AZ EN RU

Erkən nikahların fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib

    “Erkən nikah ailə institutunun məhvidir” mövzusunda Ordubad rayonunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilmişdir.
    Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Əli Heydərov çıxış edərək xalqımıza məxsus zəngin ailə dəyərlərindən danışmışdır. Qeyd olunmuşdur ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurması özlərinin hər hansı bir şəxs tərəfindən buna təhrik edilməsi isə qadın və uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır. Erkən nikah ailə məsələlərində ciddi məqamlardan biridir, ailənin və ailə üzvlərinin taleyinə birbaşa təsir edir.
    “Erkən nikah ailə institutunun məhvidir” mövzusunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elşən Əsədov çıxışında nikah haqqında ətraflı məlumat verərək bildirmişdir ki, nikaha daxil olan gənclər ailə yaratmaqla təkcə bir-birləri qarşısında deyil, eyni zamanda valideynləri, yaxınları və ümumiyyətlə, cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsində nikah yaşının 18 olduğu qeyd olunmuşdur. Bəzən elə hallar olur ki, gənclərimiz ailə anlayışını kifayət qədər dərk etmədən yaşlarının rəsmi nikah üçün müəyyən edilmiş yaş həddindən aşağı olmasına baxmayaraq, erkən yaşda ailə qurmağa meyilli olurlar. Belə hallar nikah hesab olunmur, şərti olaraq erkən nikah adlanır və sağlam mənəvi-fizioloji təməllər üzərində qurulmadığı üçün ailələrin dağılmasına səbəb olur.
    “Erkən nikahın fəsadları” barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli çıxış edərək vurğulamışdır ki, erkən nikah əsasında qurulan ailələrdə nikahın pozulması, məişət zorakılığı, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi, fiziki-psixoloji çətinliklər, təhsildən məhrum edilmə və şəxsi azadlıqların itirilməsi kimi mənfi nəticələr qaçılmazdır.
    Ordubad Rayon Polis şöbəsinin əməkdaşı Aqil Seyidov isə Azərbaycan Respublikasında qəbul olunmuş normativ-hüquqi aktların erkən nikah hallarının yaranmasına yol vermədiyini qeyd edərək diqqətə çatdırmışdır ki, erkən nikah hallarına yol vermiş şəxslərin məsuliyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176.1.1-ci maddəsində göstərilir: “Qadını nikaha daxil olmağa məcburetmə – iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176.1.2-ci maddəsində qeyd olunur: “Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə – üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum­etmə ilə cəzalandırılır”.
    Sonda tədbir iştirakçılarına “Erkən nikah ailə faciəsinin təməlidir” və “Uşaq hüquqları” mövzularında hazırlanmış broşürlər paylanılmışdır.     

Naxçıvan Muxtar Respublikası Ailə,
 Qadın və Uşaq Problemləri üzrə Dövlət 
Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 09.02.2023 21:08