AZ EN RU

Ənənəvi təsərrüfat sahələri dirçəldilir, yeni sahələr yaradılır

    Xidməti işimlə əlaqədar tez-tez muxtar respublikanın ayrı-ayrı yaşayış məntəqələrində oluram. Hər bir gedişimdə isə ən müxtəlif sahələrdə belə hər birimizin qəlbini qürur və sevinc hissləri ilə dolduran yeniliklər görürəm. Təkcə mən yox, qədim diyarımızın istənilən ünvanına yolu düşənlər də... Ötən həftəsonu Ordubadda da belə oldu. Əvvəlcə onu deyim ki, yaşlı naxçıvanlılar tarixən meyvəçilik diyarı kimi tanınan Ordubad rayonunda bu sahənin böyük şöhrətə sahib olduğunu yaxşı bilirlər. Burada becərilən müxtəlif meyvə sortları keçmiş Sovetlər Birliyinin bütün müttəfiq respublikalarına, həmçinin bir çox xarici ölkələrə göndərilirdi. Rayon ərazisində sahələri ilbəil artırılan meyvə bağlarının həcmi min hektarı ötmüşdü. Ən böyük ictimai təsərrüfatlar bu gəlirli təsərrüfat sahələrində qazandıqları uğurlara görə mərkəzi hakimiyyət tərəfindən dəfələrlə yüksək təltiflərə, müxtəlif ölkə sərgilərində qızıl medallara layiq görülmüşdü. Bununla bağlı mənbələrdə olan zəngin məlumatlardan birini oxucuların da diqqətinə çatdırmaq istəyirəm.

    Ordubadda yetişdirilən “Əbutalibi” əriyi 1898-ci ildə Kaliforniyada təşkil olunan meyvə sərgisində birinci yerə sahib olmuşdu. Ordubad meyvələri, xüsusilə də müxtəlif ərik sortları barədə “Naxçıvan tarixi” çoxcildliyinin ikinci cildində oxuyuruq: “Ordubad əriyi yüksək xüsusiyyətlərinə görə Cənubi Qafqazın ərik növləri içərisində ən üstün pillədə duran meyvə növü sayılırdı. Hər il orta hesabla Ordubaddan Tiflisə, oradan isə Ağstafa dəmir yolu vasitəsilə Rusiyanın mərkəzi şəhərlərinə 150 min pud quru ərik daşınırdı. Sırf ərik ağacları ilə əhatə olunmuş torpaq sahələri iri sahibkar­ların əlində cəmləşdiyindən onlar böyük var-dövlət yiyəsi sayılırdılar. A.X.Pollovun hesablamalarına görə, bu cür ərik ağacları əkilmiş hər desyatin torpaq sahəsində 200 ortayaşlı ağac olurdu və bunların hərəsindən 600 pud məhsul götürürdülər. Ərik qurusunun hər pudu həmin ərazidə 50 qəpiyə satılırdı. Hər desyatin ərik bağından sahibkarlar 280 manat təmiz gəlir götürə bilirdilər...”

