AZ EN RU

Erkən nikahlar gələcək sağlam cəmiyyət üçün fəsadlar yaradacaq ciddi ictimai problemdir

    Hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır. Erkən nikah, yaxud uşaq nikahları 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə və uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nikahlardır. Bu yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyən olunmuş son həddir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində beynəlxalq qanunvericiliyə uyğun olaraq son yaş həddi kimi 18 yaş müəyyən edilmişdir. 

    Erkən nikahlar fərdin psixi, mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Beynəlxalq statistikaya görə hər il dünyada 10 milyona yaxın uşaq erkən nikaha məruz qalır. Erkən nikahlar beynəlxalq səviyyədə uşaq istismarının bir növü hesab edilir və buna qarşı mübarizə tədbirləri həyata keçirilir. Əvvəlki dövrlərə nisbətən müasir dövrdə bu cür halların statistikasında xeyli azalma müşahidə olunsa da, hələ də bu hal bəşəriyyəti təhlükəyə sürükləyəcək səviyyədə mövcuddur. Erkən nikah, adətən, 18 yaşdan az uşaqların nikaha cəlb edilməsi hesab edilsə də, dünya praktikasında daha çox qızların erkən evləndirilməsinə rast gəlinir. Erkən nikahların baş tutmasının müxtəlif səbəbləri və kifayət qədər zərərləri mövcuddur. 
    Tarixi ənənələr və mentalitetdən irəli gələn səbəblər, demək olar ki, daha çox rast gəlinən hallardandır. Bəzən ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri də erkən nikahlara şərait yaradır. Bu praktika kəndlərdə və aztəminatlı ailələrdə geniş yayılmışdır. Bir çox hallarda bu nikahlar valideynlər tərəfindən təşkil edilir, burada qızların perspektivləri və seçimləri məhdud olur. 
    Erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahın fəsadları ilə tez-tez rastlaşırıq. Erkən nikahların problem yaratmasının səbəblərindən biri də yeniyetməlik dövrünə təsadüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallaşma cəhətdən sürətli inkişaf dövrüdür. İnsan həyatının ikinci böyümə və inkişafetmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır, ona görə də çox vaxt yeniyetmələrin fərdi xüsusiyyətlərində balans pozulur. Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq, uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir. Dolayısı ilə ictimai inkişafını tamamlamamış olan bu yaşlardakı uşaqların evləndirilməsi uşaqların tam formalaşmamış fərdi keyfiyyətlərində problemə səbəb olur. 
    Evlilik şəxsin seçim edə biləcəyi bir hadisədir. Erkən nikahlar isə uşaqların uşaqlıqlarını əlindən almaqla onların inkişafında travmalara səbəb olur. Bu insanlar erkən yaşda ailə, ev, uşaq baxımı kimi məsuliyyətlərlə yüklənməklə şəxsi inkişafdan yoxsul qalırlar. Erkən nikahlar zamanı həmin şəxslər təhsildən uzaqlaşır. Belə nikah qurbanlarının daha çoxu qız uşaqları olduğundan, həmin qızların həyat yoldaşlarından asılı hala düşmələrinə və cəmiyyətdə qadın-kişi bərabərsizliklərinin yaranmasına gətirib çıxarır. Dünya statistikasına əsasən erkən yaşda evləndirilən qızlar, normal hala nisbətən iki dəfə artıq şiddətə məruz qalırlar. Erkən yaşda evlilik qadınların təhsilində və maddi vəziyyətinin məhdudluğu, tərəflər arasında yaş fərqi, güc balansının olmaması, qadının azadlığının əlindən alınması bu cür evliliklərin mexanizminin əsasıdır. Adətən, erkən evlilik halları ailələrin razılığı ilə baş tutduğundan, təxminən, evlənəcək şəxslərin 71 faizi evlənməmişdən öncə bir-birini görmürlər. Ailə planlaşdırılmasını dərk etmirlər və beləliklə, dünyaya gətirilən uşaqların sayında və sağlamlığında problemlər meydana çıxır. Dünya ədəbiyyatında depressiyaya düşənlərin statistikasında 10-17 yaş aralığında evlənənlərdə daha çox intihara meyillilik müşahidə olunur. 
    Dünyada və ölkəmizdə də tətbiq olunan erkən nikahların bağlanmasına qarşı mübarizə tədbirləri kifayət qədər aparılır. Bu sahədə beynəlxalq təşkilatlar və yerli qurumlar maarifləndirici tədbirlər görür, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Lakin erkən nikahlar rəsmi qeydiyyata alınmadığından onlara nəzarət etmək dövlət səviyyəsində çətinlik yaradır. Ona görə də bir çox ictimai problem kimi erkən nikah probleminin də aradan qaldırılması üçün ailələr, ayrı-ayrılıqda hər kəs mübarizə aparmalı, bu halın aradan qaldırılmasında üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Unutmayaq ki, sağlam cəmiyyətin gələcəyi sağlam ailələrin formalaşmasından başlayır. Cəmiyyət tərəfindən uşaqlar yük kimi deyil, cəmiyyətin bir üzvü, fərd kimi dəyərləndirilməlidir. Hər bir uşaq öncə ailənin, sonra cəmiyyətin və dövlətin gələcəyidir. Bütün insanların sağlam, təhsilli, sosial olması vacibdir, ən əsası bu onların haqqıdır.

Nuranə Kərimova 
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı

Nəşr edilib : 14.07.2023 18:00