AZ EN RU

Ərdoğan Paşinyanla Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşəcək.

Bu barədə “Sabah” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Türkiyə lideri oktyabrın 1-də parlamentdə çıxışı zamanı belə bir görüşün mümkünlüyünü bildirib. Qəzetin məlumatına görə, görüşdə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məsələsinin müzakirəsi planlaşdırılır. Eyni zamanda, gözlənilir ki, Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrin görüşlərini üçüncü ölkələrdə deyil, növbə ilə Türkiyə və Ermənistanda keçirməyi təklif edəcək. Bundan əlavə, Türkiyə Prezidenti regionda gərginliyin azaldılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına dair təkliflər də verəcək.

Xatırladaq ki, Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin - Türkiyənin ABŞ-dakı sabiq səfiri Sərdar Kılıç ilə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın ilk görüşü Moskvada, sonrakı iki görüş isə Vyanada keçirilib.

 

Nəşr edilib : 04.10.2022 11:16