AZ EN RU

“Erməni xəstəliyi”nə İran darusu

Felyeton

Ötən günlərdə Tehrandakı Azərbaycan Respublikası səfirliyinə İranın molla rejiminin xüsusi xidmət orqanlarının tapşırığı ilə təşkil olunmuş xain terror əməlinin icraçısı Yasin Hüseynzadə bu işi yarıtmaz yerinə yetirib quyruq ələ verdiyi üçün ruhi xəstə adı ilə tələm-tələsik xəstəxanaya yatırıldıqdan sonra bu ölkədə “tolnebəxşiş” yəni reabilitasiya olunmaq istəyənlərin sayı yaman artıb. Xüsusən Cənubdakı Xoy şəhərində baş vermiş zəlzələdən sonra evsiz-eşiksiz qalmış azərbaycanlılara bir girvənkə düyü və bir aftafa da yardım etməyən fars-molla rejimi bunun əvəzində Qarabağdan qovularkən başına çömçə dəymiş pişiklər kimi səndəlləyib gic olmuş erməni dığaları üçün məxsusi bir pişvaz həvəsinə düşüb. Düşür-düşsün, işimiz yox. Kişvər onlarındı. Amma agah olan budur ki, bəli İkinci Qarabağ savaşından sonra ermənilərdən də pis pəjmürdə olmuş “ağalar” deyəsən Tehran səfirliyindəki rəzillikdən sonra artıq “islanmışın yağışdan nə qorxusu” – deyib əməlli-başlı girişiblər əsl qardaşlarını daha sıx qucaqlamağa. Düzdür, Şirazda bir çoxları hələ də ermənidən gələn çaxır qoxusunu xoşlamasalar da onlar bu erməni gədələrinin hətmən ki, Təbrizə də gətirilməyəcəyini yaxşı bilirlər. Təbriz, həmin Təbrizdir!  

Bizim rəhmətlik Mirzə Cəlil demişkən, – “pəs, a gədə, bunlar harada qalacax, nə yeyəcək?” Bax burda camaatın gözü bu günlərdə İrəvana səfərə gəlmiş ağayi Seyid Sultana çevriləndə o da deyəcək: “Baba, boş burax. Bir sözdür demişəm, bizim burada nəyimiz var, ərməniyə də baxaq. Nə zad ki var, kullən, veririk. Neft, qaz, ərzaq, paltar… Ermənilər aftafa tanimasalar da, amma unitaz veririk. Vəli bu xain, satqın insanlar əməli-saleh olmadıqları üçün Qarabağ savaşında mollalarımız nə qədər dua etdisə də, Xudafərindən o yana keçmədi. Yəni Araz qırağında toplanıb o taya həsrətlə baxan azərbaycanlıların səs-küyü bizim dualardan üstün oldu. İndi əlacımız qalıb bir ona ki, beş-on dığa gəlib İranın molla rejiminin darularından yesinlər ki, ta naxoş olmasınlar. Axı, üstündən az qala üç il keçib, hələ də sağalmayıblar!”.

Hə, ağayi Seyid! Axı seyidlər Peyğəmbər nəslindəndir! Elə isə bəs sənin İrəvanda oturduğun stolun üstündə konyak vurub, kef məclisi təşkil edənlərlə yan-yana nə işin vardı? – deyə bir gün soruşsalar nə cavab verəcəksən? Desələr ki, hələ yüz illər əvvəl müsəlmanlar bu torpaqlarda dən davası deyil, din davası edib şəhidlər veriblər axı! – bundan heç utanacaqsanmı? Bəs mən də səndən soruşuram. Üç saatdan sonra təsiri itən İranın molla rejimi darusuynan siz nəyi sağaldacaqsınız?! “Erməni xəstəliyinimi?!” Yox baba! Onun dərmanı bizdədir. Özləri yaxşı bilir. Bir dəfə başlarına dəyib!

SAVALAN

 

Nəşr edilib : 28.02.2023 12:41