AZ EN RU

Əməkdar incəsənət xadimi, nəğməkar-şair Baba Vəziroğlu Naxçıvan Dövlət Universitetində tələbələrlə görüşüb

Görüşün sonunda Baba Vəziroğlu öz təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüb: – Mənə çox xoşdur ki, bu gün qədim və cavan diyar olan Naxçıvanda yenidən görüşdük. Bu diyar mənim üçün heç də yad deyil. Bu doğmalıq mənə uzaq keçmişdə olduğum hərbi xidmət dövrü xatirələrindən yaranıb. Hər dəfə Naxçıvana gələrkən bu diyarın daha da inkişaf etdiyini görəndə bir sevinc hissi keçirirəm. Naxçıvana tez-tez səfər etməyimin səbəblərindən biri də hər dəfə  ali təhsil ocaqları arasında keçirilən yaradıcılıq müsabiqəsində münsiflər heyətinin tərkibində olmağım ilə əlaqədardır. Hər dəfə gəldikdə yeni istedadlarla qarşılaşıram. Bu diyarın əzəldən bəri incəsənətə və poeziyaya olan marağı hər keçən gün daha da artır. Növbəti dəfə isə qalib gələn həmin istedadlar Bakı şəhərindəki Heydər Əliyev sarayında keçirilən konsert və qala gecəsinə dəvət olunurlar. Hər dəfə bu müsabiqələr keçirildikcə daha da sevinirəm, çünki gənclərin zaman keçdikcə rəqsə, şeirə, instrumental ifaçılığa və incəsənətin digər sahələrinə meyl etməsi xalqın mədəniyyətinin inkişafı üçün çox önəmlidir.

Bu ali təhsil ocaqlarında keçirilən böyük müsabiqələrdən birinin də Naxçıvan Dövlət Universitetində baş tutduğunu. qısa zaman ərzində qalibləri müəyyənləşdirəcəklərini söyləyən şair, Ümummilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” şüarını layiqincə yerinə yetirən təhsil ocaqlarından birinin də Naxçıvan Dövlət Universiteti olduğunu  qeyd etdi.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 24.04.2024 17:16