AZ EN RU

Erməni vəhşəti Xocalı soyqırımı şahidlərinin xatirələrində...

        Laylay dedim yatasan,
        Qızılgülə batasan.
        Qızılgülün içində,
        Şirin yuxu tapasan.

    İlahi, nə gözəl sevgidir bir ananın sonsuz və təmənnasız məhəbbətlə övladına layla söyləməsi. Onun tez böyüməsi və xoşbəxt olması arzusu ilə usanmadan hər dəfə eyni qayğı ilə əzizləməsi, bəlkə də, nə qədər fərqli duyğunu, həyəcanı özlüyündə təcəlla edir. İlahi, həm də necə çətindir canından bir parça olan körpə övladın ayazlı, şaxtalı bir qış gecəsində nəvazişlə əbədi yuxuya tapşırılması. 
    Öz dəhşəti ilə insanlıq və humanizm prinsiplərinin qara ləkəsi olan Xocalı faciəsi ana və atalar övladlarını, övladlar gələcəklərini, bütöv bir şəhər isə ümumilikdə, hər şeyini itirdi. Həyat onlar üçün bir daha əvvəlki kimi olmadı. Bəli, ölüm Uca Yaradanın əmri, hər bir canlı üçün isə haqdır! Onun bizi harada və necə gözlədiyini bilmirik. Elə həmin səssiz gecə Xocalı sakinləri də onları nələrin gözlədiyini, azğınlaşmış mənfur düşmənin “nələrə qadir olduğunu” bilmirdilər... 
    Gecəyarıdır... Artıq fevral ayı təqviminə sıradan bir gecəni daha əlavə edir. Əvvəlki günlərdən 25 fevral – çərşənbə axşamı o müdhiş gecə ilə əvəzlənir. Birazdan dünya dinc əhalinin kütləvi qətliamına bir daha şahidlik edəcəkdi. Xatın, Holokost, Ruanda kimi acının, işgəncənin ən dəhşətlisini bu dəfə Qarabağ bölgəsində yerləşən balaca bir şəhər yaşayacaqdı... 
    Ermənilər bir insanlıq utancı olan Xocalı faciəsini törədirlər həmin gecə. Bu faciə görünməmiş amansızlıq, qətl faktları, eyni zamanda öz miqyası ilə tarix səhifələrində ermənilərin xislətini bir daha bütün aydınlığı ilə təcəssüm etdirir. Şübhəsiz ki, Xocalı faciəsi erməni və havadarlarının insanlıq adına ən böyük cinayətlərindən biri, həmçinin yüzlərlə Vətən oğlunun mübarizlik simvoludur.
    Xocalı bu gün həm də şəhidlərlə yanaşı, baş verən vəhşəti bütün iliklərinə qədər yaşamış şahidlərin şəhəridir. Erməni xislətini gözləri ilə görmüş, fəryad edən körpələrin səsini eşitmiş, doğma ocaqlarında yuvasız qalmış sakinlərin əzəli torpağıdır. Bu dəhşətli soyqırımı faktları şahidlərin yaddaşında, arxivlərdə, mətbuat səhifələrində, foto və videolarda yaşayır.
    Xocalıda baş verən hadisələrdən bixəbər, sabahın qayğısı ilə gecəyə gözlərini yuman Dürdanə və Elşad adlı bacı və qardaş vardı. Ailəsi vaxtsız köçən bu bacı qardaş ikinci zərbəni də elə mənfur düşmənin hücumundan sonra o qanlı gecədə aldılar. Qardaş əli-qolu bağlı əsir, bacı isə azğın düşmən əlində. İfadə etməsi çox çətin, mümkünsüzdür. Dürdanə Ağayeva həmin gecəni belə xatırlayır: – Xocalıya hücum olunan gecə biz meşəyə üz tutduq. Buz kimi havada qarı yara-yara Ağdam istiqamətinə qaçırdıq. Qara Qayanın üstündə əsir düşdük. Xocalının yükü balaları idi. Elə bir ana yox idi ki, onun bağrında övladı olmasın. Xankəndidən Əskərana əsir aparanda məndən soruşdular ki, “eviniz haradadır?” Evimiz yol qırağında idi, – deyə göstərdim. Aparıb öz həyətimizdə qardaşımın gözü önündə məni döydülər. Bütün ermənilər də bizi dairəyə almışdı.. Səkkiz gün əsirlikdə qaldım. Heç vaxt o günləri unutmaram. 
