AZ EN RU

Əməyin mühafizəsi günü ilə əlaqədar tədbirlər keçirilib

    Dünən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar seminar keçirilib.
    Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli bildirib ki, ulu öndərimiz ölkəmizə rəhbərliyi dövründə insanların sosial müdafiəsini, o cümlədən işçilərin hüquqlarının qorunmasını və əməyin mühafizəsini daim diqqət mərkəzində saxlayıb, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirib. Qeyd olunub ki, əməyin mühafizəsindən danışarkən, ilk növbədə, gözlərimiz önündə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi mənzərəsi dayanır. İnsanların rahatlığına xidmət edən hamar yollar, sağlamlığımız naminə yaradılan yaşıllıqlar, tikilən körpülər, elm, mədəniyyət, səhiyyə, təhsil ocaqları, idman şəbəkələri, istehsal müəssisələri və hər il həyata vəsiqə alan yüzlərlə yeni tikililər günümüzün reallıqlarıdır. Doğma Naxçıvanımızda aparılan bu məqsədyönlü islahatların kökündə muxtar respublika vətəndaşlarının rahatlığı, səmərəli məşğulluğu, onun üçün yaradılan sağlam və layiqli iş yeri, əmək şəraiti, əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması və təhlükəsizliyi dayanır.     Çıxışlarda bildirilib ki, muxtar respublikamızda əməyin təhlükəsizliyi və mühafizəsi istiqamətində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaradılıb. 

Aytac CƏFƏRLİ

***

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində “Əməyin mühafizəsinə dair ümumi tələblər” mövzusunda seminar keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə təşkil olunan seminarda Rabitə və Yeni Texnologiyalar Nazirliyinin aparatının məsləhətçi-hüquqşünası Aygül Mirzəyeva ölkəmizdə əməyin mühafizəsi sosial müdafiə məsələləri ilə bağlı formalaşdırılan qanunvericilik prinsiplərindən danışıb. 

    Çıxışda Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əmək hüquqlarının qorunması məsələlərinin hər zaman diqqət mərkəzində saxlanılmasından və bu istiqamətdə görülən tədbirlərdən bəhs edilib. 
    Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Cavad Cavadov slayd vasitəsilə əməyin mühafizəsinə dair ümumi tələblər barəsində ətraflı məlumat verib. 

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni 
Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.04.2022 20:32