AZ EN RU

Emin Əmrullayev: “Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində təhsilin keyfiyyəti Azərbaycanın digər bölgələri ilə müqayisədə daha yüksəkdir”.

Artıq iki gündür ki, Naxçıvandayıq. Bu iki gün ərzində Naxçıvan Muxtar Respublikasında maraqlı tədbirlərdə iştirak etdik. İlk növbədə “Qərbi Azərbaycana qayıdış” festival-konqresini xüsusi qeyd etmək istərdim. Bu tədbir çox əhəmiyyətli idi. Tədbirdə nüfuzlu elm adamlarının çıxışları oldu. Həm gənc nəslin maariflənməsində, həm siyasi-ideoloji işin qurulmasında belə tədbirlərin keçirilməsi olduqca vacib əhəmiyyət kəsb edir. Qəzetiniz vasitəsilə fürsətdən istifadə edib, bu konqresin təşkilində əməyi keçən muxtar respublika rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.

Bu gün isə biz muxtar respublikada fəaliyyət göstərən müxtəlif məktəblərdə olduq. Xüsusilə qeyd etmək istərdim ki, Naxçıvanda təhsilin keyfiyyəti müsbətdir. Bu da Naxçıvan müəllimlərinin əməyinin nəticəsidir. Qarnizon məktəbində bir neçə dərsdə şagirdlərlə də ünsiyyətimiz oldu. Mən səmimi olaraq bildirim ki, çox müsbət təəssüratla həmin məktəbdən ayrıldım.

Bildiyiniz kimi, bu gün həm də Naxçıvan STEAM mərkəzində vətəndaş qəbulu da həyata keçirdik. Vətəndaş qəbulu ilə bağlı istərdim ki, bəzi fikirlərimi paylaşım. İlk olaraq onu deyə bilərəm ki, təbii olaraq təcrübədə tətbiq olunan mexanizmlər arasında müəyyən fərqlər müşahidə olunur. Təhsildə bir çox xidmətlər və istiqamətlər var. Elm və Təhsil Nazirliyi olaraq onların hər biri ilə bağlı müəyyən prosedurlar hazırlamışıq və hazırda həmin prosedurları təhsildə tətbiq edirik. Bu prosedurların olması həm vətəndaşlarla ünsiyyətdə, həm də istər şikayətlər, istər narazılıqlar kimi müraciətlərin yaranmasında bizə çox kömək edir.

Onu da qeyd etmək istərdim ki, Naxçıvan Muxtar Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə artıq fəaliyyət planımız var. Məqsədimiz odur ki, ümumtəhsil müəssisələrinə direktor və direktor müavinlərinin təyinatı, müəllimlərin işə qəbulu imtahanı, sertifikasiya və bunun nəticəsində əməkhaqqının artırılması ilə bağlı verilən qərarlar, həmçinin, müəllimlərin saat bölgüsü ilə bağlı alqoritmlər, bölgünün hansı qaydada aparılması, digər təhsil müəssisələrinə işə qəbul, şagird yerdəyişməsi və bununla bağlı məlumatların toplanması kimi oxşar prosedurlar mərkəzləşdirilmiş qaydada həyata keçirilsin. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi olaraq inanıram ki, artıq bir yol xəritəmiz var. Növbəti il ola bilər ki, müəllimlərin işə qəbulu imtahanı sinxronlaşdırılsın. Amma təbii ki, burada muxtar respublikanın özəl xüsusiyyətləri nəzərə alınmalıdır. Yəni Naxçıvanda qeydiyyatda olan, Naxçıvanda yaşayan və yaxud da Naxçıvana geri dönmək istəyən insanların burda işlə təmin olunması məsələsi prioritetdir. Digər problemlər də ümid edirik ki, qısa müddət ərzində aradan qaldırılacaq. Ümumilikdə, qeyd etmək istərdim ki, hal hazırda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində təhsilin keyfiyyəti Azərbaycanın digər bölgələri ilə müqayisədə daha yüksəkdir. Digər məsələləri də tətbiq etməklə keyfiyyəti daha da yaxşılaşdıra bilərik.

Gülcamal TAHİROVA

Nəşr edilib : 24.11.2023 18:25