AZ EN RU

Elşən mənim dərd ortağım idi

Elşən Yavər oğlu Orucov

11.08.1985-22.10.2020

Oğlumun xatirələri çoxdur. Biz kənddə yaşamışıq. Elşən də kənddə böyüyüb. Bilirsiniz ki, kənddə böyüyən insanlar daha zəhmətkeş olurlar. Elşən də belə oğlan idi. Düzdür, biz deyirik ki, övladlarımızı çətin şəraitdə böyütmüşük. Onlar da bizimlə bərabər çətinlik çəkiblər.

Elşən tam başqa oğul idi. Qayğıkeş, qədirbilən uşaq olub. O sanki mənim valideynim idi. Uşaqlar balaca olanda ataları bəzi səbəbdən yanımızda olmadı. Həmin vaxt Elşən mənə ata, ana, bacı, qardaş, sirdaş, hər şey oldu. Evin bütün qayğılarını Elşən çəkdi. Həmin vaxtlar Naxçıvanda şərait çətin idi. Elşən balaca olmağına baxmayaraq, çöldən odun yığıb gətirir, qışda soyuqdan əziyyət çəkməyimizə imkan vermirdi.
Bir hadisə heç yadımdan çıxmır. Elşənin atası yanımızda deyildi. Oğlumun beş yaşı var idi. Bir gün mişarla odun doğrayırdım. Tək idim. Bilirsiniz ki, mişarı iki nəfərlə çəkirlər. Elşən gördü ki, mən mişardan tək yapışmışam odunu kəsmək istəyirəm. Tez qabağa gəldi. Mişardan yapışıb odunu kəsməyə başladı. Uşağın gücü çatmadığı halda mənə belə kömək edirdi. Balacalığından belə qayğıkeş idi. Məni bir çətin vəziyyətdə görəndə özünü rəsmən oda atırdı. Çalışırdı ki, çətin işləri özü görsün.
Çox çətin vəziyyətdə yaşayırdıq. Birdən buna görə ağlayırdım. Baxırdım ki, məni qucaqlayıb o da mənimlə bərabər ağlayır. Sanki mənim dərd ortağım idi. Onda sakitləşirdim ki, uşaq ağlamasın. 
Atası qaynaqçı idi. Hələ 2 ya 3-cü sinifdə oxuyardı. Bir dəfə həmin qaynaqdan istifadə edərək elə soba düzəltmişdi ki, az odunla ev yaxşı isinirdi. Əlindən hər şey gəlirdi. 
Hərbiyə də özü getdi, çox meyili var idi. Çox yaxşı oxuyurdu. Elşən şəhid olanda mayor idi. Sonuncu danışığı oktyabrın 6-da oldu. Ayın 22-də isə şəhid oldu. Mənim oğlum da digər şəhidlərimiz kimi qəhrəman idi. Vətən sağ olsun!

Nəşr edilib : 17.06.2024 15:28