AZ EN RU

Ən yaxın silahdaş

Hər bir insan ömrünün müxtəlif tale yazısı, bir də bu  taleyi yaşayanın öz taleyini yazmağı var. O da var ki, insanın hər bir əməlinin kökündə yaxşılıq, xeyirxahlıq dayanırsa, onun taleyi daha da işıqlı olur. Çünki bu, bir həqiqətdir ki, insan xoş əməllər ilə çox şeyi dəyişə bilər. Azərbaycan xalqı olaraq biz bu həqiqətin ən gözəl nümunəsini Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında gördük. Dövlətdə və ailədə böyük missiyaları yerinə yetirən, həm səngərdə, həm kürsüdə Ali Baş Komandanın yaxın silahdaşına çevrilən Mehriban xanım ­Əliyeva xeyirxahlıq və mərhəmət işığında bütün azərbaycanlıların qəlbində yüksək taxt qurub. 
    Mehriban xanım Birinci vitse-prezident seçilən günə qədər və ondan sonrakı dövrdə də əsl insan, əsl vətənpərvər  olaraq cəmiyyət üçün dəyərli və səmərəli işlər görməyə çalışıb və başqalarına yaxşılıq etmək bacarığını fəaliyyətində əsas prinsip kimi götürüb. Bununla da o Azərbaycan xanımının ən müasir modelini yarada bilib. Xüsusi vurğulamaq istəyirəm ki, bəlkə də, hamıya asan görünə bilər dövlət başçısının ömür-gün yoldaşı olmaq, rəhbər yanında dövləti təmsil etmək. Amma bu, böyük məsuliyyət, bacarıq, qabiliyyət və cəsarət tələb edir. Mehriban xanımın özü müsahibələrinin birində birinci xanım missiyasının məsuliyyətini və mahiyyətini şərh edərək demişdir: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür...”

    İllər öz sözünü dedi. Mehriban xanım ən çətin məsuliyyətin öhdəsindən ləyaqətlə gəldi. Necə? Özündə və həyat fəaliyyətində cəmləşdirdiyi ən ali, ən gözəl xüsusiyyətləri ilə... Deyirlər, həyatda hansı missiyanı yerinə yetirirsən yetir, hər şeydən əvvəl, Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərə malik olmalısan. Bəli, Birinci vitse-prezident Mehriban xanım    Əliyeva vəzifəsindən, fəaliyyət istiqamətindən asılı olmayaraq, həyatda ən sadə prinsiplərə arxalanaraq ƏN YAXIN SİLAHDAŞ adını layiqincə daşımağa müvəffəq olub. 

Mərhəmət, insanpərvərlik və qayğı

Mərhəmət insani dəyərlərin şahıdır, – deyirlər. Mehriban xanımın da bütün dövlətçilik və ictimai fəaliyyətindən mərhəmət qırmızı xətt kimi keçir. Yıxılanı ayağa qaldırmaq, kimsəsizə, köməyə ehtiyacı olana əl tutmaq və yardım etmək onun başlıca fəaliyyət istiqamətləridir. Mehriban xanımı indiyə kimi pak, təmiz və azad vicdan işığında yaşamaq və yaratmaq arzusu ilə gördük. O özünün də dediyi kimi, vəzifəsindən, fəaliyyət istiqamətindən asılı olmayaraq, həyatda ən sadə prinsiplərə arxalandı. Vicdan və ləyaqəti, mərhəmət və xoş niyyəti, ədalət və qarşılıqlı hörməti Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlər kimi dəyərləndirir. Məhz bu dəyərlər işığında o, Azərbaycanının birinci xanımı olmaqla vətənpərvər, cəfakeş insana, şəfqətli anaya, fəal ictimai xadimə, xeyirxahlıq mücəssəməsinə çevrilərək ölkənin üz-üzə durduğu ən müxtəlif problemlərdə cənab Prezidentlə çiyin-çiyinə verdi, insanların qəlbində yaxşılığa, mərhəmətə ümid işığı yandırdı. 
    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev çıxışlarının birində deyirdi ki, mənəviyyat olmayan yerdə haqdan, ədalətdən, düzgünlükdən söhbət gedə bilməz. İstənilən cəmiyyətdə ədalət, insanpərvərlik, dürüstlük kimi mənəvi dəyərlərin özünə möhkəm dayaqlar tapması məhz nəcib, alicənab, kamil insanların əzmkar fəaliyyəti sayəsində mümkün olur. Bütün bunları özündə cəmləşdirən, həyat idealına çevirən Mehriban xanım Əliyevanın bütün fəaliyyətinin təməlində bir amal dayanır: 

