AZ EN RU

Əlyazmalar Fondu

Naxçıvana aid arxeoqrafik sənədlərlə zənginləşdirilir

    Naxçıvan Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olduğu üçün burada tərtib edilən saysız-hesabsız arxeoqrafik sənədlərin mövcudluğunu təbii bir hal hesab etmək olar. Təəssüf ki, tarixin ayrı-ayrı dönəmlərində bu mənəvi xəzinənin müəyyən qismi insafsızcasına talanaraq müxtəlif xarici ölkələrə daşınmışdır. Lakin təskinlik ondadır ki, Naxçıvana aid qədim tarixi sənədlərin müəyyən hissəsi bu günədək qoruna bilmiş  və Azərbaycan Respublikasının ayrı-ayrı arxiv və muzeylərində saxlanılmaqdadır. Həmin sənədlərin bir qismi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunda mühafizə olunur.     

    Naxçıvana aid arxeoqrafik sənədlərin etibarlı saxlanc yerlərindən biri də burada fəaliyyət göstərən Tarix Muzeyi olmuşdur.
    1930-1945-ci illərdə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru vəzifəsində işləmiş M.Mirheydərzadə yazırdı: “Ordubaddan və Naxçıvandan əldə edilmiş və alınmış bir çox əlyazmalar, qəbalə və fərmanlar Naxçıvan muzeyində şkafda, bəzi qovluqlarda, ekspozisiyada saxlanılır”.
    2021-ci ilin sonlarınadək arxeoqrafik sənədlər Naxçıvan Dövlət Tarix Muzeyinin əsas fondunda mövcud olmuşdur. Təəssüf ki, sayı 300-dən çox olan həmin sənədlər, demək olar ki, tədqiqata cəlb edilməmiş, uzun illər muzeyin arxivində yatıb qalmışdır. 
    Haqqında bəhs edilən sənədlər 2021-ci ilin noyabr ayında daimi mühafizə üçün AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fonduna köçürülmüşdür. Həmin sənədlərin əksəriyyəti bir (bəzisi iki) vərəqdən ibarətdir. Sərhəddən keçid, doğum və vəfat tarixlərinə aid sənədlər həm hazır blank, həm də əlyazısı formasındadır. Vərəqlər müxtəlif öçülərdədir. Ən kiçiyi 10x18 santimetr, ən böyüyü isə 26x70 santimetr ölçüdədir. Bir-iki solmuş sənəd nəzərə alınmazsa, demək olar ki, onların hamısı oxunaqlı vəziyyətdədir. 
    Dövrün tələblərinə uyğun olaraq bütün sənədlər o vaxt rəsmi dil kimi qəbul edilən fars dilində, nəstəliq-şikəstə xəttilə yazılmışdır. Lakin Azərbaycan Rusiyaya ilhaq ediləndən sonrakı illərə aid olan bəzi sənədlər ya rus dilinə tərcümə olunmuş, ya da rus dilində tərtib edilmişdir. Sənədlərin tərtibi zamanı şəriət qaydalarına və o dövr üçün məqbul sayılan rəsmi üslubun normalarına əməl edilmişdir. 
    Sənədlər müvafiq səlahiyyətli şəxslərin və şahidlərin rəsmi və şəxsi möhürü, bəzi şahidlərin isə barmaq izi ilə təsdiq edilmişdir.
    300 ilədək bir dövrü (XVI-XIX əsrləri) əhatə edən və  əksəriyyətinin əsli, bəzilərinin isə surəti əlimizə gəlib çatan Naxçıvanla bağlı arxeoqrafik sənədlərin məzmunu Naxçıvan şəhəri və ona yaxın olan ətraf kəndlərə, müəyyən hissəsi Ordubad, az qismi isə Şərur və Şahbuz rayonlarına aiddir. Onlar müxtəlif qəbalə (alqı-satqı sənədi), hibənamə (bağışlama sənədi), şəhadətnamə, vəsiyyətnamə, borc öhdəlikləri və qəbzlər, hökm və göstərişlər, əmr və sərəncamlar və digər sənədlərdən ibarətdir.
    Bəhs olunan sənədlərin ən qədimi 1685-ci  ilə aiddir və vərəsəlik haqqındadır. Sənəd mərhum Məhəmmədəli bəy Qaplan bəy oğlu Kəngərlinin mirasının oğlu Nəzərəli, qızı Səltənət xanım, arvadı Şahcövzi bəyin qızı arasında bölünməsi ilə əlaqədar tərtib olunmuşdur. 
    Sonrakı dövrlərə aid olan sənədlər XIII əsrin müxtəlif illərini, XIX əsrin, demək olar ki, bütün, XX əsrin isə ilk onilliyini əhatə edir.
