AZ EN RU

“Ən böyük qayəmiz ana Vətənin layiqli övladı olmaqdır!”

    “Həmrəyliyimizin ən böyük ideyası – Azərbaycançılıq” rubrikasında növbəti həmsöhbətimiz Bəhruz Bayramovdur. Xaçmaz rayon Fərzəlioba kəndindən olan Bəhruz 2012-2016-cı illərdə Sumqayıt Dövlət Universitetində Mühasibat uçotu üzrə bakalavr təhsili alıb. Təhsil illərində aktiv tələbə kimi bir çox təlimlərə, seminarlara qoşulduqdan sonra universitet nəzdində çoxşaxəli bir klub yaradaraq tələbələr üçün müxtəlif mövzularda seminarlar keçməyə və təlimçilər cəlb etməyə başlayıb. “Universiteti bitirdikdən sonra 2 ilə yaxın müddətdə təhsilimi xaricdə davam etdirmək üçün doğru ölkə və universitet axtarışında oldum”, – deyən müsahibimiz 2018-ci ildə Çinə yollanıb. Müsahibimiz Uzaq Şərqdəki fəaliyyətindən belə söz açır: – 2021-ci ildə MBA (araşdırma maliyyə və bank sektoru) təhsilimi Çinin və dünyanın ən yaxşı ali təhsil müəssisələrindən biri olan Sian Xiotonq Universitetində (Xian Jiaotong University)  yüksək bal və müxtəlif nailiyyətlərlə bitirdikdən sonra eyni universitetdə doktorantura təhsili almağa başladım. Həmin zaman minlərlə tələbə arasından universitet elçiləri seçilirdi və seçilmiş 26 tələbədən biri də mən idim. Bununla da  universitetimizə yeni gələn xarici professorlarla görüşərək onları ali təhsil ocağımız və şəhərimizlə tanış edirdim. Söhbət əsnasında, təbii ki, ölkəmiz haqqında da kifayət qədər suallar alırdım. Çalışırdım ki, bu kimi hallarda doğma Azərbaycanı layiqli şəkildə tanıda bilim. Bununla yanaşı, zəngin kulinariya mədəniyyəti olan bu ölkədə universitet professorları ilə görüş zamanı onları Azərbaycan-Orta Asiya restoranına dəvət edərək milli mətbəximizlə tanış edirdim. Şəhərimizdə azərbaycanlı az olsa da, onlarla tez-tez görüşür, bayramları, xüsusi günləri birgə qeyd edirdik. 

    Həmsöhbətim deyir ki, 2022-ci ildə dərslərin onlayn davam etməsi Vyetnama köçmək və işləmək imkanı verdi. Vyetnamın ən turistik və əsrarəngiz təbiətə sahib Ha Long şəhərində müəllim kimi işləməyə başladım. Şəhərdə yeganə azərbaycanlı olsam da, dərs ili ərzində müxtəlif mədəniyyətlər, fərqli ölkələrdə təhsil sistemləri, mətbəxi, geyimləri barədə dərslərimizi tədris edirdik və bu mövzularla tələbələrdə Azərbaycana maraq oyadacağıma əmin idim. Bu məqsədlə dərs müddətində Azərbaycan mədəniyyətini, tarixini, gəzməli-görməli yerlərini şagirdlərimə tanıtmağa çalışırdım. Ha Longda keçirilən bir çox tədbirin aparıcısı olduğum üçün şəhərin təhsil sahəsində çalışan maarifçilər ilə görüşə bilirdim və hansı ölkədən olmağım onlarda maraq doğururdu. Mən də, öz növbəmdə, onlara bu barədə, xüsusilə Ulu Öndər Heydər Əliyevin Vyetnam səfəri, neft hasilatındakı qatqımız və vyetnamlı tələbələrin keçən əsrin sonlarında Azərbaycan universitetlərində təhsil almalarından danışırdım.
    Bəhruz Bayramov qeyd edir ki, bu il isə Vyetnamın paytaxtı Hanoya köçdüm. Şəhərdə iyirmi nəfərdən çox azərbaycanlı yaşayır və hər həftə azı bir dəfə görüşür, söhbətləşir yaxud harasa gedirik. Həmyerlilərimin çoxluğu, güclü əlaqələrimizin olması, qürbətdə hər zaman yardımımıza gələcək birilərinin olduğunu bilmək bizə yad yerdə doğmalıq hissini yaşadır. Yeni səfirimiz də bu baxımdan bizlər üçün genişmiqyaslı işlər görür. Azərbaycanlılarla görüşlər və tədbirlər təşkil edir, mütəmadi olaraq Azərbaycanın təbliğatına xüsusi diqqət ayırırıq. Məsələn, ötən həftə ard-arda baş tutan yemək festivallarında Azərbaycan stendinin fəallığı festival iştirakçılarının diqqətinə səbəb oldu. Vyetnam mediası – qəzet və televiziyalarında da bundan bəhs edildi. 
    Müsahibimiz deyir ki, eyni zamanda Azərbaycandakı dost-tanışdan, qohumlardan da “Oralar necə yerlərdir?” kimi suallar gəlir və vaxtım olduqca Vyetnamdakı həyatım, səyahət etdiyim yerlərlə bağlı videoları “Youtube” sosial şəbəkə platformasında şəxsi kanalımda paylaşıram. Bu, həmvətənlərim və xaricilərin mədəniyyət inteqrasiyasına şərait yaradır.
    Müsahibimiz 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə öz arzularını da bizimlə bölüşür: “Mən də xarici ölkədə yaşayan bir azərbaycanlı gənc kimi ölkəmizin tanıdılmasında, layiqli şəkildə təbliğ edilməsində yaxından iştirak etdiyimə görə özümü çox xoşbəxt hiss edirəm. Ən böyük qayəmiz ana Vətənin layiqli övladı olmaqdır. Qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə xoşbəxt gələcək arzu edirəm!” 
    Müsahibimizin də qeyd etdiyi kimi, qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər birimiz üçün xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan xaricdə yaşayan hər bir həmvətənimiz üçün doğma torpaq, ana Vətən ən böyük sevgidir, dəyərdir... 

Aysel YUSİFZADƏ

Nəşr edilib : 27.12.2023 19:03