AZ EN RU

Erkən və qohum nikahlarının mənfi nəticələrinə dair maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı  ilə “Gənclər arasında ailənin  və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin istiqamətləri: reallıqlar və qarşıda duran vəzifələr” mövzusunda  dəyirmi masa keçirilib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında 2020-ci il 23 iyun tarixli Qərarına uyğun olaraq Komitə tərəfindən müvafiq qurumlarla birlikdə maarifləndirmə tədbirləri təşkil olunub. Maarifləndirmənin əsas istiqamətləri gənclər arasında ailə dəyərlərinin və sağlam həyat tərzinin təbliği, ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı, erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi, onların səbəblərinin təhlili və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi, gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması, gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsidir.
Komitə sədri 2023-cü il ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib. 
Tədbir dəyirmi masa ətrafında müzakirələrlə davam edib. Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin aparat rəhbərləri, Şərur, Ordubad, Sədərək Rayon İcra Hakimiyyəti başçılarının müavinləri tərəfindən gənclər arasında maarifləndirmə işinin aparılmasında mövcud çatışmazlıqların aradan qaldırılması, həmçinin görüləcək işlərlə bağlı təkliflər səsləndirilib və geniş fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 02.04.2024 16:20