AZ EN RU

Ənənəvi məktəbli yarmarkasına start verilib

    Yeni tədris ili ərəfəsində Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirlikləri və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhər Heydər Əliyev prospektində yerləşən “Kitab Evi” sərgi-satış mərkəzində ənənəvi məktəbli yarmarkası təşkil olunub. Yarmarkanın açılış tədbirini giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov iştirakçıları yeni tədris ilinin yaxınlaşması münasibətilə təbrik edib. Diqqətə çatdırılıb ki, son illər məktəblilərin keyfiyyətli geyim və idman formaları, ayaqqabı, məktəbli ləvazimatları ilə təmin edilməsi məqsədilə Naxçıvan şəhərində təşkil edilən məktəbli yarmarkaları alıcılar tərəfindən yüksək qiymətləndirilir. Muxtar respublikamızda artıq ənənə halını almış belə yarmarkalarda valideynlər övladlarına lazım olan ləvazimatları almaq üçün heç bir çətinliklə üzləşmir, bütün zəruri geyim, idman formaları və məktəb ləvazimatlarını bir ünvandan əldə edə bilirlər. Qeyd edək ki, məktəbli yarmarkasındakı ləvazimatların satış qiymətləri digər ticarət obyektləri ilə müqayisədə sərfəli olur. 
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, həyata keçirilən məqsədyönlü və ardıcıl işlər nəticəsində muxtar respublikada sosial-iqtisadi inkişafla yanaşı, elmi intellektual tərəqqiyə nail olunub, ümumtəhsil məktəblərində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi həyata keçirilib. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin ildən-ilə artırılması bu sahənin keyfiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli tədbirlərin reallaşmasına imkan verir. Şagirdlərə vahid geyim formalarının tətbiqi, həmin malların keyfiyyətinə və təhsil ocaqlarında yerləşən ictimai iaşə obyektlərinə xüsusi diqqət yetirilməsi bu sahəyə göstərilən qayğının daha bir ifadəsidir. 
    Tapdıq Əliyev diqqətə çatdırıb ki, ölkə başçısı  cənab İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Proqramın icrası istiqamətində bir sıra geniş məzmunlu tədbirlər keçirilmiş və özəl sektorun inkişafı diqqətdə saxlanılmışdır. Onu da qeyd edək ki, muxtar respublikamızda özəl sektorun inkişafının diqqətdə saxlanılması gələcəkdə yeni istehsal sahələrinin yaradılmasına və kadr potensialının güclənməsinə şərait yaradacaqdır.
    Diqqətə çatdırılıb ki, İqtisadiyyat və Təhsil nazirliklərinin, o cümlədən şəhər və rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda və bütün rayon mərkəzlərində ənənəvi məktəbli yarmarkaları təşkil olunur. Burada əsas məqsəd isə bildiyiniz kimi, yeni tədris ili ərəfəsində orta məktəb şagirdlərinin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat şəkildə təmin etməkdir.
    Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni məktəblər inşa edilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmlənir, infrastrukturu yenilənir. Qeyd olunub ki, muxtar respublikada təhsilə göstərilən qayğı artıq öz nəticəsini verir. Şagirdlər təhsilə göstərilən diqqət və qayğıdan, onlar üçün yaradılan müasir tədris şəraitindən yararlanaraq uğurlu nəticələr əldə edirlər. Elə bu qayğının nəticəsidir ki, ötən il ölkə üzrə ən yüksək qəbul nəticəsi Naxçıvan, Şahbuz və Ordubad rayonlarında olub. Ali təhsil müəssisələrinə qəbul göstəricilərinə görə ilk onluqda muxtar respublikanın altı şəhər və rayon təhsil şöbəsi yer alıb. 
     Rəhman Məmmədov yeni tədris ilinə hazırlıqdan da danışaraq bildirib ki, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, hər il muxtar respublikanın ümumtəhsil məktəbləri yeni tədris ilinin əvvəlində dövlətimizin diqqət və qayğısı ilə dərsliklərlə təmin olunur. 2023-2024-cü tədris ili üçün də 193 min 447 dərsliyin sifarişi verilmişdi. Sifariş verilən dərsliklərdən 190 min 528-i artıq muxtar respublikaya gətirilib və növbəti günlərdə digər dərs vəsaitlərinin də gətirilməsi təmin ediləcək. Dərsliklər sentyabr ayının əvvəllərindən məktəblərə paylanılacaq. 
    Nazir bildirib ki, şagirdlərin geyim formaları da artıq müəyyənləşdirilib. Belə ki, 2023-2024-cü tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri əvvəlki ildə istifadə olunan geyim formasından istifadə edə biləcəklər. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli “Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında Qərarına əsasən ölkənin ümumtəhsil məktəblərində 4 cür geyim formasından istifadə olunacaq. Muxtar respublikanın ümumtəhsil məktəblərinin pedaqoji şurasının qərarına uyğun olaraq valideynlər övladları üçün ölkə üzrə istifadə olunan məktəbli geyimlərindən də ala bilərlər. Qeyd edilib ki, cari il üçün hər iki geyim formasından istifadəyə ümumtəhsil məktəblərində icazə veriləcək, 2024-2025-ci tədris ilindən isə ölkə üzrə tətbiq olunan geyim formalarından istifadə məcburi olacaq. Bildirilib ki, valideynlər yeni geyim formalarını muxtar respublikamızın şəhər və rayonlarında təşkil olunan yarmarkadan sərfəli qiymətə əldə edə bilərlər. 
    Sonra yarmarka ilə tanışlıq olub. Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanıb. Valideynlər, həmçinin müəllimlər belə yarmarkaların təşkil olunmasına görə minnətdarlıq ediblər. 
    Qeyd edək ki, məktəbli yarmarkası muxtar respublikanın bütün rayonlarında da təşkil olunub və sentyabrın 15-dək davam edəcək.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 01.09.2023 10:40