AZ EN RU

Ərazi bütövlüyümüzün Xankəndi zirvəsi

Ümummilli Liderimizin siyasətinə sadiq Prezident

    “Azərbaycan heç vaxt öz ərazi bütövlüyümüzün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar”.
    Ölkəmizə rəhbərliyi dövründə daim dilə gətirdiyi və qarşısına qoyduğu bu müqəddəs və ali məqsədə dövlət başçısı cənab İlham Əliyev öz prinsipal fəaliyyəti ilə nail oldu. Çoxlarının inana bilmədiyi və bəlkə də, inanmaq istəmədiyi bu məsələ beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapdı. Bir vaxtlar “Qoy ədalət zəfər çalsın!” prinsipini öz əməli fəaliyyətində nümayiş etdirən Ulu Öndər deyirdi: “Mən hesab edirəm ki, əldən gedən torpaqlar nə vaxtsa qaytarılmalıdır. Xalqımız daim bilməlidir ki, bütün tarixi torpaqlarımız hansılar olub-olur, hansılar nə vaxtsa əlimizdən gedibdir, nəyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar qaytarılmalıdır. Biz də qaytara bilməsək, gələcək nəsillər bunları qaytaracaqlar”. Dahi rəhbərin bu inamını əzmlə yaşadan Onun siyasi varisi cənab İlham Əliyev bütün dünyaya göstərdi ki, bu xalq öz soykökünə böyük ehtiramla yanaşır, ata-baba əmanətini ən qiymətli miras hesab edir.

Zəfərə gedən yol

    2020-ci il sentyabr ayının 27-dən ölkəmiz özünün yeni tarixini yazmağa başladı – silah və qanla... Bu, şərəfli bir tarix oldu – illər boyu çörəyimizin artığı ilə böyüyən, əsil-kökü bilinməyən erməni vandalizmi üzərində qazanılan zəfər və şərəf tarixi. Müstəqil Azərbaycanın müzəffər Ordusu 30 il işğal altında olan yurd yerlərimizin bir çoxunda üçrəngli bayrağımızı qaldırdı, böyük strateji əhəmiyyətə malik olan yüksəkliklərimizi geri aldı, düşmənin milyonlarla ölçülə bilən zirehli texnikasını, döyüş silah və sursatını sıradan çıxardı. Bu prosesin həcmi genişləndikcə, coğrafiyası daha böyük miqyas aldıqca “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” – deyib düşmən üzərinə qartal kimi şığıyan qəhrəman oğullarımız neçə illər bizi ürəyimizdə qaysaq bağlayan arzuya qovuşdurdu. Onlar torpaqdan güc alan oğullar idi. 
    Adıçəkilən müharibənin hər bir günü geri alınmış yurd yerlərimizdə Azərbaycan Bayrağının qaldırılması ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin xalqa böyük sevinc hissi ilə müjdə verməsi tariximizin səhifələrinə qızıl hərflərlə yazıldı. Qarşıda xunta yuvasına çevrilmiş Xankəndi və keçmiş Dağlıq Qarabağın tərkibində olan rayonlar var idi.
    Bir qədər sonra, daha dəqiq desək, 2023-cü ilin oktyabr ayının 15-də ölkə başçısının Xankəndi şəhərində Dövlət Bayrağımızı ucaltdığı ərazidə dediyi “Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim… Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda öz ləyaqətimizi bərpa etmişik… Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!” fikirləri Azərbaycan Prezidentinin qətiyyətini və verdiyi sözə sədaqətini, dədə-baba əmanətinə sevgisini ortaya qoydu. 

İkinci Qarabağ müharibəsi dövründə

Ölkə başçısının Fransanın “Figaro” qəzetinə, “Fox News”, ADR-nin televiziya kanalına, “BBC News”a verdiyi müsahibələr yada düşür. Bu müsahibələri xatırlayanlar da təsdiq edərlər ki, müsahibə alanların ölkə başçımıza ünvanladıqları sualların hamısı sanki bir nəfər tərəfindən hazırlanmışdı.  Həmin sualların arxasında hansı məkrli məqsəd və niyyətlərin dayandığını da hiss etmək çətin deyildi. Ancaq cənab İlham Əliyevin cavabları ilə elə ilk anlardan onlara bəlli olurdu ki, kiminlə danışırlar. Cavabların leytmotivini belə ümumiləşdirmək olar: Həyatda dəfələrlə sınaqdan çıxmış bir həqiqət var: İnsanlar nədən qorxurlarsa, o təhlükəyə əvvəlcədən hazırlıq görürlər. Elə buna görə də bu mənfur “zavallıların” özlərinə havadar axtarmaq cəhdləri, həmin havadarlar qarşısında müxtəlif donlara girmələri illərin reallığıdır. Əsasən, Avropaya üz tutan ermənilər öz inadlarından əl çəkməyərək müəyyən mənada istədiklərinə nail ola biliblər. Tərtib etdikləri xüsusi proqram bu yolda onların “köməyinə yetib”. Nə olursa-olsun, ancaq istədiklərinə çatmaq arzuları ilə hər bir rəzalətə qol qoyublar ki, bu da ancaq ermənilərə məxsus “keyfiyyətlərdəndir”. Məsələ isə ondadır ki, özlərinə layiqli havadarlar tapdıqdan sonra onların ərazi iddiaları başlayır. Bu iddialar içərisində qədim tarixə malik Azərbaycan torpaqları öndə durur.
    Ermənilərin öz havadarları ilə birlikdə yeritdikləri mənfur siyasət tarixi həqiqətlər fonunda çox dəqiq görünür. 1920-ci ildən 1988-ci ilə qədər azərbaycanlılara qarşı ən böyük tarixi ədalətsizlik olan deportasiyalarında, bu deportasiyalar nəticəsində boşaldılmış Qərbi Azərbaycan torpaqlarında ermənilərin at oynatması, tarixi adlarımızın erməniləşdirilməsində, 1930-40-cı illərdə repressiyaların kosmik səviyyəyə qalxmasında bu mənfur daşnak tör-töküntülərinin məqsədyönlü fəaliyyəti bu gün hər birimizə aydındır.
    Ermənilərin Azərbaycana dövlət səviyyəsində 80-ci illərdən başlayaraq davam edən təcavüzü keçmiş imperiyanın başında durmuş ermənipərəst başçıların birtərəfli və ya düşünülmüş siyasəti idi ki, bu gün o arzular puça çıxıb. Dəfələrlə ölkə Prezidentinin ən yüksək tribunalardan ermənilik xəstəliyinə mübtəla olmuşlara 20 il ərzində dedikləri cənab İlham Əliyevin siyasət aləmində özünü təsdiqi və xalqı qarşısında ən böyük xidmətlərinin bir hissəsidir.

