AZ EN RU

Emin Əmrullayev: Peşə təhsilinin strukturunun müəyyənləşdirilməsi lazımdır

Əvvəllər 9-cu sinfi bitirən şəxs peşə məktəbinə qəbul olandan sonra təhsil üçün başqa yerə gedə bilmirdi. Çünki ali təhsil almaq üçün mütləq məktəbə qayıdıb 10-11-ci sinfi bitirməli idi.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” mövzusunda konfransda çıxışı zamanı deyib. Nazir bildirib ki, kadr və peşə hazırlığı uzun müddət ərzində iqtisadiyyatın inkişafına, sosial rifahının yüksəlməsinə təsir edən amildir.

“Bəzən müqayisə edilir ki, sovet dövründə peşə təhsili güclü və yaxşı idi, bəs niyə bərpası mümkün deyil? Peşə təhsilinin strukturunun müəyyənləşdirilməsi lazımdır”, - deyə nazir qeyd edib.

Emin Əmrullayev son illər peşə təhsilinə marağın artdığını söyləyib.

“Lakin əvvəllər uzun illər ərzində əhalinin böyük hissəsi peşə təhsili almayıb. Əvvəlki dövrdə 17-20 min nəfərin ali, 10-15 min nəfərin peşə, 15 minə yaxın insanın isə orta ixtisas təhsilinə yiyələndəyini görürdük. 20 illik dövrdə isə təxminən 3 milyon insanın formal peşə hazırlığı yoxdur. Çox insan görür ki, hər hansı iş üçün diplom elə də önəmli deyil, ona görə də diplom almaq üçün maraq göstərmir”, - deyə nazir fikrini yekunlaşdırıb.

Nəşr edilib : 13.12.2023 11:10