AZ EN RU

Ən eybəcər hiss

Həyatımızın bir çox mərhələsində özümüzü başqaları ilə müqayisə edirik. Müqayisə pis deyil. İnsanı həvəsləndirir, uğura kökləyir. Sağlam düşüncəli müqayisə uğurlu insan kimi formalaşmağımıza kömək edir. Amma bəzən yersiz müqayisələr də var ki, bizi bədbəxt edir, gözdən salır, alçaldır, mənəviyyatsız bir insana çevirir. Belə eybəcər müqayisələrin mənşəyində isə bir hiss dayanır:  qısqanclıq...

Bu hissi alovlandıran sosial şəbəkələr bizə insanların yedikləri, içdikləri, harada olduqları, nə etdikləri, hətta hansı hisslər keçirdiklərindən xəbər verir. Məsələn, tətildə olan cütlüyü, yeni alınan evi, avtomobili,  uğur qazanan, sevilən, təqdir olunan, məqsədlərinə çatan bir insanı görəndə “Niyə mən yox, o?” – deyə çoxumuz daxilən özümüzə sual edirik. Bu kimi düşüncələr həyat enerjimizə təsir edir, bizi ruhdan salır, mənfi hisslərə kökləyir. Narazılıq gündən-günə artdıqca, kədər, qəzəb kimi duyğular insanı özündən çıxarır. Özü haqqında mənfi fikirlər çoxaldıqca insan depressiya kimi psixoloji problemlərlə üzləşir.

Bəlkə də, bu hissi bizə aşılayanlar hələ balaca uşaqkən öz doğmalarımız olub: “Bax filankəsin uşağı dərslərini yaxşı oxuyur, ağıllı uşaqdır, bacarıqlıdır” və digər bu kimi müqayisələrlə qəlbimizə qısqanclıq toxumunu əkib. Elə bu ifadələr hələ balaca ikən bizdən üstün hesab etdiyimiz uşaqlara qarşı eybəcər hissin təməlini qoyub. Və beləliklə, özümüzdən üstün hesab etdiyimiz uşaqları qısqanmağa başlamışıq. Hətta öz doğma bacı, qardaşımız belə bizə örnək göstərildikdə içimizdə onlara qarşı qısqanclıq hissi alovlanıb. Çünki bacarmadığımızı düşündüyümüz hər şeyə başqası sahib olduqda özümüzü yararsız hiss etmişik. Və böyüdükcə bu hiss, ilk növbədə, özümüzə, sonra isə yaxın ətrafımıza zərər verib. Bəs Adəm oğlu Qabilin öz qardaşı Habili öldürərək dünyadakı ilk qətlin başlanğıcına rəvac verməsi, Yusifin öz qardaşları tərəfindən dərin quyuya salınaraq tərk edilməsi qısqanclıq hissindən yaranmamışdırmı?..

Zaman keçdikcə, biz böyüdükcə bu hissin şeytani bir hiss olduğunu dərk etdikcə onun içimizdəki varlığını sirr kimi gizli saxlasaq da zamanla özümüzü büruzə vermişik. Həyatımızda baş verən dava-dalaşlar, mühakimələr, mübahisələr, intriqalar, küskünlüklər, bəzən  baş verən faciələrin belə mənbəyində məhz qısqanclıq dayanıb. Amma ən çox da özümüzə zərər verib bu eybəcər hiss... Nədənsə anlamırıq, əslində, hər birimizin güclü və zəif tərəflərimiz var. Bizim güclü tərəflərimiz başqalarının zəif tərəfləri ola bilər. Biz öz güclü tərəflərimizin fərqində olub, onları daha da təkmilləşdirməyə çalışmalıyıq. İçimizdəki eybəcər hissi dünyanın ən gözəl hissi sevgi ilə əvəz etməliyik. Sahib olmadıqlarımıza köklənməməli, əksinə, sahib olduqlarımıza baxıb minnətdarlıq hissi duymalıyıq. Heç kimin həyatı qüsursuz və mükəmməl deyil. Odur ki, özümüzdən daha uğurlu, daha bacarıqlı insanlarla müqayisə aparmaq özümüzü qeyri-adekvat hiss etməkdən başqa bir işə yaramır.

Həyatımızda edəcəyimiz yeganə müqayisə keçmiş həyatımızla indiki həyatımız olsun. Məsələn, bu gün mənəvi dünyamızı hansı dəyərlərlə zənginləşdirdik? Nələrin öhdəsindən gəldik? Məqsədlərimizə neçə addım yaxınlaşdıq? Nələr qazandıq? Unutmayaq, özümüzü başqaları ilə deyil, özümüzlə müqayisə əzmkarlıq hissimizi artırır. Əslində, qısqanclıq bizə böyük uğurlar vəd edir, baxır ondan necə istifadə edirsən...

Gülcamal TAHİROVA

Nəşr edilib : 17.04.2024 12:35