AZ EN RU

Ən çox darıxdığımız həm də milli yeməklərimizdir

Əli Hüseynli
Azərbaycan diasporu fəalı
Polşa, Krakov

    Mən Babək rayonunda doğulmuşam, ali təhsilimi İqtisad Universitetində almışam. 2020-ci ildən Polşaya köçmüşəm, hazırda Krakov şəhərində yaşayıram və burada magistr təhsili alıram. Üç ildir ki, Azərbaycandan kənardayam. Ancaq onu deyim ki, Polşada azərbaycanlılar çox yaşayır və təbii ki, bu da hər birimizi sevindirir, xüsusilə də yeni gələnləri. Çünki tez-tez görüşürük və bir-birimizlə ünsiyyətdə olur. Başqa Avropa ölkələrindən fərqli olaraq Polşa həm də azərbaycanlıların ən çox bizneslə məşğul olduğu ölkədir. Buna görə də mən mövzuya bu istiqamətdən yanaşmaq istədim. Buradakı biznes sahələri içərisində restoranlar çoxdur. Bu isə Azərbaycan milli yeməklərinin tanıdılması baxımından çox gözəldir. Həmin restoranlara misal olaraq “Zeytun” və “Abşeron” restoranlarını göstərə bilərəm. Burada Azərbaycan mətbəxinin şah yeməkləri olan plov, dolma, xaş və dovğa çox gözəl bişirilir. Şirniyyatlarımızdan paxlava, şəkərbura damaqlarımızın dadıdır. Xüsusilə də Novruz bayramı ərəfəsində burada özümüzü Azərbaycandakı kimi hiss edirik. Novruz bayramı demişkən, Polşada həmvətənlərimiz, demək olar ki, hər bayramda bir yerə toplaşır, yerli bələdiyyələrdən icazə alaraq, hətta tonqallar belə qalayaraq Novruz adətlərimizi yaşadır. Krakov, Varşava kimi şəhərlərdə Azərbaycan məhsullarının satıldığı çoxlu marketlər var ki, bu, Azərbaycanın iqtisadi potesialının tanıdılması cəhətdən çox yaxşıdır. 
    Digər bir mühüm məqam da Polşada yaşayan azərbaycanlıların Vətən müharibəsi dövründə göstərdikləri birlik idi. Həmvətənlərimiz dəfələrlə etiraz aksiyaları təşkil etdilər. Hətta Berlində erməni səfirliyinin qarşısında təşkil olunan etiraz aksiyalarında fəallıq göstərdilər, öz imkanları hesabına bir çox şəhərlərdə təşkil olunan tədbirlərdə birlik nümayiş etdirdilər. 
    Ümid edirəm ki, xalqımız bir də heç vaxt müharibə ilə sınağa çəkilməyəcək və mən fürsətdən istifadə edib bütün şəhid ailələrinə başsağlığı verirəm, şəhidlərimə Allahdan rəhmət diləyirəm, ruhları şad olsun. Həmrəyliyimiz daimi olsun.

Nəşr edilib : 30.12.2023 18:34