AZ EN RU

Ermənistan təxribatlar törətməyi dayandırmalı, sülh üçün çalışmalıdır

2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatmasından üç il keçməsinə baxmayaraq Ermənistan tərəfi öz işğalçılıq, təxribatçılıq siyasətindən əl çəkmir. Dəfələrlə tərəflər arasında baş tutan iki tərəfli, beynəlxalq səviyyədə görüşlər həmişə Ermənistanın əsl məqsədini, iç üzünü, sülh məsələsinə laqeydliyini ortaya qoyub. Bu görüşlərdən çıxan nəticədən isə aydın olur ki, Ermənistan sülh istəmir və ya bu danışıqları yubatmaqla, sülh prosesinə uymayan təkliflər irəli sürmək vəmütəmadi olaraq sərhəddə təxribatlar törətməklə hansısa çirkin məqsədlərini həyata keçirməkdə davam edir.

Ermənistan sərhəddə təxribatlar törətməyə davam edir, ona görə ki, hələ də acı məğlubiyyətini həzm edə bilmir, acıq çıxmaq istəyir. Bəlkə, 30 il bundan əvvəlki planlarını yenidən işə salmaq istəyir?. Lakin, artıq bu mümkün deyil. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Günnüt zəfəri, həmçinin həmin il iyul ayında Tovuz əməliyyatı, ən əsas isə İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu onlara layiqincə dərs verib. Prezident cənab İlham Əliyev dəfələrlə beynəlxalq konfranslardan Ermənistanı təxribatçı əməllərdən çəkinməyə, sülh dövrünə qədəm qoymağa çağırsa da bədnam qonşumuz öz mənfur xislətindən əl çəkmir ki çəkmir. Ən əsası da işğaldan azad edilmiş ərazilərdə müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingenti üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsini qeyd-şərtsiz və tam təmin etmir. Bu səbəbdən də Ermənistan hərbi təxribatlar törətməyə davam edir.                                                     Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində iki şəhidimiz olub. Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir. Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür – deyə məlumatda bildirilir. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun mövqeləri atəşə tutulur. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür, təxribatçı cəhdlərin qarşısı alınır. Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək mina təhdidlərini də davam etdirir. Bu Ermənistanın sülh təklifi qarşılığında Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür. Bu gün hər hansı erməni təxribatı Ordumuz tərəfindən layiqincə cavabını alır. Ermənistan tərəfi də böyük itkilər verir. Prezident cənab İlham Əliyev deyib: “Artıq vizual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq. Hesab edirəm ki, artıq üç dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq”.      

Ölkəmiz Cənubi Qafqazda daim sülhün, sabitliyin, təhlükəsizliyintərəfdarı kimi çıxış edir. Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda Prezident cənab İlham Əliyev Ermənistanla sülhün Cənubi Qafqazda təhlükəsizlik üçün önəminə toxunaraq vurğuladı ki, hazırda Azərbaycan Ermənistan ilə sülh sazişi üzərində çalışır. Dövlətimizin başçısı ümid etdiyini bildirib ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər... Lakin Ermənistanın baş naziri NikolPaşinyanın heç bir fakta əsaslanmayan, dolayı fikirlərindən aydın oldu ki, onların sülh məsələsindən də “vacib” başqa işləri vardır.

Ermənistan nəhayət başa düşməlidir ki, sülh, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılması ən çox onun xeyrinə olacaq. Bununla həm Ermənistan qonşuları ilə münasibətlərini normallaşdıra, həm də yeni iqtisadi əlaqələr yaratmaqla ölkəsinə fayda verə bilər. Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır.

Əgər təxribatçılıq, terrorçuluq mövqeyindən əl çəkməzsə, o zaman Prezident cənab İlham Əliyevin dediyi kimi: “Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün... Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 06.03.2023 20:23