    XVII-XIX əsrlərə aid vərəsəlik, qəbalə və hibənamələrdə miras payı, alqı-satqı və bağışlama obyekti kimi daha çox Kəngərlilərə  məxsus  torpaqların adı çəkilir. Bu sənədlərin diqqətlə öyrənilməsi Kəngərlilərin nəsil şəcərəsinin müəyyənləşdirilməsi və əldə olan şəcərələrin dəqiqləşdirilməsi üçün faydalı ola bilər. Ümumiyyətlə, Naxçıvana aid arxeoqrafik sənədlərin xüsusi tədqiqat obyekti kimi araşdırılmasının mühüm elmi əhəmiyyəti vardır. Çünki həmin sənədlərdə istər tarixi-iqtisadi, sosial-siyasi, hüquqi, istərsə də etnoqrafik və linqvistik xarakterli bir çox məsələlər öz əksini tapmışdır. Vaxtilə Naxçıvanda mövcud olmuş torpaq mülkiyyət formaları, mülki torpaq sahibliyi, torpaqların satılma şərtləri, yerli əhalinin ev, malikanə, bağ, dəyirman, dükan, otlaq, qışlaq və yaylaq sahibliyinə, ailə-nikah  münasibətləri və vətəndaşların sosial vəziyyətinə aid məlumatların, Hacı Vilayətullah, Mirzə Budaq, Gənci Cəmşid, Hacı Sudi Cəmşidlinski, Qəniverdi, Əmir Hasil, Baba Dərviş, Rəmzəli bəy, Elmşah bəy, Dostxanım, Dinar bəy, Şükrullah, Ağaqardaş   kimi insan adları, soyadlarının, Kedir yurdu, Mömin xan yeri, Hüseynqulu xan yeri, “Kekali”, “Tuşmal”, “Allahqulu” adlı torpaq sahələri, Qullar Kəngərli oymağı, Əlixan oymağı, Kələntər bağı, Yusif bağı, Edilağa gölü, kənd adlarından Kürdəmir, Qoçubəy, Axtalı, Orucqulu, Hacıabad, Qarameşin  kimi toponimlərin və Naxçıvanda dövriyyədə olan manat, rubl, tümən, dinar, şahı, əşrəfi, kimi pul vahidlərinin adı keçən həmin arxeoqrafik sənədləri Naxçıvanşünaslıq üçün qiymətli tarixi məxəzlər hesab etmək olar. 
  Naxçıvanda yazılan və tərtib edilən   nikah və təlaq şəhadətnamələri, cehiziyyələr də maraqlı tarixi sənədlər kimi tədqiq olunmağa layiqdir. 
  Yüz və daha çox illər əvvəl yazılan nikah şəhadətnamələrinin quruluşu və məzmunu müasir dövrdə axundların yazdığı kəbin kağızlarından, demək olar ki, fərqlənmir.
      Təlaq şəhadətnaməsinin də özünəməxsus quruluşu olmuşdur. Bu sənəddə əvvəlcə təlaq verənin və təlaq verilənin adı və yaşı, sonra təlaq zamanı şahid tutulan şəxsin adı, təlaqın növü, tarixi, təlaq məclisinin şahidləri, təlaqı icra edənin adı, soyadı və imzası əks olunmalıdır. Fondda qorunan təlaq şəhadətnamələri  bu tələblərə əməl edilməklə tərtib olunmuşdur.
    Fonda yeni daxil olan maraqlı sənədlərdən biri də cehiziyyələrdir. Sayı çox olmayan bu sənədlərin hamısı XIX əsrin ikinci yarısında tərtib edilmişdir. Onları nəzərdən keçirərkən aydın olur ki, ərə gedən qızlara öz ailələri tərəfindən verilən cehizlər, demək olar ki, eynidir. Həmin əşyaları belə qruplaşdırmaq olar: “Qurani-Kərim”, böyük canamaz, kiçik canamaz, atlaz çarşab, ağ çarşab və müxtəlif məişət əşyaları.
    Maraqlıdır ki, cehiziyyələrin çoxunda cehiz verilən əşyaların  sayı və qiyməti də göstərilmişdir. Cehiz verilən bu əşyalarla tanışlıq iki əsrdən də çox bundan əvvəl Naxçıvanda yaşayan əhalinin ailə-məişət şəraiti, milli ənənələrə uyğun yaşam tərzi və maddi vəziyyəti haqqında müəyyən təsəvvür əldə etməyə imkan verir. Həmin əşyaların bir çoxu forması təkmilləşmiş şəkildə bu gün də istifadə olunmaqdadır. 
    Əlyazmalar Fonduna yeni daxil olan Naxçıvana aid arxeoqrafik sənədlər üzərində aparılan elmi araşdırmalardan belə qənaətə gəlmək olar ki, bu sənədlər Naxçıvanşünaslıq üçün mühüm tarixi əhəmiyyətə malik olmaqla yanaşı, etnoqraflar, tarixçilər, dilçilər, hüquqşünaslar, iqtisadçılar və digər mütəxəssislər üçün ən etibarlı ilkin mənbələrdir.

Fərman Xəlilov 
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru,  
filologiya elmləri doktoru

Nəşr edilib : 25.01.2023 21:12