    Xarici ölkə səyyahlarının, bəzi tarixçilərin Ordubadın təbiəti və füsunkar gözəllikləri, burada yetişdirilən meyvələrin dad-tamı barədə dedikləri bölgənin bu sahə üçün çox əlverişli məkan olduğunun sübutudur.
    Ancaq... 1988-ci ildə başlanan hadisələrin ölkədə yaratmağa başladığı anarxiya, xaos gücləndikcə meyvəçiliyi də iflic vəziyyətinə saldı. Min bir zəhmətlə ərsəyə gətirilmiş bağların kökünə balta vuruldu. Bu proses o vaxta qədər davam etdi ki, ümummilli liderimiz Naxçıvana qayıtdı və mövcud vəziyyəti çox düzgün dəyərləndirərək muxtar respublikada torpaq islahatlarına başlanılması qərarına gəldi.
    ... Bu gün ölkəmizdə bərqərar edilmiş ictimai-siyasi ab-havanı, bu hesaba nail olduğumuz sosial-iqtisadi inkişafı doğma muxtar respublikamızda bütün sahələrdə görmək olar. Günü-gündən öz inkişafının yeni mərhələlərini yaşayan Ordubad da müstəqilliyimizin işığında qurur-yaradır.
    Rayon İcra Hakimiyyəti əməkdaşlarının söhbətlərindən, gəzib-dolaşdığım yaşayış məntəqələrindən gəldiyim qənaət o oldu ki, Ordubad öz “bağlar diyarı” statusunu daha da zənginləşdirməkdədir. Bu yazıda digər sahələrdən deyil, ancaq bir sıra təsərrüfat sahələrində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan, gələcək perspektivlərdən bəhs etmək istəyirəm.
    Rayona yolu düşənlər, yəqin ki, Naxçıvan-Ordubad magistralının Aza kəndi ərazisindən başlayaraq yol kənarlarının yaşıllığa büründüyünü görüblər. Son illər həyata keçirilən ekoloji tədbirlər yol kənarlarının, həmçinin rayonun kənd yaşayış məntəqələrinin ərazilərində minlərlə meyvə və meşə tingi əkilib. Bu sahələrin su təminatı yaxşılaşdırılıb.Ordubadlıların bağçılığa, ümumilikdə isə yaşıllığa güclü marağının ifadəsidir ki, daha hansısa idarə, təşkilat və ya müəssisəyə sahələrə aqrotexniki qulluq göstərməyin vacibliyini demək lazım deyil. Hər bir təşkilat, təşkilatın əməkdaşları bunu özlərinin vətəndaşlıq borcuna çeviriblər. Bunun hesabınadır ki, son illərdə salınmış 138,6 hektar meyvə bağlarının böyük əksəriyyəti artıq bar verir. Ötən təsərrüfat ilində bağlardan 869,2 ton meyvə tədarük edilib. Tədarük olunan məhsulun göndərdirildiyi ilk ünvanlar isə rayon ərazisində yerləşən hərbi hissələrdir. Yeri gəlmişkən onu da qeyd edək, əkilmiş tinglərin hamısı məhsuldar, dadlı-tamlı yerli sortlardır. Ordubadda isə belə sortları saymaqla qurtarmaz. Əbutalibi, Haqverdi, şalax, göycənabat, ağcanabat, badamı, kəri-kəri, növrəstə, balyarım, gilərik...
    Ordubadlıların meyvəçiliyə böyük marağının daha bir ifadəsini bunda görürük ki, məlum hadisələr dövründə çətinliklə də olsa, həmin sortları həyətyanı torpaq sahələrində qoruyub saxlaya biliblər. İndi isə həmin qiymətli sortların əkildiyi ictimai bağlar, eləcə də sakinlərə məxsus pay torpaqları göz oxşayır. Cari ildə də daha bir neçə hektar sahədə yeni bağ salıblar. Bu kampaniya payız iməciliklərində davam etdiriləcək. Hazırda bağ və yaşıllıq sahələrində aqrotexniki tədbirlər həyata keçirilir, ərazilər alaq otlarından təmizlənir, suvarılır, ağacların quru budaqları kəsilir, gövdələr ağardılır. 
    Ordubad həm də dadlı-tamlı üzüm sortlarının yetişdirildiyi məkandır. Sovet dönəmində rayonun Aza, Azadkənd, Sabirkənd, Qoşadizə, Baş Dizə, Kələntər, Düylün və digər yaşayış məntəqələrində yüz hektarlarla üzüm bağları olub. Bu bağlara daimi iş yeri kimi baxılıb. Üzümçülükdə qazanılan uğurlara görə Aza sovxozu bir neçə dəfə mərkəzi hakimiyyətin keçici qırmızı bayrağını alıb. Bu sətirlər müəllifinin gözü qarşısındadır ki, məhz həmin illərdə bu sahə hesabına əhalinin gün-güzəranı xeyli yaxşılaşmışdı. Təəssüf ki, həmin bağların taleyi də meyvə bağları kimi oldu. Yaxşı ki, həyətyanı təsərrüfatlardakı üzüm kolları qorunub saxlanıldı. Bu gün kənd adamlarının pay torpaq sahələrində saldıqları bağlar məhsul verməkdədir. İməciliklər yolu ilə isə rayonun müxtəlif ərazilərində 6,7 hektar sahədə salınmış üzüm bağlarından ötən il 54,5 ton məhsul tədarük edilib. Əylis düzü ərazisində daha 1,5 hektar ərazidə üzüm bağı salınıb. Mövsüm vaxtı bu bağdan da məhsul tədarük ediləcək. 
