AZ EN RU

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun muxtar respublikada uğurla icra olunur

    Ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasət nəticəsində sosial sahənin bütün istiqamətlərində mühüm addımların atılmasına, o cümlədən pensiya təminatının ildən-ilə gücləndirilməsinə nail olunub. Əmək pensiyaçılarının rifah halının yaxşılaşdırılması, bu məqsədlə pensiyaların artırılması sahəsində həyata keçirilən islahatlar xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun da pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən növbəti addımdır və pensiya sistemində yeni islahat mərhələsi olaraq pensiya artımında vahid indeksasiya metoduna keçidi təmin edir.
    Qanunda edilmiş dəyişikliyə əsasən qulluq stajına görə əlavə alan pensiyaçıların, yəni hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının və digər aidiyyəti şəxslərin pensiyaları əgər bu vaxta qədər onların işləmiş olduqları sahələrdə əməkhaqqı artımı olduqda artırdısa, bundan sonra həmin pensiyaçıların pensiyaları da digər pensiyalar kimi hər ilin əvvəlində indeksləşdirilərək artırılacaqdır. Nəticədə, həmin şəxslərin pensiyalarında da hər il artım baş verəcəkdir.
    Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 2022-ci il  8 fevral tarixli Sərəncamına əsasən ümumi əsaslarla pensiya təyin edilmiş şəxslərə rüb ərzində 50 manat məbləğində, ümumilikdə, il ərzində 200 manat olmaqla maddi yardım ödənilmişdir. Həmin şəxslərə ödənilən maddi yardımın bir aya düşən məbləği, yəni 16,67 manat məbləğindəki vəsait 2023-cü il yanvarın 1-dən onların pensiyalarının tərkibinə daxil ediləcəkdir. Bundan başqa, ölkə başçısının “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin 10 faizi məbləğində aylıq maddi yardım ödənilmişdir. Həmin şəxslərə də ödənilən maddi yardım pensiyalarının tərkibinə daxil ediləcəkdir. Bundan sonra yekun pensiya məbləğləri 2022-ci il üzrə ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilib artırılacaqdır.
    Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamların muxtar respublikada operativ icra olunması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, muxtar respublikada 43 min pensiyaçı vardır ki, bunların da 4 min nəfəri qulluq stajına görə əlavə alanlardır. Onların da pensiyası fond tərəfindən gələn ilin əvvəlində digər pensiyaçılar kimi indeksləşdirilərək artırılacaqdır. Bununla da, bütün növ pensiyaların indeksləşdirilərək artırılmasında gələn ilin əvvəlindən bərabər yanaşmaya keçid təmin ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 27.12.2022 21:06