    Xocalı qətliamının ilk şahidlərindən olan, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviç isə müsahibələrinin birində deyirdi: “Xocalıda sinəsindən 10-a yaxın güllə yarası alan 5-6 yaşlarında uşaq meyiti vardı. Həmin vaxt ata hissiyyatını tamamilə itirmişdi”. 
    Səngiməyən o dəhşətli anların, acıların qəhrəmanlarından biri də Xocalıda 4 uşağı ilə 10 günlük girovluq həyatı yaşayan Mehriban Bəkirovadır. Mehriban xanım əlində olan yaylığı üzünə sıxaraq axan gözyaşını silir, səsi titrəyərək o günləri belə xatırlayır: “...Atışma, mərmilərin partlaması o qədər şiddətli idi ki, uşaqları da götürüb qonşularla birgə sığınacağa girdik. Orada bizi tapdıqdan sonra qolumuzdan, saçımızdan tutub, sürüyə-sürüyə çölə çıxardılar. Üçgünlük körpə uşağımı əlimdən alıb yerə çırpdılar. Uşağı götürmək istəyəndə kürəyimdən təpiklə vurdular. Üzüüstə yerə yıxıldım. Durub uşağa tərəf qaçanda bu dəfə başıma avtomatın arxasıyla zərbə endirdilər. Övladıma çatıb, onu götürəndə isə təpiklə bələkdə olan uşağımı vurmağa başladılar”. Ana, haqlı olaraq, ah çəkir, fəryad edir: “Üçgünlük bir körpəyə bu cür davranmaq insanlığa sığarmı?”
    Həmin gecə qəlbi Vətən eşqi, azadlıq duyğuları ilə alışan, o cümlədən igidliyinə görə “Mixaylo” ləqəbi ilə şöhrət qazanan yurd fədailərindən biri də Tofiq Hüseynov idi. 
    “Xocalı balası, yerli müdafiə dəstəsinin komandiri Tofiq Hüseynov haqqında silahdaşlarından biri belə deyir: Fevralın 26-da 366-cı motoatıcı alayın köməyi ilə Xocalını viran qoyan ermənilər Kətik kəndi yaxınlığında üç gün mühasirədə saxladılar. Üç gün ermənilərin “təslim ol, səni sağ buraxaq” əmrini vecə almadı. Son gülləsinə qədər vuruşub, axırda qumbara ilə özünü partlatdı. Tofiqin meyitini alarkən ermənilərdən biri deyirdi: “Mən onu tanıyırdım. Bilirdim, o, necə oğlandır. Onu tutmağa çalışırdıq ki, 10-15 erməniyə dəyişək. Amma o kişi kimi vuruşurdu, kişi kimi də öldü”.
    Doğma Vətən torpağını canından əziz bilən, uğrunda can verməyə, qan tökməyə müştaq olan Xocalı cəngavərlərindən biri də Əlif Hacıyev idi. Həmin gün erməni vəhşiliyinin şahidi olan həmyerlilərimiz Əlifin göstərdiyi şücaətdən, keçdiyi şərəfli döyüş yolundan, xidmətlərindən iftixarla danışır: “Qüvvələr nisbəti qeyri-bərabər olduğundan təkidlə Əlifi geri çəkilməyə çağırırdılar. O, bir an belə bu haqda düşünmürdü. Əksinə mühasirədə qalan insanların təhlükəsiz vəziyyətdə Ağdama təxliyəsi üçün tapşırıq verdi. O dəhşətli gecədən salamat çıxmağımızda Milli Qəhrəman Əlif Hacıyevin müstəsna rolu oldu. Onun sayəsində biz sağ-salamat Ağdama çatdıq. Buna görə də ömrümüzün sonunacan ona minnətdar qalacağıq...”