Ərazi bütövlüyümüzün Xankəndi zirvəsi

Burada Prezidentin tez-tez işlətdiyimiz sözləri yada düşür: “Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik”. Elə 2023-cü il sentyabr ayının 20-də lokal antiterror tədbirləri dövlət başçısının mövcud olan problemlərin sülh yolu, beynəlxalq hüquq normaları çərçivəsində çağırışlarını eşitməyərək ermənilərin bir daha öz planlarını davam etdirmək səylərinə tutarlı cavab – nəyin nə vaxt edilməsinin əməli sübutu idi. Və ermənilər “dəmir yumruğ”un başlarında şimşəktək necə çaxdığını bir daha gördülər. Haqlı olaraq qürur hissi keçiririk ki, həmin o nəyin nə vaxt edilməsi hesabına bu gün təqvimimizdə əlamətdar və tarixi günlərin sayı xeyli artıb. Ölkə başçısının oktyabr ayının 15-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirakı, həmin gün Ağdərə şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində Dövlət Bayrağını ucaltması, səfər çərçivəsində Əsgəran qalasına və əraziyə, həmçinin Əsgəran qəsəbəsinə baxış keçirməsi, Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olması cənab İlham Əliyevin Qarabağ iqtisadi rayonunun Azərbaycan üçün böyük strateji əhəmiyyət verməsinin bir daha sübutu kimi yaddaşlara həkk edildi. 
    Oktyabrın 16-da davam edən və tarixə qovuşan həmin gün səfərin coğrafiyası bir qədər də genişləndi, daha bir neçə uğurlu layihənin təməli qoyulmaqla yadda qaldı. Səfər çərçivəsində Cuvarlı və Qoçəhmədli kəndlərinin, Füzuli şəhərinin Baş planına əsasən yeni yaşayış məhəllələri çərçivəsində çoxfunksiyalı zonada yerləşən iki ərazidən ibarət ikinci yaşayış kompleksinin, 240 yerlik uşaq bağçasının, üçüncü yaşayış kompleksinin, inzibati binanın Prezident tərəfindən təməlinin qoyulması hər birimizə böyük qürur hissi yaşatdı. Füzuli şəhərində dövlət başçısının 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa ediləcək idman kompleksi isə yeniyetmə və gənclərin, ümumilikdə, rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkilində, burada müxtəlif idman yarışlarının keçirilməsində mühüm əhəmiyyət daşıyan obyekt kimi, ölkəmizin dinamik inkişafının, həm də ermənilərə növbəti gözdağının göstəricisi oldu. 

Fəaliyyət proqramının başlıca prioriteti

Azərbaycanda bütün işlərin təməlində Heydər Əliyev amilinin, Heydər Əliyev siyasətinin dayandığını, bu siyasətə, milli liderimizin vəsiyyətinə sadiqliyini dəfələrlə sübut edən cənab İlham Əliyev həm də dahi rəhbərin arzu və istəklərinin, Azərbaycan dövləti haqqında planlarının, arzularının yerinə yetirilməsini təmin edərək ölkəmizin uzun illər həllini gözləyən bir probleminin birdəfəlik aradan qaldırılmasını siyasi uzaqgörənliklə, mahir strateq kimi gerçəkləşdirdi...
    “Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra Milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu sözləri hakimiyyətə gəldiyi ilk illərdə demişdi. Bu, ermənilərə və onların havadarlarına bir mesaj olmaqla yanaşı, həm də ölkə başçısının fəaliyyət proqramının başlıca prioriteti idi. Artıq o bayraq bütöv Azərbaycanın hər bir guşəsində dalğalanır və Prezidentin dediyi kimi: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
    P.S. Sıravi bir Azərbaycan vətəndaşı kimi düşünürəm ki, ermənilərin 200 il ərzində xalqımıza qarşı əsassız torpaq, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq iddialarına cənab İlham Əliyev 20 ildə son qoymağa nail oldu, ərazi bütövlüyümüzü bərpa etdi. Bundan sonra, yəqin ki, onlar son 3 ildə gördükləri “dəmir yumruğ”un ağrılarını hələ çox yaşayacaqlar.

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 31.10.2023 18:57