərhəddə mütəmadi olaraq törətdiyi təxribatlar, eləcə də Laçın yolunun blokadada olması ilə bağlı yalan məlumatları, şou xarakterli oyunları beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib, eyni zamanda planlaşdırılan sülh prosesindən hər mənada yayındığının, hələ də öz talançı, riyakar, ikiüzlü siyasətini davam etdirdiyinin bariz göstəricisidir. Ölkə başçısının da dəfələrlə qeyd etdiyi kimi: “Laçın-Xankəndi yolunda hər hansı bir blokadadan söhbət gedə bilməz”. Faktlar da göstərir ki, ilk gündən Laçın yolu bağlanmamış, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar yüklər rahat şəkildə yoldan keçmişdir. 

    Müharibədən sonra üzərinə götürdüyü öhdəlik­ləri kobud şəkildə pozan Ermənistan Laçın yolundan sui-istifadə edərək hərbçilərin rotasiyasını həyata keçirir, Azərbaycanda mina təhdidini, təbii sərvətlərin qanunsuz istismarını davam etdirir, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz keçidinə şərait yaradırdı. Mülki insanlarımızın həyatı üçün də təhlükə yaradan bu amillər Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını labüd etmişdi. Dövlətimizin öz suveren  hüququndan istifadə edərək Ermənistanın qanunazidd fəaliyyətlərinin qarşısını almaq məqsədilə  aprelin 23-də qurulan bu məntəqədən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılmışdı. Laçın-Xankəndi yolunda Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsi yaratması ilk gündən Ermənistan rəhbərliyini və onların havadarlarını daha da qıcıqlandırmış, bu addımı qarabağlı ermənilərin birmənalı olaraq Azərbaycanın girovuna çevrilməsi kimi cəfəng bəyanatlarla çıxış etmişdilər. 
    Ermənistan Laçın-Xankəndi yolunun guya blokadada olması barədə yalan məlumatlar yaymağa davam edir, siyasi manipulyasiya və spekulyasiya siyasətini davam etdirir, bununla da öz məqsədlərini və planlarını həyata keçirirdi. İyulun 15-də Brüsseldə Ermənistan və Azərbaycan liderləri arasında Avropa Şurası sədrinin vasitəçiliyi ilə keçirilmiş son danışıqlar zamanı Ağdam-Xankəndi yolunun daha çox çatdırmalar üçün istifadə edilməsi ilə bağlı razılıq əldə edilsə də, Ermənistan yalnız Laçın yolundan istifadədə israr edərək  “bölgədə gərgin humanitar vəziyyət” iddiaları ilə yalan təbliğat kampaniyalarına davam etdi. Ötən gün Ermənistan tərəfi ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı növbəti təxribat törədərək Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərmişdi. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan ərazilərinə yük göndərilməsi cəhdi ilə bağlı açıqlamasına dair şərhində Ermənistan tərəfini Azərbaycan ərazilərinə təcavüz və işğal nəticəsində soyqırımı daxil, insanlıq əleyhinə cinayətlərə, etnik təmizləmə siyasəti və törətdiyi əməllərə görə üzr istəməyə çağırmış, həmçinin şərhdə o da bildirilmişdir ki, Ermənistan tərəfi, həqiqətən də, bölgədə sülh və sabitliyə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi, həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir... 
    Bu mənada, Ermənistan təxribatlarına göz yuman və qərəzli şəkildə Azərbaycana qarşı çağırışlar edən Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 27 iyul tarixli bəyanatında Azərbaycanın Laçın yolunu blokadada saxladığı barədə iddiasını sözdə beynəlxalq hüquq müstəvisindən çıxış edən bu dövlətin növbəti riyakarlığının, ermənipərəst mövqeyinin göstəricisidir. Eyni zamanda Ermənistanın düzənlədiyi bu qondarma şouda Qərb nümayəndələrinin canfəşanlığı onların məqsədinin  yalnız beynəlxalq ictimaiyyəti yanlış yönləndirmək olduğu aydın görünür.
    Müharibədən sonra verdiyi sözləri tutmayan Ermənistan rəhbərliyi Azərbaycanın sülh təşəbbüsünə biganə yanaşdığını təxribatçı əməlləri ilə açıq-aydın göstərir. İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyevin bu sözləri bloklayan tərəfin kim olduğunu bir daha təsdiq edir: “...Yenidən inteqrasiya məsələsi Qarabağın erməni sakinlərinin bax bu yanlışlardan, onları girov götürən, qul kimi istismar edən bu xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır. İndi də istismar edirlər, çünki ekofəallar Laçın-Xankəndi yoluna çıxanda, Xankəndidəki sözdə “erməni rəhbərliyi” sadə vətəndaşlara bu yoldan istifadə etməyə icazə vermirdi. Onlar blokpost qoyaraq bizi blokadada ittiham edirdilər. Bu gün onlar yenə Ağdam-Əsgəran yolunda beton plitələr qoyublar. Siz “nə üçün ərzaq məhsulları başqa ölkədən gətirilməlidir? Axı “Qarabağ Azərbaycandır” dediniz. Elədirmi? Bunu hamı təsdiq edir? Hamı təsdiq edir. Kimsə bunun belə olmadığını deyirmi? Yox. Onda niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır. Lakin bu jesti qəbul etmək əvəzinə orada beton bloklar qoyulur. Kim-kimi bloklayır? Ona görə də bütün məsələ bundadır”.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 28.07.2023 18:27