AZ EN RU

Ermənistanın növbəti ekoterroru yolverilməzdir

    Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun yaxınlığında, daha dəqiq desək, Arazdəyən kəndində ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Vaxtilə Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz xətti üzrə Araz çayı boyunca dəmir yolu işlək olub. Ərazidə zavodun tikintisinə 70 milyon dollar Amerika sərmayəsinin qoyuluşu nəzərdə tutulur. Dəhşətli burasıdır ki, bu bölgədə ağır sənaye zavodunun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Zavodun burada tikilməsinin məqsədi isə bölgəyə hakim olan şimal küləyi vasitəsilə zəhərli tüstünü Sədərəyə sovrulacaqdır.

    Beynəlxalq hüquqa görə, hər bir ölkə öz ərazisində təsərrüfat fəaliyyəti ilə məşğul ola bilər. Lakin həmin fəaliyyət digər ölkənin ərazisinə təsir edirsə, bu mütləq razılaşma yolu ilə beynəlxalq hüquq və beynəlxalq ekoloji hüquq normalarına uyğun həyata keçirilməlidir. Ermənistanın tarixi Azərbaycan torpağı Arazdəyəndə Araz çayı üzərində xarici sərmayədarlarla birgə tikdiyi metallurgiya zavodu haqlı olaraq ölkəmizdə ciddi narahatlıq və etiraz doğurur. 
    Bu zavodun tikintisi barədə, hətta Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan da öz sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, hazırda 70 milyon ABŞ dolları sərmayə ilə böyük erməni-Amerika metallurgiya zavodu tikilir. İstehsal hündürlüyü 30 metr, sahəsi 16 500 kvadratmetr olan binadır və burada ildə 180 min ton məhsul istehsal olunacaq. Artıq 200 nəfər işləyir, işə salındıqdan sonra isə 1000 nəfər işləyəcək. 
    Sədərək rayonunun yaxınlığında inşa edilən bu zavod yerli sakinləri xüsusilə narahat edir. Kənd sakini Vahid Seyidov deyir ki, mənfur qonşularımız hələ ötən əsrin ortalarında da burada belə bir zavod tikmək istəmişdilər: “Lakin kənd camaatının gəlişindən sonra o zaman zavodun tikintisinə icazə verilməmişdi.  İndi yenidən zavod inşa etmək istəyirlər. Metallurgiya zavodunun inşası bizim üçün böyük təhlükədir. Çünki zavodun tüstüsü birbaşa Sədərək rayonuna sovrulacaq ki, bu da müəyyən xəstəliklərin çoxalmasına, hətta yeni xəstəliklərin yaranmasına da səbəb olacaq. Bunun qarşısı dərhal alınmalı və tikinti dayandırılmalıdır. Əvvəllər olduğu kimi, biz – Sədərək sakinləri yenə etirazımızı bildirəcəyik”. 
    Bu zavodun məqsədli şəkildə ölkəmizlə sərhəddə, Arazın Azərbaycana tökülən girəcəyində tikilməsi isə ekoterrordur. Metalların zəhərli tullantıları həm Araz çayına, həm də “Şir arxı”na axıdılmaqla burada olan yüzlərlə köçəri quşun və balığın məhvi deməkdir. Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi bu gün də davam edir. Bu isə Arazqırağı ərazilərdə fauna və floranın məhvinə səbəb olur. Demək olar ki, artıq bir çox bitki və heyvanların təbiətdən yox olması təhlükəsi yaranıb. Son zamanlar aparılan müşahidələr zamanı müəyyən edilib ki, çayın suyu qatılaşıb, rəngi dəyişilib. Bütün bunlara baxmayaraq, Ermənistan təbiət əleyhinə yönələn əməllərini hələ də davam etdirir.
    Sədərək rayon sakini Emin Hüseynzadə deyir ki, metal zavodları olan yerlərdə onkoloji xəstəliklərin də artması hər kəsə bəllidir: “Ermənistanın bu zavodu Azərbaycanla sərhəddə tikməsi isə öncədən düşünülmüş bir haldır. Sərhəddə bu tipli zavodun inşasının qarşısı alınmalıdır, əks halda böyük fəlakətlər ola bilər. Zəhərli tüstü insanlarda bir çox xəstəliklər yaradacaq”. 
    Zavodun fəaliyyətə başlamasından sonra onun yaratdığı təhlükə təkcə Araz çayının çirkləndirilməsi ilə yekunlaşmır. İstehsal zamanı müəssisənin atmosferə atacağı qaz və metal tozlar külək vasitəsilə ətrafa yayılacaq. Bu isə sərhəddə yerləşən yaşayış məntəqələrimiz, eyni zamanda muxtar respublikamız üçün təhlükəlidir. 
