AZ EN RU

Əmək pensiyalarının və müavinətlərin maliyyələşdirilməsi başa çatdırılıb

    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən sığorta-pensiya sisteminin tətbiqi istiqamətində işlər davam etdirilir. Belə ki, fond əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin qanunvericiliyə uyğun təyinatı və ödənilməsi üçün müvafiq tədbirlər həyata keçirib. Fond hər ay olduğu kimi, dekabr ayında da bütün növ əmək pensiyalarının və müavinətlərin maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib. Ümumilikdə, pensiya ödənişinə 15 milyon 370 min 550 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin verilməsinə isə 366 min 110 manat vəsait pensiya və müavinət alan şəxslərin ödəniş kartlarına köçürülüb.
    Qeyd edək ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Rəqəmsal İnnovasiya Mərkəzinin mütəxəssisləri tərəfindən Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində Naxçıvan Muxtar Respublikası Pensiya təyinatı altsisteminin yaradılması bu ilin sentyabr ayında başa çatdırılıb, muxtar respublika üzrə 43 min əmək pensiyaçısının 25 mindən artığının pensiya işləri altsistemə daxil edilib. Pensiya təyinatı altsistemi əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, əmək pensiyalarının ödənişinin həyata keçirilməsini və digər bu kimi əməliyyatları avtomatik qaydada həyata keçirir. Sistemə əmək pensiyası təyin olunması üçün müraciət etmiş şəxslərin fərdi identifikasiya nömrələrini daxil etməklə əldə olunan pensiya kapitalının aylar və illər üzrə məlumatları əsasında onlara əmək pensiyası təyin edilir. Cari ilin sentyabr ayından başlayaraq pensiya hüququ yaranan şəxslərin məlumatları altsistemə daxil edilərək qanunvericiliyə uyğun elektron qaydada hesablandıqdan sonra əmək pensiyası təyin olunub.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 06.12.2022 19:10