    Əlif deyirmiş ki, ola bilər ki, Ağdam da, Şuşa da, Xocalı da alınsın. Amma vaxt gələcək Azərbaycanın qeyrətli oğulları bu torpaqları işğaldan azad edəcək. Son nəfəsinə qədər bu müqəddəs və şərəfli amal uğrunda qəhrəmancasına mübarizə aparan Əlif Hacıyev elə doğulub boya-başa çatdığı Xocalı torpağında da şəhidlik zirvəsinə yüksəldi.
    Xocalı sakinlərinin yurd sevgisi dəfələrlə közərsə də, heç bir vəchlə sönmədi. Gələcəyə olan nikbin baxış öz yerini heç zaman ümidsizliyə təslim etmədi. Çünki xocalılılar kimi bütöv Azərbaycan xalqı öz liderinə, xalq-ordu tandeminə hər zaman güvənib. Nəhayət, ən yeni tariximizə qızıl hərflərlə yazılan, hər bir azərbaycanlının qürur rəmzinə çevrilən 44 günlük Vətən savaşında torpaqlarımız düşmən işğalından azad edildi. Xocalı nisgilinin, erməni vəhşiliyinin qurbanı olan yüzlərlə Vətən övladının qisası məhz döyüş meydanında alındı. Üçrəngli, şanlı bayrağımız əbədi və əzəli Qarabağımızda – bütöv Azərbaycanda dalğalandı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu tarixi və parlaq QƏLƏBƏ öz yurdlarında yuvasız qalan həmyerlilərimizin dədə-baba torpaqlarına qayıtması üçün də münbit zəmin yaratdı. Qarabağ bu gün artıq döyüş meydanından geniş abadlıq, quruculuq meydanına çevrilib. Vaxtilə öz yurdlarından zorla çıxarılan soydaşlarımızın qədəmlərini böyük coşqu və sevinc hissi ilə qarşılayır bu torpaqlar. Deyirlər, “haqq nazilər, ancaq üzülməz”. Hər zaman haqqın, ədalətin bərpası uğrunda mübarizə aparan Azərbaycan xalq-lider tandemi ilə dosta sevinc, düşmənə isə gözdağıdır. Düşmən demişkən...
    Sirr deyil ki, əsrin qara ləkəsi Xocalıda itkin düşən yüzdən artıq soydaşımızın taleyi hələ də sual altındadır. Bu məqamda təəssüf doğuran prioritet məsələlərdən biri də Beynəlxalq Qızıl Xaç Komitəsinin ermənilərin bu addımlarına prinsipial yanaşmaması, onlara qarşı sərt tədbirlər görməməsi, ümumilikdə, “arzuolunmaz” siyasi nəticələrlə üzləşmək istəməməsidir. Əslində, fəaliyyəti hərbi münaqişə və zorakılıq qurbanlarının həyat və ləyaqətlərinin qorunması, onlara yardım göstərilməsi ilə bağlı olan bu təşkilatın nümayiş etdirdiyi fəaliyyətsizlik həm də hər cür zorakılıq aktının – terrorun, soyqırımların əleyhinə qarşı çıxan və antiterror Koalisiyasına qoşulan ilk ölkələrdən olan Azərbaycana qarşı qərəzli mövqe deməkdir. Təbii ki, “neytral” təşkilatların I Qarabağ müharibəsində qaçqın, itkin və girov düşmüş minlərlə həmyerlimizə qarşı biganə münasibət bəsləməsi və ikili standartlar tətbiq etməsi Ermənistanı öz məkrli siyasətindən dönməməyə daha da təşviq etməkdədir. Çağdaş dövrümüzdə insan cəmiyyətinin üzləşdiyi ən böyük bəlalardan biri hesab edilən terrorizm Ermənistanın xislətindədir və başda Beynəlxalq Qızıl Xaç Komitəsi olmaqla digər nüfuzlu qurumların bu xislət müqabilində çox yumşaq mövqe sərgiləməsi təəccüb və təəssüf doğurur!..

Arif BAYRAMOV
Naxçıvan Muxtar Respublikası Dövlət 
Miqrasiya Xidmətinin mətbuat və 
ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Nəşr edilib : 24.02.2023 21:27