AZ EN RU

“Erkən nikah və onun fəsadları” mövzusunda seminar keçirilib

Şərurda rayon sakinlərinin iştirakı ilə “Erkən nikah və onun fəsadları mövzusunda” maaarifləndirici seminar keçirilib.

Mövzu ətrafında çıxışlarda qeyd olunub ki, erkən evliliklərə dünyada olduğu kimi, ölkəmizdə də daha çox qızlar məruz qalırlar. Qızların erkən nikaha məruz qalmaları onların sosiallaşmasına, cəmiyyətə adaptasiyasına mane olur. Erkən nikahın fəsadları təkcə erkən yaşda ailə quran qızlara deyil, onların dünyaya gətirdikləri uşaqlara, öz valideynlərinə, ümumilikdə isə bütün cəmiyyətə mənfi təsir edir.

Diqqətə çatdırılıb ki, ölkəmizdə erkən nikahlara qarşı davamlı olaraq hüquqi islahatlar, maarifləndirici tədbirlər təşkil edilir. Görülən işlər nəticəsində erkən nikahların sayında xeyli azalmalar baş versə də, təəssüflər olsun ki, bu məsələ tam olaraq aradan qaldırılmayıb. Bunu hər il erkən yaşda qadınlardan doğulan uşaqların statistikası da təsdiq edir.

Məruzəçilər tərəfindən erkən nikahlara son verilməsinin yolları barədə müzakirələr aparılıb, bu barədə valideynlərin üzərinə böyük məsuliyyət düşdüyü nəzərə çatdırılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Tədbir Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Şərur Rayon İcra Hakimiyyəti və Naxçıvan Mediasiya Təşkilatının birgə  təşkilatçılığı ilə baş tutub.

Nəşr edilib : 28.01.2023 17:46