AZ EN RU

Əməyin ödənilməsində yeni təsdiq olunmuş qaydalar təqdim edilib

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsinin yeni təsdiq olunmuş qaydaları təqdim olunub. Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov çıxış edərək yeni qaydaların tətbiqinin həkimlərin və tibb işçilərinin fəaliyyətində stimul yaradacağına əminliyini ifadə edib. Qeyd edib ki, başlıca məqsəd nazirliyin tabeliyindəki tibbi sığorta əsasında fəaliyyət göstərən səhiyyə müəssisələrində çalışan işçilərin uyğun əməkhaqqı ilə təmin edilməsi, peşəkarlığının və səriştələrinin yüksəldilməsinə maraqlarının artırılması, səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və ölçülməsi əsasında onların əməyinin ödəniş sisteminin tənzimlənməsidir.
    Yığıncaqda çıxış edən nazirliyin əməkdaşı Əli Orucov yeni qaydaları iştirakçılara slayd vasitəsilə nümayiş etdirib. Qeyd edib ki, tibb müəssisələrində tibb və qeyri-tibb işçisinin xidməti fəaliyyətinə iqtisadi və kəmiyyət göstəricilərinə əsasən aylıq həvəsləndirici əlavələr veriləcək. Həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr sabit aylıq həvəsləndirici əlavələr və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində ayrı-ayrı hesablanacaq. Beləliklə, səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqları bir neçə mənbədən formalaşacaq. Aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr, əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər. Həkimlərə verilən işin nəticəsinə görə həvəsləndirici əlavələr göstərilən tibbi xidmətin tarifinə görə dəyişəcək. Tibbi xidmətlərin tarifləri Xidmətlər zərfi ilə tənzimlənir. Bundan əlavə, həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də Xidmətlər zərfindəki tariflərə uyğun olaraq əlavələr alacaq. Xəstəxanaların kateqoriyalarına gəldikdə isə muxtar respublika üzrə Naxçıvan Muxtar Respublika Xəstəxanası və Perinatal Mərkəz yüksək balla qiymətləndirilərək 3D kateqoriyasında müəyyənləşib. Digər xəstəxanalar müvafiq olaraq 2C, 2D kateqoriyalarındadır. 
    Sonda Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov yığıncaq iştirakçılarına muxtar respublikada keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində tapşırıqlarını bildirib.

 Aidə İBRAHİMOVA

Nəşr edilib : 05.09.2023 18:07