AZ EN RU

Əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsi yekunlaşıb

    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyaçılarının və sığortaolunanların rifah halının yüksəldilməsi ilə bağlı mütəmadi olaraq tədbirlər görülür, onlara göstərilən xidmətlərin operativliyi təmin edilir. 
    Əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin vaxtından əvvəl ödənilməsi də bu tədbirlərdən biridir. Fond bu istiqamətdə üzərinə düşən vəzifələrin icrasını yerinə yetirib və hər ay olduğu kimi, oktyabr ayında da pensiyaların və müavinətlərin maliyyələşdirilməsi ilə bağlı işləri vaxtından əvvəl başa çatdırıb. Eyni zamanda sığorta prinsipi ilə pensiya alanların hər birinə 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın dördüncü rübü üzrə 50 manatı da pensiya ilə birlikdə ödənilib. Həmçinin qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib. Tələb olunan vəsait fondun xəzinə hesabından pensiyaçıların plastik bankomat kartlarına köçürülüb. İstəkləri nəzərə alınaraq kənd yerlərində yaşayan pensiyaçılara isə pensiyaları poçt bölmələri vasitəsilə ödənilib. Pensiya və maddi yardımların  ödənilməsi üçün 17 milyon 493 min 858 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə isə 308 min 14 manat vəsait yönəldilib.
    Qeyd edək ki, hazırda pensiya və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi üçün tələb olan vəsaitin böyük hissəsi muxtar respublikada yığılan məcburi dövlət sosial sığorta haqları hesabına həyata keçirilir. Dövlət büdcəsindən ayrılan transfertin həcmi isə fondun hesabına daxil olan sığorta haqlarından əhəmiyyətli dərəcədə aşağıdır. Belə ki, cari ilin ötən dövrü ərzində pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilən vəsaitin 64,6 faizi muxtar respublikada yığılan sığorta haqları hesabına ödənilib. Ümumiyyətlə, cari ilin ötən dövrü ərzində fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 96 milyon 280 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 659 min 600 manat və ya 18 faiz çoxdur. Nəzərə alınmalıdır ki, qeyd olunan xərclərin maliyyələşdirilməsinə yönəldilən sosial sığorta vəsaitləri sığortaolunanların fərdi hesablarında pensiya kapitalı kimi qeydə alınır ki, bu da gələcəkdə təyin ediləcək pensiya məbləğlərini formalaşdırır.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 
mətbuat xidməti

Nəşr edilib : 06.10.2022 20:25