AZ EN RU

Ermənistan davamlı təxribatları ilə sülhə açıq-aşkar təhdid yaradır

Artıq iki ildən çoxdur ki, Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edib. Eyni zamanda, ilk gündən belə bir bəyanatı da səsləndirib ki, təklif uzun müddət masa üzərində qalmayacaq. Bununla bağlı müxtəlif səviyyələrdə, məkanlarda görüşlər, danışıqlar aparılır. Moskva, Soçi, Brüssel, Praqa, ABŞ, Kişineu görüşlərinin hər biri irəliyə doğru addım, Azərbaycanın diplomatik qələbəsi kimi dəyərləndirildi. Keçirilən hər bir görüşdən öncə diqqət çəkən məqam budur ki, Ermənistan danışıqlar prosesinə mane olmaq üçün hərbi təxribatlara daha çox maraq göstərir, bununla da prosesi uzatmaq istəyini açıq-aşkar nümayiş etdirir. Otuz illik işğal dövründəki vəziyyətin təkrarlanmasında maraqlı olan işğalçı Ermənistan unudur ki, bugünkü Azərbaycan o dövrün Azərbaycanı deyil. Bu gün ölkəmiz qalib tərəf olaraq reallıqları özü diktə edir. Bu reallıqların qəbulu istiqamətində atılan addımların uğurlu nəticələri Azərbaycana beynəlxalq dəstəkdə özünün aydın ifadəsini tapır. İşğal dövründə Ermənistana dəstək missiyasını yerinə yetirən Fransa kimi dünyanın bəzi dövlətləri bu gün də eyni vəziyyətin yaşanmasında maraqlı olsalar da artıq bunun mümkünsüzlüyünün fərqindədirlər. Sülh müqaviləsinin imzalanmasında, təbii ki, Ermənistan daha çox maraqlı olmalıdır. İlk növbədə o baxımdan ki, məğlub dövlət iqtisadi vəziyyətini yeni əməkdaşlıq formatlarına qatılmaqla, kommunikasiyaların açılmasına nail olmaqla yaxşılaşdıra bilər. Lakin son aylarda Ermənistanın sərhəd bölgələrində törətdiyi təxribatlara, atəşkəsin pozulması cəhdlərinə diqqət yetirsək görərik ki, işğalçı dövlət hələ də baş verənlərdən nəticə çıxarmayıb. Əvvəldə də qeyd etdiyimiz kimi, müxtəlif səviyyələrdə, məkanlarda sülh danışıqlarının aparılmasına baxmayaraq Ermənistanın çirkin niyyətlərindən əl çəkmək istəməməsi hələ də dünya çapında beynəlxalq hüququn işləməməsinin təsdiqidir. Beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizmin olmaması problemlərin yaşanmasına, Ermənistanın hələ də verilən dərslərdən nəticə çıxarmamasına səbəb olur.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib.

O qeyd edib ki, Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyəndə iri metallurgiya zavodu inşa etməyə hazırlaşması növbəti ekoloji cinayətdir. Belə ki, işğalçı ölkə yenə də beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur, dünyanın bəzi dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar isə susmaqda davam edir. İyunun 15-də Laçın sərhəd-buraxılış məntəqəsinin Ermənistan tərəfindən atəşə tutulması beynəlxalq hüququn normalarının pozulması, müstəqil Azərbaycana qarşı törədilən növbəti təxribat kimi qəbul olunur. Xarici İşlər Nazirliyinin bəyanatında bu mühüm məqam qeyd edilir ki, bu hərbi təxribat Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz olmaqla yanaşı, sərhəd-buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə maneçilik törətmək məqsədi daşıyır.

Baş redaktor onu da əlavə edib ki, son günlərdə Naxçıvan, Zəngilan, Gədəbəy, Şuşa rayonu istiqamətində yerləşən mövqelərimizin erməni silahlıları tərəfindən atəşə tutulması faktları da təsdiqləyir ki, Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı hərbi təxribat da daxil olmaqla erməni silahlılarının sərhəddə yaratdıqları gərgin vəziyyət ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə təcavüzdür. Ermənistanın sərhəd bölgəsində törətdiyi təxribatların davamlılığı təsdiqləyir ki, işğalçı dövlət açıq-aşkar sülh istəmir. Əvvəldə də qeyd etdiyimiz kimi, 30 il davam edən işğal dövründə danışıqlar prosesinə imitasiya naminə qatılan Ermənistan sonda 44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu. Həmin dövrün reallıqlarına nəzər salsaq görərik ki, hər bir sülh danışığı ərəfəsində Ermənistan tərəfindən hərbi təxribatların törədilməsi artıq ənənə halını almışdı. Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların intensivləşdiyi, Brüssel formatının yenidən bərpa olunduğu indiki məqamda işğalçının vədlərinə əməl etməməsi, hərbi təxribatlar törətməklə vaxt qazanmağa çalışması artıq müxtəlif sualların yaranmasına səbəb olmaya bilməz. Ermənistan ölkəmizin təqdim etdiyi və beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsini, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, amma fürsət düşən kimi təxribatları ilə gündəmdə olur. Dövlətimizin başçısı İlham Əliyevin elə bir görüşü, beynəlxalq səviyyəli tədbirlərdə elə bir çıxışı yoxdur ki, postmünaqişə dövrünün reallıqları fonunda sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlardan, onun nəticələrindən bəhs etməsin. Prezident İlham Əliyev bu günlərdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri zamanı mətbuata birgə bəyanatlarında diqqəti bu məsələyə yönəldərək bildirdi ki, bu sazişin imzalanmasının perspektivləri var, sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, işğalçı Ermənistana havadarlarının dəstəyi, beynəlxalq hüququn zamana və məkana görə tətbiqinin hələ də qüvvədə olması təcavüzkar dövlətin bu cinayətlərinin davamlılığına şərait yaradır. Hər zaman qeyd edildiyi kimi, işğalçı dövlətə zamanında sanksiyalar tətbiq edilsəydi, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT qətnamələrinin icrası üçün vahid mexanizm müəyyənləşdirilsəydi belə vəziyyətlər yaşanmaz, dünyada bir etimad mühiti formalaşardı. Tarixi Zəfərimizdən sonra dünyaya ünvanlanan çağırışlar sırasında BMT sisteminin tərkibinin genişləndirilməsi xüsusi yer tutur. Azərbaycanın bununla bağlı təklifləri də mövcuddur. Həmin tərkibdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təmsil olunması prioritet məsələlərdəndir. Ədalətin və beynəlxalq hüququn mövcudluğuna, bölgədə, ümumilikdə dünyada sülhün təmin olunmasına xidmət edəcək bu çağırışların hələ də bəyanat olaraq qalması, dünyanın aparıcı dövlətlərinin ikili standartlara əsaslanan siyasətlərinə son qoymaq haqqında düşünməmələri qarşılıqlı etimad mühitini sıfıra yaxınlaşdırır.

Nəşr edilib : 21.06.2023 17:49