AZ EN RU

Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlərə start verilib

      Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və rektor məsləhətçisi Rəcəb Cəfərli Estoniyanın Tallin Texnologiya Universitetində (TalTech) “Erasmus+” layihəsi çərçivəsində keçirilən təlimlərə qatılıblar. 28 avqust-1 sentyabr tarixləri əhatə edən təlim səfərində ENGAGE layihəsində təmsil olunan 11 Azərbaycan universitetinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvləri iştirak edirlər.
    Təlimlərin açılışında çıxış edən TalTech-in rektoru Tiit Land rəhbərlik etdiyi universitet haqqında qonaqları məlumatlandırıb və təcrübə mübadiləsinin faydalı olacağına əminliyini ifadə edib.
      Səfərin əsas məqsədi Estoniyanın aparıcı ali təhsil müəssisələrindən olan TalTech-in sahibkarlıq təhsili sahəsindəki qabaqcıl təcrübəsinin öyrənilməsindən ibarətdir. Təlimlər çərçivəsində sahibkarlıq təhsili, universitet-sənaye əməkdaşlığı, Estoniyanın startap ekosistemi, rəqəmsallaşma, elektron idarəetmə və digər mövzularda seminarların keçirilməsi, nümayəndə heyətinin TalTech İnnovasiya və Biznes Mərkəzini, universitetin müvafiq laboratoriyalarını və Estoniyanın ən böyük startapını ziyarət etməsi nəzərdə tutulub.
     Əlavə olaraq bildirək ki, ENGAGE layihəsi çərçivəsində ilk təlimlər cari ilin 21-25 avqust tarixlərdə İsveçin Kral Texnologiya Universitetində keçirilib.

Naxçıvan Dövlət Universitetinin televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 29.08.2023 11:32