AZ EN RU

“Erkən nikah ailə institutunun məhvidir” mövzusunda tədbir keçirilib

    “Erkən nikah ailə institutunun məhvidir” mövzusunda Sədərək rayonunda  Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilib.
    Tədbiri Sədərək Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın sədri Pərviz Ağayev tədbirdə çıxış edib. Çıxışda qədim tarixə və mədəniyyətə malik olan xalqımızın əsrlərdən bəri yaratdığı zəngin milli-mənəvi dəyərlər, adət-ənənələr, özünəməxsus əhəmiyyətə malik olan ailə dəyərlərindən bəhs olunub. 
    “Erkən nikah ailə institutunun məhvidir” mövzusunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elşən Əsədov çıxış edərək bildirib ki, nikah – qanunla müəyyən edilmiş qayda və şərtlərə riayət etməklə bağlanılan, ər-arvad arasında şəxsi əmlak hüququ və vəzifələrini doğuran, qadınla kişinin azad, könüllü və bərabərhüquqlu ittifaqıdır. Nikaha daxil olan gənclər ailə yaratmaqla təkcə bir-birləri qarşısında deyil, eyni zamanda valideynləri, yaxınları və ümumiyyətlə, cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsində nikah yaşının 18 olduğu qeyd edilmişdir. Bəzən elə hallar olur ki, gənclərimiz ailə anlayışını kifayət qədər dəyərləndirmədən yaşlarının rəsmi nikah üçün müəyyən edilmiş yaş həddindən aşağı olmasına baxmayaraq, erkən yaşda ailə qurmağa meyilli olurlar. Belə hallar nikah hesab edilmir, şərti olaraq erkən nikah adlanır. Bu da gələcəkdə uşaqların hüquqlarının pozulmasına, onların sağlamlıq və psixologiyalarına güclü təsir göstərir. 
    Komitənin digər əməkdaşı Elsun Cahangirli  “Erkən nikahın fəsadları” barədə çıxış edərək vurğulayıb ki, erkən nikah əsasında qurulan ailələrdə nikahın pozulması, məişət zorakılığı, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi, fiziki-psixoloji çətinliklər, təhsildən məhrumedilmə və şəxsi azadlıqların itirilməsi kimi mənfi nəticələr qaçılmazdır.
    Sədərək Rayon Polis Şöbəsinin əməkdaşı Ələsgər Məhərrəmov isə Azərbaycan Respublikasında qəbul olunmuş normativ-hüquqi aktların erkən nikah hallarının yaranmasına yol vermədiyini qeyd edərək müvafiq qanunvericilikdə nəzərdə tutulan cərimə və cəza tədbirləri haqqında ətraflı məlumat verib. 
    Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı broşürlər paylanılmışdır. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 26.01.2023 20:51