AZ EN RU

Əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsi başa çatdırılıb

    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əvvəlki aylarda olduğu kimi, avqust ayında da bütün növ əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb. Qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi dəyərində maddi yardımın ödənilməsi də təmin edilib. Ümumilikdə, avqust ayı üçün pensiya ödənişinə 15 milyon 407 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin verilməsinə 258 min 625 manat vəsait yönəldilib.
    Qeyd edək ki, muxtar respublika iqtisadiyyatının inkişafı məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda ciddi artımın əldə olunmasına şərait yaradır. Belə ki, cari ilin 7 ayı ərzində fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 77 milyon 268 min 700 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 260 min 300 manat və ya 17,1 faiz çoxdur. Ümumiyyətlə, cari ilin ilk 7 ayı ərzində pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 65,7 faizi muxtar respublika daxilində yığılan məcburi dövlət sosial sığortahaqqı hesabına maliyyələşdirilib. 

Naxçıvan Muxtar Respublikası
 Dövlət Sosial Müdafiə Fondunun
 mətbuat xidməti

Nəşr edilib : 05.08.2022 20:08