AZ EN RU

Ənənəvi “Kətə” festivalı ilk dəfə muxtar respublikanın rayonlarında da keçirilib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı muxtar respublikamızda milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və təbliğ olunmasına hərtərəfli şərait yaradıb. Göstərilən dövlət qayğısı nəticəsində son illərdə xalq yaradıcılığının ən qədim sahələrindən sayılan süfrə mədəniyyətinin sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və tanıdılması istiqamətində də ardıcıl işlər görülür. Qədim diyarımızın paytaxtında keçirilən ənənəvi “Kətə” festivalı muxtar diyarımızın zəngin mətbəxini, süfrə ənənələrini özündə əks etdirməsi, kütləvi maraq yaratması nəzərə alınaraq bu il ilk dəfə muxtar respublikamızın rayonlarında da keçirilib.  

    Şərur rayonunda təşkil olunan festivalda 30 ailə təsərrüfatı tərəfindən 10 çeşiddə kətə çıxarılıb, 5 min 170 manat dəyərində məhsul satılıb. Mütəşəkkilliyi, rəngarəngliyi ilə seçilən festivalda təkcə xalqımızın qədim kulinariya mədəniyyətində, Naxçıvan mətbəxində xüsusi yer tutan kətə deyil, həm də müxtəlif yeməklər hazırlanıb, mis qablarda yağda qovurulan yeməklər nümayiş olunub, festival iştirakçılarına yüksək səviyyədə iaşə xidməti göstərilib. Həm məhsul bolluğu, həm də yüksək səviyyəli tərtibatı ilə diqqəti çəkən festivalda Şərur rayonunun, demək olar ki, bütün kəndlərində fəaliyyət göstərən ailə təsərrüfatlarının məhsullarının çoxu satılıb.

    Festivalda müxtəlif xalq yaradıcılığı nümunələri, məktəbdənkənar təhsil müəssisələrində dərnəklərə cəlb olunan şagirdlərin, məhdud fiziki imkanlı şəxslərin əl işləri də nümayiş olunub.
    Babək rayonunda keçirilən festivalda Babək şəhərindən, rayonun qəsəbə və kəndlərindən onlarla ailə təsərrüfatçısı tədbir iştirakçıları üçün sacda və təndirdə ləziz kətələr təqdim ediblər. Festivalda zəhmətkeş qadınların bişirdiyi müxtəlif çeşidli kətələri tədbir iştirakçıları alıb, elə təndirin başında dadına baxıblar. Festivalda xanımlar həm də mətbəx bacarıqlarını nümayiş etdirmək fürsəti əldə ediblər. 
    Ordubad şəhərindəki Tədbirlər meydanında da “Kətə” festivalı keçirilib. Ordubad rayonunun əksər kəndlərindən, ümumilikdə, ailə təsərrüfatçısının iştirak etdiyi festivalda çeşid-çeşid kətə nümunələri hazırlanaraq satışa çıxarılıb. Satışa 50 çeşiddə məhsul çıxarılıb. Cacıq, çiriş, ispanaq, quzuqulağı, quşqonmaz kimi dağ bitkiləri, eləcə də ət, çiriş, qarışıq göyərtidən istifadə edilməklə, 6 sac və 2 təndir vasitəsilə bişirilən qutablar, dovğa və ayran festivalda iştirak edənlər tərəfindən həvəslə alınıb. 
    Culfa rayonunda keçirilən, dağların qoynundan yığdıqca tükənməyən pencərlərdən – çiriş, cacıq, şomu, qazayağı, cincilim, quşəppəyi, qırxbuğum, gicitkən və əvəlikdən  müxtəlif çeşiddə kətə növlərinin hazırlandığı festivalda 30-dan çox ailə təsərrüfatçısı iştirak edib.
    Rayonun bütün yaşayış məntəqələrindən gələn ailə təsərrüfatçıları, zəhmətkeş qadınlarımız hazırladıqları, qədim milli mətbəximizdən xəbər verən xəmir yeməkləri ilə festivalda iştirak edib, bişirdikləri növbənöv kətələrlə festival iştirakçılarını heyrətləndirə biliblər. Festivalda kətə ilə yanaşı, onun hazırlanması üçün istifadə olunan dağ pencərlərinin satışı da təşkil olunub.
    Kəngərli rayonunun mərkəzindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında da “Kətə” festivalı keçirilib. Festivalda rayonun qəsəbə və kəndlərində yaşayan 30 kətə bişirən qadın, o cümlədən həyətyanı sahələrdə göyərti əkinləri ilə məşğul olan 15 ailə təsərrüfatçısı iştirak edib. Tədbirdə müxtəlif növdə kətələr və onların hazırlanması qaydaları nümayiş olunub, iştirakçılar bu ləziz təamlardan dadıblar. Bundan əlavə, tədbirdə 3 sağlamlıq imkanı məhdud qadının əl işlərinin, o cümlədən rayon sakini Ziya Əliyev tərəfindən hazırlanan müxtəlif dekorativ əşyaların satışı da təşkil edilib. 
    Şahbuz şəhərinin Heydər Əliyev prospektində keçirilən festivalda Şahbuz şəhərindən, rayonun qəsəbə və kəndlərindən 32 kətə hazırlayan ailə təsərrüfatçısı, o cümlədən digər təsərrüfat subyektlərinin iştirak etdiyi festivalda rayona xas müxtəlif çeşiddə kətə növləri və onların hazırlanması qaydaları nümayiş olunub.
    Festivalda çiriş, gicitkən, qazayağı, quzuqulağı, cacıq, balqabaq və digər müalicəvi bitkilərdən kətə və yeməklər nümayiş edilib.
    Zəhmətkeş qadınlar tərəfindən neçə-neçə bitkidən bişirilən, içərisinə xama, kənd yağı qoyulan  kətələrin dadı festival iştirakçılarını razı salıb. Ümumiyyətlə, festivala 190 kiloqramdan artıq xəmirin, 240 kiloqramdan artıq göyərtinin kətəsi hazırlanaraq 170 kiloqramdan artıq ayran və dovğa ilə birlikdə  iştirakçılara təqdim olunub. 230 kiloqrama yaxın göyərti kətəsi alınıb. 
    “Ən dadlı kətə” nominasiyası üzrə qaliblərə Rayon İcra Hakimiyyəti tərəfindən diplomlar təqdim olunub. 
    Qeyd edək ki, muxtar respublikanın rayonlarında ilk dəfə keçirilən“Kətə” festivallarına böyük maraq olub, rayon mədəniyyət və musiqi məktəbləri kollektivlərinin oxuduqları mahnılar və rəqs nümunələri rayon sakinlərinə xoş ovqat bəxş edib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 25.04.2022 21:51