AZ EN RU

Energetika naziri sloveniyalı həmkarı ilə enerji əməkdaşlığını müzakirə edib

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerlə görüşüb.

Energetika Nazirliyindən bildirilib ki, görüşdə ölkələrimiz arasında təbii qaz və bərpaolunan enerji mənbələri də daxil olmaqla ikitərəfli və çoxtərəfli enerji əməkdaşlığının gündəliyinə daxil olan məsələlər müzakirə edilib. SOCAR və “Geoplin” arasında qaz təchizatı sahəsində imzalanmış Anlaşma Memorandumunun əməkdaşlığın genişləndirilməsi və Sloveniyanın enerji təhlükəsizliyinə töhfə verilməsi çərçivəsində əhəmiyyəti vurğulanıb.

Sloveniyalı nazir ölkəsinin enerji sistemi və enerji keçidi planları haqqında ətraflı məlumat verib. Nazir Pərviz Şahbazov isə Azərbaycanda beynəlxalq tərəfdaşlarla özəl investisiya hesabına həyata keçirilən sənaye miqyaslı yaşıl enerji layihələri, bərpaolunan enerjinin ixracı planları haqqında danışıb.

Görüşdə, həmçinin energetikanın müxtəlif istiqamətləri üzrə mövcud əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Nəşr edilib : 18.07.2024 11:15