Xoş niyyət

Hansı işi görürsən gör, təməlində xoş niyyət dayanırsa, yolun daim açıq olacaq. Bu həqiqət min illərin sınağından çıxıb. Bu niyyətlə hər bir çətinliyin öhdəsindən uğurla gələcəksən, ətrafındakıların, cəmiyyətin, nəticə etibarilə, təmsil olunduğun dövlətin sevimlisinə çevriləcəksən. Mehriban xanım bütün yollara xoş niyyətlə çıxdı. Bu niyyətin başında isə bir hədəf dayanır: Azərbaycan dövlətinin şərəfini uca tutmaq, dövlətə uğur qazandırmaq! Məhz elə xoş niyyət ədalət işığında ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində son dərəcə uğurlu nəticələrə imza atdı, dərin ictimai rəğbət  qazandı.
    Qarşılıqlı və təmənnasız hörməti onun timsalında ailəyə, ömür-gün yoldaşına, dövlətinə göstərməsində gördük. Mehriban xanım xoşbəxtdir ki, bütün fəaliyyəti qarşılıqlı oldu. Cənab Prezident dövlətin ən çətin vəzifələrindən birini çox düzgün olaraq Mehriban xanıma həvalə etdi. Və həyat bunun düzgün addım olduğunu təsdiqlədi. Belə ki, Mehriban xanım qarşılıqlı hörmətlə Prezidentlə birlikdə dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə çalışmağı həyat amalına çevirdi.

Xoş əməllər ən gözəl duaları qazandırır

İnsan yaxşılıq etdikcə ən gözəl duaları qazanır. Mehriban xanım xoşməramlı fəaliyyəti ilə Azərbaycana və onun rəhbərinə ən gözəl duaları qazandırdı. O dualar ölkə­mizin yoluna işıq saldı. O dualar Ali Baş Komandana və Onun müzəffər Ordusuna güc, qüvvət verərək Qələbə qazanmasına da vəsilə oldu. Qurub-yaratdığı, müstəqilliyini yaşatdığı dövlətin timsalında xəyallarındakı ən nəcib arzuları gerçəkliyə qovuşdurdu... Böyük Zəfərlə başa çatan Vətən müharibəsində də Birinci vitse-prezident Ali Baş Komandanın, ordumuzun və xalqımızın ən etibarlı dostu olduğunu göstərdi. 

    Bu gün hər birimiz müasir Azərbaycanın simvolu, xeyirxahlıq mücəssəməsi olan birinci xanım ilə fəxr edir, qürur duyuruq. Bizim nəslin bəxti gətirib ki, ölkəmizdə böyük dəyişiklik və proseslərin şahidi və iştirakçısıyıq. Səmimiyyəti, doğmalığı, xoş rəftarı ilə insanların qəlbində məskən salmağı bacaran Mehriban xanım Əliyeva sadəliyin zirvəsinə ucaldıqca, insanlığın, müdrikliyin zirvəsini də fəth etməyi bacara bilib. 

Sara ƏZİMOVA
“Şərq qapısı” qəzetinin baş redaktoru

Nəşr edilib : 21.02.2024 09:00