    Bu qədim yurd yerində yetişdirilən digər məhsullar kimi qızılgülün də adı dillər əzbəridir. Rayonda hər evdə istifadə edilən gülab suyu artıq bəzi ticarət obyektlərində satışa çıxarılır. Qızılgüldən ordubadlıların hazırladıqları gülqənd də adla deyilir. Ümumiyyətlə, bu məhsulun Ordubad mətbəxində xüsusi yeri var. Bir neçə ildir ki, qızılgülə olan tələbatı ödəmək üçün 1,5 hektar salınmış qızılgül bağı yerləşdiyi əraziyə bir gözəllik gətirib.
    Ordubadda olarkən eşitdiyim yeniliklərdən biri də rayonun Kotam kəndi ərazisində zeytun bağının salınması oldu. İnsan əlinin zəhmətinin yaxın vaxtlarda bəhrə verəcəyi isə şübhəsizdir. Dünənə kimi özünün əriyi, alması, heyvası, üzümü, limonu, qızılgülü ilə tanınan Ordubadda zeytun yetişdirilməsinə başlanılması bölgədə bağçılığa bağlılığın bariz nümunəsidir. 
    Qısa müddətdə aldığım xoş təəssüratlarla rayon sakinləri ilə həmsöhbət oldum. Bakı şəhərində yaşayan ordubadlı Tahir Kazımov Azadkənddə doğulub. Məzuniyyət günlərini səfalı Ordubadda keçirməyə gəlib. Onunla söhbətimiz yeni fəaliyyətə başlamış “Xan Çinar” İstirahət Mərkəzində oldu:
    – Uzun illərdir, Bakı şəhərində yaşasam da, hər ilin yay aylarında yaxınlarımı görmək və məzuniyyətimi burada keçirmək üçün Ordubada gəlirəm. Bölgədə gördüyüm qaynar həyat, insanların yaşayış səviyyəsinin gündən-günə yüksəlməsi bir ordubadlı kimi məndə də qürur hissləri yaşadır. 
    Tahir müəllim deyir ki, kənddəki xeyir-şər məclislərinə iş yoldaşlarından gələnlər olur. Onlar da burada gördüklərindən ağızdolusu danışırlar:
    – Ordubada gələn qonaqları həmyerlilərimin səmimiyyəti və qonaqpərvərliyi, yolların kənarlarında bol məhsuldan başları aşağı enmiş meyvə ağacları və həmişəyaşıl güllərlə yanaşı, artıq rayihəsi adamı uzaqdan vuran qızılgüllər qarşılayır. Bu isə ayağını bu torpağa basan insanda ilk müsbət təəssüratlar yaradır. Sonra isə daha zəngin təəssüratların bolluğuna düşürsən. Belə təəssüratlara istənilən sahələrdə sahib ola bilərsən.
    Əslən rayonun Dəstə kəndindən olan, hazırda Moskva şəhərində yaşayan sənətşünas Səfər Əsədov da Tahir müəllimin fikirlərini təsdiq edərək deyir: – Blokada şəraitində yaşayan bir məmləkətdə tarix üçün çox qısa bir zaman kəsiyində on illərə yaxın yol keçən muxtar respublika, onun bütün bölgələrində belə inkişafa nail olunmasında başlıca amillərdən biri qədim diyarda ulu öndərin siyasətinə böyük ehtiram göstərilməsidir. Bunu Ordubad rayonunda da aydın şəkildə görmək olar. Həyatın bütün sahələri – sənaye, kənd təsərrüfatı, müasir informasiya texnologiyaları, turizm – hansı sahəyə baxsaq böyük yenilənmə və inkişaf görərik. Rayona budəfəki gəlişimdə doğulub boya-başa çatdığım kənddə limon istixanasının, Kotam kəndində zeytun, müxtəlif ərazilərdə qızılgül bağlarının salındığını görəndə ordubadlıların ən qiymətli sərvət olan torpağa bağlılıqlarının, zəhmətkeşliyinin bir daha şahidi oldum.
    Rayonun müxtəlif yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri də sürətlə aparılır. Yadıma bu misralar düşdü:

            Böyük arzularla ucalmaqdasan,
            Günəşə boylanıb parlamaqdasan
                   Ey mənim ürəyim, canım Ordubad,
                   Şöhrətim, şərəfim, şanım Ordubad.

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 06.07.2022 20:48