AZ EN RU

Ermənilərin Laçındakı təxribatının əsl səbəbi – Rusiya və Fransanın birgə planı – ŞƏRH

İyunun 15-də Ermənistan silahlı qüvvələrinin "Laçın" dövlət sərhəd-buraxılış məntəqəsində həyata keçirdiyi təxribat məqsədyönlü xarakter daşıyırdı və bunun baş verməsində kənar qüvvələrin maraqlı olduğu ortadadır. Hərbi qulluqçumuzun yaralanması ilə nəticələnmiş təxribat Azərbaycanın suverenliyinə qarşı təcavüzün davamı kimi qəbul olunmalıdır. Azərbaycan dövləti tərəfindən sərhəd-buraxılış məntəqəsinin uğurlu fəaliyyətinin təşkil olunması, erməni sakinlərin təhlükəsiz və sərbəst keçidi müəyyən qüvvələrin maraqlarına cavab vermir. Buraxılış məntəqəsindən erməni sakinlərin heç bir çətinlik olmadan sərbəst hərəkətini həzm edə bilməyən dairələr Ermənistan-Azərbaycan münasibətlərini daha da pisləşdirməklə, gərginlik yaratmaqla sülh prosesinə mane olmaq istəyirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

O bildirilib ki, hazırda Azərbaycanla Ermənistan arasında gedən danışıqlar, sülh prosesinin intensivləşməsi həm Rusiyanı, həm də Ermənistandakı rusiyapərəst qüvvələri ciddi narahat edir. Bu təxribatın məhz sülh prosesinə zərbə vurmaq məqsədilə törədildiyinə yüksək əminlik var. Eyni zamanda, hazırda cərəyan edən proseslər Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə inteqrasiyası üçün yaxşı zəmin yaradıb və qarşıdan gələn dövrdə bu istiqamətdə irəliləyiş olması qaçılmazdır. Vəziyyətin bu istiqamətdə inkişafı Ermənistandakı rusiyapərəstlərin maraqları ilə üst üstə düşmür. Ermənistanın müxtəlif strukturlarında, o cümlədən hərbi sahədə mövqeləri güclü olan bu qrup hər vəchlə sülhün bərqərar edilməsinə, ermənilərin inteqrasiyasına, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına zərbə vurmağa çalışırlar.

“Hesab edirəm ki, postda baş vermiş təxribata cavab olaraq Azərbaycan Qarabağdan Ermənistana gediş-gəlişə nəzarəti gücləndirməlidir. Ermənistan təxribata görə məsuliyyəti üzərinə götürməli, təxribatı törədənlər məsuliyyətə cəlb olunmalıdır. Qarabağdakı ermənilərin sosial ehtiyaclarının ödənilməsinə gəlincə, onlar bizim vətəndaşlardır və Bakı onların təminatını həyata keçirmək imkanındadır. Nəhayət, biz Xankəndiyə daxil olmalıyıq və oradakı insanları ayrı-ayrı qüvvələrin təsir dairəsindən çıxarmalıyıq. Qarabağdakı ermənilər dinc, təhlükəsiz yaşamaq istəyirlər, onlar müharibədən, təxribatlardan, alət olmaqdan beziblər. Otuzillik kölə həyatı onları yorub. Nəhayət, Bakı Qarabağ ermənilərinə kömək əlini uzatmalıdır”, - deyə İltizam Yusifov vurğulayıb.

O qeyd edib ki, bütün hallarda Azərbaycan Ordusu keçid məntəqəsində baş vermiş xoşagəlməz hadisəni törədənləri cəzalandırmalıdır. Yayılan məlumata görə, əsgərimizi yaralayan erməni snayperlər məhv edilib. Ötən gün sərhəddə baş vermiş atışmalar ona dəlalət edir ki, ordumuzun qisas zərbəsi çox ölümcül olub. Münaqişənin eskalasiyasının genişlənməsi Ermənistan üçün yaxşı heç nə vəd etmir. Ermənistan sülh sazişi üzrə danışıqlar prosesini tamamilə şübhə altına alır. Erməni ordusu sərhəddən bir neçə kilometr uzaqlaşdırılmalı, orada bufer zona yaradılmalıdır ki, gələcəkdə dinc sakinlərimiz atəşə tutulmasın.

“Fransanın xarici işlər naziri Katrin Kolonna bir neçə gün öncə Laçın yolunun guya bağlı olmasını bəhanə edərək Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalara çağırmışdı. Sözdə Cənubi Qafqazda sülh prosesini dəstəkləyən Fransa əslində Ermənistanı Azərbaycana qarşı aqressiv siyasət yürütməyə sürükləyir. Ermənistan, Rusiya və Fransa Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmasından ciddi şəkildə narahatdırlar. Son məlumatlara görə, Fransa Ermənistanı silahlandırmağa da başlayıb. Rəsmi Parisin Ermənistana 50 ədəd zirehli texnika tədarük edəcəyi bildirilir.

Ukrayna müharibəsində dalana dirənən Rusiya isə Qərbin Ermənistanda möhkəmlənməsini qəbul edə bilmir. ABŞ və bəzi Avropa ölkələri Rusiyanı təkcə Ermənistandan deyil, ümumiyyətlə, Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyirlər.

Bu gün Azərbaycan dövləti, müzəffər Ordumuz hər cür təhdidin, təxribatın qarşısını almaq gücündədir”, - deyən deputat dövlətimizin bu proseslərdən qalib çıxacağına inamını ifadə edib.

Nəşr edilib : 16.06.2023 18:20