AZ EN RU

Əməkdar rəssam Sabir Məmmədovun muxtariyyətin 100 illiyinə həsr olunmuş sərgisi təşkil edilib

Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı  Sabir Məmmədovun muxtariyyətin 100 illiyinə həsr olunmuş sərgisi təşkil edilib. Rəssamın çoxşaxəli yaradıcılığının məhsulu olan 40 əl işinin yer aldığı sərginin açılış mərasimində muxtar respublikanın mədəniyyət və incəsənət nümayəndələri, sənət dostları, ailə üzvləri iştirak edib.

Sərgini giriş nitqi ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov Əməkdar rəssamın həyat və yaradıcılığından bəhs edib, muxtar respublikanın  mədəniyyətinə xidmət edən, Vətənin hər qarışından yüksək ilham alaraq təkrarsız əsərlər yaradan Sabir Məmmədovun  Naxçıvan rəssamlıq məktəbinin ən layiqli davamçılarından biri olduğunu vurğulayıb.

İncəsənətin inkişafında Naxçıvan rəssamlarının rolundan danışan Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini  Ülviyyə Həmzəyeva vurğulayıb ki, Sabir Məmmədov Bəhruz Kəngərli irsinin davamçılarından biridir. Sənətkar incəsənətin bütün sahələrində-rəngkarlıq, heykəltəraşlıq, ağac üzərində yonma, metal üzərində işləmənin  ən gözəl nümunələrini yaradıb, teatr rəssamlığı sahəsinə töhfələr verib.

Sonra rəssamın sənət dostları-Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədlinin, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyevanın çıxışları dinlənilib. Vurğulanıb ki, Sabir Məmmədov Naxçıvana həsr olunmuş dəyərli əsərlər yaradıb. “Haçadağ”, “Batabatda qış”, “Pəzməri şəlaləsinə gedən yol”, “Nəhəcir dağı”, “Naxçıvan XVIII əsrdə” və digər əsərləri onun torpağa olan sevgisinin məhsuludur. Fırça ustası bu günədək Rusiya, Ukrayna, İran, Türkiyə  və digər ölkələrdə, eləcə də paytaxt Bakıda keçirilən sənət sərgilərində iştirak edib, özünün fərdi sərgisi açılıb. Rəssamın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Sonra Sabir Məmmədov yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirib, 4 əsərini Naxçıvan Dövlət RəsmQalereyasına hədiyyə edib. Sonda tədbir iştirakçıları sərgiyə baxış keçiriblər.

       Naxçıvan Muxtar Respublikasının

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.02.2024 17:01