AZ EN RU

Ən güclülərin turnirinə start verilib

    Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində şahmat üzrə “Naxçıvan Premium Turniri-2”yə start verilib.
    Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən ən yaxşıların yarışında 12 zəka sahibi mübarizə aparır. Yanvarın 25-də başa çatacaq turnir dairəvi sistem üzrə 11 turdan ibarət olacaq.
    İkinci dəfə təşkil olunan turnirin ilk günü maraqlı qarşılaşmalarla yadda qalıb. Püşkə əsasən ilk turda beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev (2353) beynəlxalq usta Toğrul Həsənzadə (2293) ilə qarşılaşıb. Görüş heç-heçə başa çatıb. 
    Beynəlxalq usta adını qazanan Pərviz Qasımov (2359) ilə yeni FIDE ustası olan Nəsrin Babayevanın (2017) da maraqla gözlənilən görüşü “sülh”lə yekunlaşıb. Beynəlxalq usta Talıb Babayev (2258) Nazlı Hümbətovanı (1629) sınağa çəkib və ağ-qara taxtanı qalib tərk edib. FIDE ustası Sadiq Məmmədov (2177) ilk turu qələbə ilə başa vurub. O buna Rza Həsənlini (1582) məğlub etməklə nail olub. İlk turda Seyid Hüseyn (2098) Ayxan Əliyevin (1983) müqavimətini qırıb. Sadiq Qarayevlə (2126) İlkin Qəbulov (1602) arasında keçirilən görüşdə qalib gələn tərəf Sadiq olub.
    Qeyd edək ki, dairəvi sistem üzrə 11 turdan ibarət yarışda oyun vaxtı 90 dəqiqə +, hər gedişə 30 saniyə olmaqla təyin edilib. Turnir cədvəlində xallar bərabər olduğu təqdirdə “Berqer əmsalı”, şəxsi görüşlərin nəticəsi və qələbələrin sayı əsas götürüləcək. Turnirdəki sıralamadan asılı olaraq iştirakçıların hər birinə pul mükafatı təqdim olunacaq. Yarış müddətində iştirakçılar Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının dəstəyi ilə “Təbriz” mehmanxanasında qalacaqlar. 
    Bu gün ikinci turun görüşləri keçiriləcək. Bu turda aşağıdakı cütlüklər qarşılaşacaq:

            Talıb Babayev – Sadiq Məmmədov
            Nəsrin Babayeva – Rza Həsənli
            İlkin Qəbulov – Pərviz Qasımov
            Toğrul Həsənzadə - Sadiq Qarayev
            Ayxan Əliyev – Urfan Sevdimalıyev
            Nazlı Hümbətova – Seyid Hüseyn

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 14.01.2022 23:38