AZ EN RU

Erkən nikaha yox deyək!

Şərur Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyasının iclası keçirilib. İclasda müvafiq komissiyanın əsas iş psinsiplərindən biri olan erkən nikahın qarşısının alınması ilə bağlı geniş müzakirə aparılıb.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Erkən nikaha yox deyək” mövzusunda keçirilən maarifləndirici tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova açaraq müasir dövrümüzün ən aktual problemlərindən biri olan erkən nikahın gənclərdə yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquqpozuntuları barədə məlumat verib. Həmçinin Şərur rayonu üzrə mövcud vəziyyət, ailə məsələləri ilə bağlı statistik təhlillər və əldə olunan nəticələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında bildirib ki, uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olub və bu istiqamətdə bir çox qanun və normativ-hüquqi aktlar qəbul olunub.
Ramilə Seyidova ailə dəyərlərimizin qorunub saxlanılmasının əhəmiyyətindən danışıb, erkən nikahın psixoloji, sosial, iqtisadi, tibbi aspektdən olan fəsadları haqqında ətraflı məlumat verib, bu istiqamətdə fikir və çıxış yollarını iştirakçılarla bölüşüb. Həmçinin tədbirdə iştirak edən Şərur Rayon Dini İcmasının nümayəndələrinə bu istiqamətdə təbliğat işi və ailələrə müvafiq köməklik göstərilməsi ilə bağlı tövsiyyələrini bildirib. 
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova, Şərur Regional Tibb Mərkəzi Publik Hüquqi Şəxsin Ginekologiya şöbəsinin müdiri Ofelya Camalova, Şərur Rayon Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru İsa Məhərrəmov, Şərur Rayon Dini İcmasının sədri axund Tahir Heydərzadə mövzu ətrafında öz fikirlərini bildirib, problemin həllində ictimaiyyətin bütün təbəqələrinin, həm dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının, həm də cəmiyyətin bütün üzvlərinin fəal iştirakının vacibliyi qeyd olunub.
Çıxışların ardından tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sonda “Erkən nikaha yox deyək” adlı videoçarxa baxış olub.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 24.04.2024 18:31