AZ EN RU

Əmək pensiyalarının sığorta hissəsi artırılacaq və əmək pensiyaçılarına maddi yardım veriləcəkdir

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ildə aparılan sosial islahatlarda pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Belə ki, ölkə başçısı “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında”  2022-ci il 8 fevral tarixdə Sərəncam imzalayıb. Sərəncama əsasən cari ildən əmək pensiyalarının minimum məbləği 20 faiz, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 50 faiz, sığortaolunanlar vəfat etdikdə onu dəfn etməyi öhdəsinə götürən şəxsə dəfn üçün müavinətin məbləği 17 faiz, əmək pensiyaçıları vəfat etdikdə onu dəfn etməyi öhdəsinə götürən şəxsə ödənilən dəfn üçün müavinətin məbləği isə 20 faiz artırılıb. Sərəncama əsasən ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2022-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin məbləği 3,4 faiz indeksləşdirilərək artırılacaqdır.
    İndeksasiya vətəndaşların müraciəti olmadan muxtar respublika üzrə 40 min 107 əmək pensiyaçısına şamil ediləcək və artımların ödənilməsinin həyata keçirilməsinə fondun büdcəsindən hər ay orta hesabla 390 min 109 manat əlavə vəsait yönəldiləcəkdir.
    Bundan əlavə, Sərəncama əsasən ölkəmizdə ilk dəfə olaraq əmək pensiyaçılarına (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə  əsasən qulluq stajına görə əlavə alan şəxslər istisna olmaqla) rüb ərzində 50 manat məbləğində, ümumilikdə, il ərzində 200 manat olmaqla, əmək pensiyaçılarına maddi yardım ödəniləcək. Muxtar respublika üzrə pensiyaçılara maddi yardımın ödənilməsi üçün rübdə 2 milyon 5 min 350 manat əlavə vəsait ayrılacaqdır.
    Həmçinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq muxtar respublika üzrə fərdi uçot sistemində qeydiyyatda olan 182 min 512 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğləri də yanvarın 1-dən indeksləşdirilməklə 6,7 faiz artırılacaqdır.
    Sərəncamın operativ icra edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaların artımlarının hesablanması üçün fondun yerli qurumlarına müvafiq tapşırıqlar verilib və pensiyaların sığorta hissəsinin məbləğinin artırılması prosesinə başlanılıb.
    Qeyd edək ki, muxtar respublikada fevral ayı üçün ödənilən pensiyalar fevral ayının 4-də başa çatdırılıb. Buna görə də, yanvar və fevral aylarının artımları, həmçinin cari ilin birinci rübü üzrə 50 manat məbləğində maddi yardımlar ay ərzində pensiyaçılara ödəniləcəkdir.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti

Nəşr edilib : 10.02.2022 19:02