    Qeyd edək ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərən qanunsuz fəaliyyəti ilə bağlı bəyanat da yayıb. Bəyanatda qeyd olunur ki, belə bir zavodun tikilməsi Ermənistanın “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Konvensiyasının (Espo Konvensiyası) müddəalarını kobud surətdə pozması deməkdir. Belə ki, Espo Konvensiyasının müddəalarına görə, Konvensiya tərəfi öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə Azərbaycanın və təsirə məruz qalan ərazilərdə ictimaiyyətin transsərhəd ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunda iştirakını təmin etməli idi. Bəyanatda deyilir: “Bildiririk ki, Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Bir müddət əvvəl Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı iddia irəli sürmüş və Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmışdır. 
    Hamıya məlumdur ki, Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir. Bu faktlar göstərir ki, Ermənistanın bu cür qanunsuz fəaliyyətləri təkcə Azərbaycanın deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrilib. Ermənistanın regionun ekoloji təhlükəsizliyinə zərbə vuran, beynəlxalq hüquq normalarına zidd olan əməllərini qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti bu məsələyə xüsusi diqqət göstərməyə çağırırıq”.     Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) da Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə səbəb olacaq layihəsi əleyhinə bəyanat yayıblar. Bəyanatda vurğulanır ki, bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də, ümumilikdə, bölgə üçün ciddi ekoloji təhdid yaradır. 
    Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Ermənistanın bu tələblərə riayət etməməsi bir daha onu göstərir ki, bu “zavallı” dövlət regionda destruktiv siyasət aparır, tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozur.
    Bəyanatda deyilir: “Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji terror və ekosid siyasətinin aparılması yenilik deyil. “Metsamor”un uzun illər regionun ətraf mühitinə təhdid kimi qalması, işğal dövründə Qarabağda törədilmiş genişmiqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır. Ermənistan Oxçuçayı kəskin şəkildə çirkləndirib. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi hissənin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyub. Alman şirkəti “Cronimet” bu ekoloji cinayətdə Ermənistanla birgə iştirak edib. Təəssüflər olsun ki, bu günə qədər də Almaniya hökuməti bu istiqamətdə heç bir praktiki addım atmayıb. Törətdiyi ekoloji cinayətlərlə Ermənistan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və sanitariya ilə bağlı 6-cı, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair 13-cü, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərinin tamamilə əleyhinə gedir”.    
    Qeyri-hökumət təşkilatlarının Amerika Birləşmiş Ştatları (ABŞ) hökumətinə, Azərbaycandakı və Ermənistandakı ABŞ səfirliklərinə, müvafiq beynəlxalq təşkilatlara müraciətlə hazırlanan bəyanatında vurğulanır ki,  2022-ci ildə BMT təmiz, sağlam və davamlı ətraf mühiti insan hüququ kimi tanımışdır. Ermənistan ekologiyaya ciddi ziyan vurmaqla Azərbaycan, o cümlədən region əhalisinin insan hüquqlarını kobud şəkildə pozur. Bundan başqa, müxtəlif beynəlxalq sənədlər, o cümlədən biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir. Bu halda da Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur və sırf özünün iqtisadi maraqlarını önə çəkir.     
    Bəyanatda deyilir: “Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları olaraq biz, başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq”.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 08.06.2023 19:37