AZ EN RU

Ənənəvi təsərrüfat sahəsi inkişafı üçün əlverişli şərait yaradılıb

    Muxtar respublikamızda kənd təsərrüfatının əhəmiyyətli sahələrindən sayılan heyvandarlığın inkişafı üçün əlverişli təbii şərait mövcuddur. Bu sahədə məhsuldarlığın artırılması əhalinin ətə, südə, yuna olan tələbatının ödənilməsində, heyvanların cins tərkibinin yaxşılaşdırılmasında, yemdən, örüş və otlaqlardan səmərəli istifadə etmədə, emal sənayesinin inkişafında əhəmiyyətli rol oynayır.

    Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda  heyvandarlığın inkişaf etdirilməsi, mütərəqqi kənd təsərrüfatı təcrübələrinin tətbiqi yolu ilə bu sahədə məhsul istehsalının artımına nail olunması gələcək istiqamət kimi müəyyənləşdirilib.  
    Bu gün muxtar respublikamızda heyvandarlığın inkişafına göstərilən dövlət qayğısı hesabına yeni heyvandarlıq təsərrüfatlarının yaradılması, mal-qara və heyvanların təbii yem bazası ilə təmin olunması məqsədilə torpaq sahələrinin suvarma suyuna olan tələbatının səmərəli ödənilməsi, təsərrüfat subyektlərinə dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir. Bu amillər diyarımızda heyvandarlıqla məşğul olan təsərrüfatçıların sayını artırır. 
      Babək rayonunun Gülşənabad kənd sakini, ailə təsərrüfatçısı Qaçay Nadirov 50 ildir, heyvandarlıqla məşğul olduğunu deyir: – Dədə-babadan qalan bu sahəni ailəmin də köməkliyi ilə davam etdirirəm. Kənddə böyümüşəm, naxıra-nobata getmişəm. Hazırda 1000-ə yaxın xırdabuynuzlu heyvanımız var. Bu sahəni inkişaf etdirməyim üçün mənə dövlət tərəfindən dəstək göstərilib, subsidiya verilib. Mən də heyvanların sayını artırmışam.

    “Saxladığımız heyvanların qida, su və sağlamlıq ehtiyaclarını vaxtlı-vaxtında ödəyirik”, – deyən müsahibim qeyd edir ki, bu sahədə qazandığı təcrübə ilə heyvanların sağlamlığını qorumağa çalışır. May-iyul aylarında heyvanları otlaq sahələrinə, örüşlərə, yaylaqlara aparırıq. Bəslədiyimiz heyvanlardan keyfiyyətli və orqanik məhsullar– yağ, pendir, süd alırıq. Bu məhsulları, eləcə də yaxşıca bəslənilmiş heyvanları satışa çıxarırıq. Müsahibim onu da bildirir ki, gələcəkdə heyvanlarının sayını artıracaq.
    Öyrənirəm ki, müsahibim həm də taxılçılıqla məşğuldur. Yonca, arpa, buğda əkir. Payızlıq taxıl əkinini 6 hektarda həyata keçirdiyini dedi.
    Qeyd edək ki, bu sahəyə göstərilən davamlı dövlət dəstəyi bundan sonra da sağlam qida məhsullarının əldə edilməsinə, əhalinin tələbatının yerli məhsullar hesabına ödənilməsinə, ixrac imkanlarının yaranmasına və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsinə əlverişli şərait yaradacaq. 

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 15.11.2023 18:21