AZ EN RU

Ərəb Parlamenti AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə dair qətnaməsi ilə bağlı təəssüfünü bildirib

Fevralın 13-də Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosa qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi qətnamə ilə əlaqədar məktub ünvanlayıb.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məktubda deyilir: “Ərəb Parlamenti AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə dair qəbul etdiyi qətnamə ilə tanış olub. Ərəb Parlamenti bu qətnamənin qəbul olunması ilə bağlı dərin təəssüfünü bildirir. Azərbaycan Respublikası ərəb dövlətlərinin yaxın dostu və strateji tərəfdaşı olmaqla yanaşı, həm Avropa, həm də dünya miqyasında mədəni müxtəlifliyin qorunmasında, həmçinin sivilizasiyalararası dialoqun təşviqində əhəmiyyətli rol oynayır”.
Qeyd edilir ki, Azərbaycan Respublikası 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür və qurumun fəaliyyətlərinin təşviqində, habelə təşkilatın məqsəd və prinsiplərinə nail olunmasında mühüm yer tutmaqdadır.
Azərbaycan qlobal səviyyədə gərginliyin azaldılması, münaqişələrin qarşısının alınması istiqamətində səylərini əsirgəmir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu istiqamətdə əldə olunmuş uğurlar bunun əyani sübutudur.
Məktubda, həmçinin deyilir ki, Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi fəaliyyət göstərdiyi qısa müddət ərzində dialoq, əməkdaşlıq dəyərlərinin və prinsiplərinin təşviq olunmasında, həmçinin sülhün və tolerantlıq mədəniyyətinin yayılmasında qlobal rol oynamağa başlayıb.
Qeyd olunur ki, Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq çoxtərəfli təşkilatlar öz fəaliyyətlərində dialoqun və qarşılıqlı anlaşmanın təşviqinə əsaslanır. Belə təşkilatlar əməkdaşlığın genişləndirilməsi üçün platforma rolunu oynamaqla yanaşı, dünyada artan münaqişələr və fikir ayrılıqları zamanı güclərini və birliklərini itirməməlidir. Bundan əlavə, çoxtərəfli parlament diplomatiyası baxış nöqtələrini uzlaşdırmaq üçün bir vasitə olaraq qalmalı, hər hansı fikir ayrılığı qarşısında müqavimət divarı kimi çıxış etməli, sülh və tolerantlıq prinsiplərinin yayılması üçün əlavə dəyər olmalıdır.
Sonda diqqətə çatdırılır ki, Ərəb Parlamenti bir daha Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi ilə bağlı təəssüfünü bildirir, AŞPA-nın əsasını təşkil edən dialoqa və əməkdaşlıq prinsiplərinə zidd olan bu qətnaməyə yenidən baxılmasında AŞPA sədrinin şəxsi və peşəkar dəstəyinə ümid edir, AŞPA ilə Azərbaycan Milli Məclisini tez bir zamanda birbaşa dialoqa səsləyir.

Nəşr edilib : 13.02.2024 20:04