AZ EN RU

Ermənistan ona uzanan sülh əlini kəsmək istəyirsə…

Fevralın 12-də Ermənistan ordusunun snayperinin Qafan rayonu ərazisində yerləşən Nerkin-Hand kəndi yaxınlığındakı mövqeyindən Zəngilan istiqamətində atəş açması ilə bir neçə aydır təmas xəttində hökm sürən  sabitlik pozuldu. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadənin yaralanması da hadisə ilə bağlı yayılan ilk məlumatlar sırasında idi. Fevralın 13-də isə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq qisas əməliyyatı keçirildiyini, düşmən mövqeyinə sarsıdıcı zərbələrin endirildiyini öyrəndik. İlkin olaraq iki erməni hərbi qulluqçusunun öldüyü xəbərləri yayılsa da, günorta saatlarında erməni tərəfinin də rəsmi məlumatlarına görə ölənlərin sayının dörd (artmaq ehtimalı da var) olduğu üzə çıxdı.

         Azərbaycan tərəfi üçün gözlənilməz idimi? Xeyr. Onsuz da Vətən müharibəsindən sonrakı dövrdə Ermənistanda gedən proseslər bu ölkənin revanşa hazırlaşdığını göstərirdi. Hətta çoxsaylı ekspertlər də mütəmadi olaraq bu haqda proqnozlar verirdilər. Avropa İttifaqı missiyası üzvlərinin Azərbaycanla şərti sərhəd xəttinə müşahidəçi qismində yerləşdirilməsi, Ermənistanın Hindistan və Fransadan yeni silahlar alması, fransız generalın Ermənistana səfəri, çoxsaylı ABŞ təlimatçılarının Ermənistanda çalışması, Çexiya casusunun saxlanması və digər faktlar siyasi təhlilçilər tərəfindən Ermənistanın hərbi əməliyyatlara hazırlanması kimi şərh edilirdi. Və bu da özünü çox gözlətmədi.

Baş vermiş təxribata kompleks şəkildə yanaşsaq, görərik ki, snayperin işə salındığı ərazi ön xətdir və bu sahə avropalı missiya üzvlərinin fəaliyyət göstərdikləri ərazidir. Digər tərəfdən erməni hərbçilərinin bu istiqaməti seçməsi də təsadüfi deyil. Çünki, həmin mövqelərdə Azərbaycan Ordusunun bölmələri yox, sərhədçilər yerləşir. Ancaq Dövlət Sərhəd Xidmətinin keçirdiyi qisas əməliyyatı təsdiqlədi ki, sərhədçilərimiz dövlət sərhədinin mühafizəsi üçün bütün imkanlara və qüvvəyə sahibdir.

Amma vurğulamaq lazımdır ki, təxribat baş verən gün dərhal reaksiya verilmədi. Bu məlumatın yayılması ilə DSX təxribat haqda informasiya və video-sübutu təqdim edərək, nə baş verdiyini aydın şəkildə hər kəsə nümayiş etdirdi. Azərbaycan tərəfi yalnız bu video-sübutları ictimailəşdirdikdən sonra qarşı tərəfə cavab verildi.

Ermənistanın planı aydın idi: Azərbaycan tərəfini bölgədə yerləşən Avropa missiyası üzvlərinin də “qeydə aldığı” hücumda günahlandırmaq, Azərbaycanı Ermənistandan yeni ərazilər “qoparmaqda” ittiham etmək və belə bir ölkə ilə sülh sazişi üçün heç bir real əsasın olmamasını bütün dünyaya car çəkmək.  

Artıq Ermənistan və havadarlarının gözlədikləri özünü doğrultmadı. Çünki belə vəziyyətdə nə AB missiyası, nə Ermənistan müdafiə nazirliyi, nə də onların havadarları iddia sürə bilməz. Azərbaycan bütün prosesi rəsmiləşdirib ictimailəşdirdikdən sonra cavab hüququndan istifadə edib. Maraqlı burasıdır ki, AB missiyasının nümayəndələri hələ də susur və baş vermiş hadisə haqqında “pozuntunu” qeydə almır.

Bu təxribat ilk deyil, görünən odur ki, son da olmayacaq. Çünki təxribatın baş verdiyi ərazi, əvvəldə də dediyimiz kimi, AB missiyasının fəaliyyət zonasıdır. Buradan isə o nəticəyə gəlmək mümkündür ki, Ermənistan AB-nin qurduğu hansısa bir planın içərisindədir. Bu planda isə Cənubi Qafqazın daim gərginlikdə saxlanılması, sülhə gedən yolun bağlı qalması, Qərbin hərbi baxımdan bölgəyə yerləşdirilməsi və sair var.

Görünən odur ki, Ermənistan Azərbaycanın ona uzatdığı sülh əlini ancaq kəsməyi düşünür və bu təlimatı Avropadakı ağalarından alır. Gözləyək, görək Azərbaycanın gücü qarşısında nə qədər davam gətirəcəklər. Axı, sülh əsas onlara lazımdır…

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 13.02.2024 18:07